Kinematoqraf və
dünya bazarı bir nömrəli problemdir
İyunun 2-də
"Abşeron" mehmanxanasında
"Şərq-Qərb" X Beynəlxalq kinofestivalı
çərçivəsində "Milli kinematoqrafiyalar
və kinoprokat: problemlər və perspektivlər" mövzusunda
"dəyirmi masa" keçirilmişdir.
"Dəyirmi
masa"nı festivalın prezidenti Rüstəm
İbrahimbəyov açmışdır. Onun fikrincə,
çəkilən çoxsaylı filmlərdən bir
qisminin, bəzən orta səviyyəli filmlərin dünya
bazarına çıxması və gəlir gətirməsi,
digərlərinin isə kölgədə qalması
sualına birmənalı cavab tapmaq çətindir.
Bütün cavab variantları məqbul olsa da, hələ bir
nəticəyə gəlinməmişdir.
Polşa rejissoru
Kşiştof Zanussi bildirmişdir ki, son vaxtlar insanların
kinematoqraf üçün boş vaxtı qalmır. O
demişdir: "Əgər insan mənim filmimə baxıbsa,
başqa filmə baxmağa nə vaxtı, nə də
qüvvəsi qalmır. Etiraf etməliyik ki, bu, bir
nömrəli problemdir. İkinci problem də elə birincidən
doğur: tamaşaçı yalnız büdcəsi çox
olan filmlərə baxmağa üstünlük verir,
çünki qəpik-quruşa çəkilən filmə
baxmağa vaxt itirmək istəmir. Təəssüf ki,
bütün dünyada belədir".
Onun sözlərinə
görə, filmin dünya bazarına çıxarılması
problemi hamının problemidir. Yüz filmdən yalnız
bəzilərinin taleyi uğurlu olur və bu problem
bütün Avropaya aiddir. Sivilizasiyalar bir-birini əvəz
etsə də, bu, dünya kinematoqrafında yaranmış
vəziyyətə təsir etməyəcəkdir.
Diskussiyada kinorejissorlar
Pavel Çuxray, Ernest Abdıjaparov və başqaları
iştirak etmişlər.
Respublika.- 2008.- 3 iyun.- S. 3.