Akif İslamzadə 21 illik fasilədən sonra sənətə qayıdır

 

Xalq artisti Akif İslamzadə 21 illik fasilədən sonra yenidən sənət meydanına atılır. Müğənninin vaxtilə ifasında lentə yazılan mahnılardan biri maraqlı ekran görüntüləri ilə tamaşaçıların yaddaşını təzələyəcək. Müğənninin qəzetimizə verdiyi məlumata görə, klip çəkdirmək ideyası klipin rejissorluğunu üzərinə götürən Emin Mirabdullayevə, eyni zamanda mahnını yenidən aranjiman edən Cəmil Əmirova məxsusdur. Akif müəllimin sözlərinə görə, klip sözləri Nizami Gəncəviyə, musiqisi Üzeyir Hacıbəyova məxsus olan "Sevgili canan" romansına çəkiləcək. Hazırda ssenarisi yazılan klipin çəkilişlərinin tarixi dəqiqləşdirilməyib. 21 ildən sonra müğənni kimi kamera qarşısına çıxmağa hazırlaşan Akif İslamzadə bəzi tərəddüdlər edir: "Məlumdur ki, klip çəkilişlərində müğənninin canlı ifasına ehtiyac duyulmur. Fonoqramın sədaları altında ağzını hərəkətə gətirirsən. Buna baxmayaraq, mən fonaqrama oxumaq fikrində deyiləm. Rejissora da təklif etmişəm ki, məni fonda yalnız aktyor oyunuma görə çəksin. Çünki səs imkanlarımın vəziyyəti hamıya məlumdur insanları yalançı oxumaqla aldatmaq istəmirəm. Yəqin ki, görüntülərdə mənimlə yanaşı, bir sıra aktyor oyununa da yer verilər".
   Söhbət zamanı Akif İslamzadənin vaxtilə ifa etdiyi 10-a yaxın məşhur mahnının yenilənərək toplu şəklində buraxılacağını da öyrəndik. Müğənninin bildirdiyinə görə, diskdəki mahnıları yalnız keçmiş "Qobustan" qrupu ilə birlikdə oxuduqlarını əhatə edəcək. Müğənninin xatırlatmasına görə, 1983-cü ildə yaradılan fəaliyyətinin ilk günlərindən Akif İslamzadə ilə bir sıra mahnılar lentə yazdıran qrupun fəaliyyəti qısa zamanı əhatə edib: "86- ilin əvəllərində mən səsimi itirdim o vaxtdan da qrup fəaliyyətini dondurdu. Xatırladım ki, "Qobustan"da Cəmil Əmirov, Səyavuş Kərimi kimi məşhur musiqiçilər çalışıblar. Onların müşayiəti ilə mən "Qara qaşın vəsməsi", "Sarı gəlin"in 2-ci versiyasını, "Qarpız kəsdim, yeyən yox", "Mən səni araram", türk mahnısı "Nədən saçların ağarmış, arkadaş", "Gül açdı" s. xalq bəstəkar mahnılarını lentə yazdırmışam. Fəlaiyyətimin əsas qolu, demək olar ki, "Qobustan" qrupu ilə bağlıdır. Lakin peşəkar musiqiçilərin təmsil olunduğu qrupun fəaliyyət dövrü qısa oldu. Qrup üzvlərinin əksəriyyəti xarici ölkələrə üz tutdular. Hazırda onlar Türkiyə, Meksika, Moskvada dərs deyirlər. Burada qalan üzvləri ilə əlaqələrim qırılmayıb. Onlarla görüşlərimin birində qərara gəldik ki, köhnə ifaları bir araya gətirib disk buraxaq. İndi hazırlıq prosesi gedir. Yaxın aylarda disk musiqisevərlərin ixtiyarına veriləcək".

 

Mövqe.- 2008.- 10-11 iyun.- S. 13.