Şərq-Qərb kinofestivalı ikinci onilliyə qədəm qoyur

 

"Şərq-Qərb" X Beynəlxalq Bakı kinofestivalının "Ən cəsur obraza görə" nominasiyasında mükafatı "Hökmdarın taleyi" filmindəki İbrahim xan roluna görə xalq artisti Fəxrəddin Manafova təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, kinofestival iyunun 7-də Rusiya kinorejissoru İqor Kalenovun "Aleksandr. Neva döyüşü" filminin nümayişi ilə başa çatmışdır.

Bir həftə ərzində 8 ölkədən olan iştirakçılar 16 film təqdim etmişlər, ustad dərsləri, "dəyirmi masa"lar, gənc rejissorlarla görüşlər keçirilmişdir. Polşa rejissoru, professor Kşiştof Zanussi retrospektiv planda 3 filmini nümayiş etdirmiş, xüsusi nümayişdə gənc Azərbaycan kinorejissoru Lalə Axundovanın filmi təqdim olunmuşdur.
Münsiflər heyətinin qərarı ilə "Dünya kinematoqrafına töhfəyə görə" nominasiyasında mükafat polyak rejissoru Kşiştof Zanussiyə təqdim olunması üçün Polşaya göndərilmişdir. "Ən zərif obraza görə" nominasiyasında mükafata "İşıqlı sərinlik" filmində baş rolun ifaçısı, qırğız aktrisası Asem Toktobekova, "Dünyaya ən humanist müraciət" nominasiyasında isə "Əbədi uşaqlar" İran filminin ssenariçisi rejissoru Puran Deraxşande layiq görülmüşlər.

X kinofestivalda yeni "Ən parlaq debüt" nominasiyası, habelə Beynəlxalq gənc münsiflər heyətinin diplomu təsis edilmişdi. "Ən parlaq debüt" nominasiyasının qalibi "Aleksandr. Neva döyüşü" tarixi filminə görə Rusiya rejissoru İqor Kalenov olmuşdur. Gənc münsiflər heyətinin diplomunu "Tryuk" filminə görə polyak kinorejissoru Ancey Yakimovski almışdır.

İkinci onilliyə qədəm qoyan Beynəlxalq Bakı kinofestivalı başa çatmışdır. Növbəti, XI festival gələn il keçiriləcəkdir.

 

Azərbaycan.- 2008.- 10 iyun.- S. 8.