Mükərrəmoğlu M.

 

Qaliblər müəyyənləşdi

 

Xəbər verdiyimiz kimi, ötən həftə Bakıda X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı keçirildi. Bu ənənəvi kinofestival milli kinomuza marağın artdığını bir daha təsdiq etdi, yüksək səviyyəli görüşlər keçirildi, müxtəlif ölkələrin filmlərinə baxışlar oldu. Azərbaycan kinosunu festivalda "Hökmdarın taleyi" filmi təmsil edirdi.

"Azərbaycan" kinoteatrında keçirilən bağlanış mərasimində çıxış edənlər festivalın mühüm əhəmiyyətindən söz açdılar. Xalq yazıçısı, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov festival barədə demişdir: "Şərq-Qərb" kinofestivalının on illik fəaliyyətini qiymətləndirərək böyük sevinc hissi ilə demək olar ki, festivalın proqramı ildən-ilə sərhədlərin kino sənəti üzərində hakim olmadığını, sivilizasiyaların dialoqunun isə, insanların həyatlarını davam etdirməsi üçün şərt olduğunu təsdiq edir".

Bəli, festival artıq arxada qaldı. O, yeni qalibləri müəyyənləşdirdi.

Azərbaycan kinematoqrafçıları bu festivalda əliboş qalmadı. Xalq artisti Fəxrəddin Manafov "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz" mükafatına "Hökmdarın taleyi" filmindəki roluna görə layiq görüldü.

"Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz" üçün mükafatı isə "İşıqlı sərinlik" qırğız filmindəki roluna görə Asem Toktobekova aldı. Məlumat üçün bildirək ki, film Asem adlı kəndli qızı ilə Murad adlı oğlanın sevgi macəralarından danışır.

"Bəşəriyyətə ən humanist göndəriş" nominasiyasından mükafat "Əbədi uşaqlar" filminə verildi. Mükafat İran rejissoru Piran Dirəşxəndə təqdim olundu. Bu filmin çox maraqlı süjeti var. Baş qəhrəman Səid, Nigar adlı qızı sevir, onunla ailə qurmaq istəyir. Lakin məlum olur ki, Səidin xəstə qardaşı var ona qulluq etməlidir. Nigar çətin seçim qarşısında qalır. Ailə həyatını üçüncü şəxslə bölüşmək, yoxsa...

Baş rollarda Şəhab Hüseyni, Elham Həmidi, Hadi Narzban çəkilmişlər.

Polşa rejissoru Kristof Zanussi festivalın "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" mükafatına layiq görüldü. O, Avropa Kinematoqrafçılar Federasiyasının prezidentidir. Professordur, Rusiya, Rumıniya, Bolqarıstan kino məktəblərində Katolik Universitetində dərs deyir. Son illər onun prodüseri olduğu filmlər dünyada geniş şöhrət qazanmışdır. Bir sıra mükafatlar almış, filmlərinin "Şərq-Qərb" kinofestivalında retrosprektivi keçirilmişdir.

Polşa kinorejissoru Ansey Yakmovskinin "Trük" filmi Beynəlxalq gənc münsiflər heyətinin diplomunu almışdır.

Bundan başqa Rusiya kinosunu təmsil edən "Aleksandr. Nevski döyüşü" filminin rejissoru İqor Kalyonov ən yaxşı debüt üçün mükafata layiq görülmüşdür.

 

Xalq qəzeti.- 2008,- 10 iyun.- S. 4.