Babayeva T.

 

Əyyub Quliyev: Avropanın bəzi ölkələrindən iş təklifi almışam

 

Hər bir peşənin özünəməxsusluğu var. Amma dirijorluq sənəti xüsusilə fərqlənir. Bu, yeganə sənətdir ki, burada musiqiçi "canlı alətlərlə"- orkestrlə işləyir. Üstəlik də, orkestrdə çalan hər bir musiqiçi özü ayrılıqda yaradıcı bir şəxsiyyətdir. Odur ki, bu sahədə vunderkindlərə çox nadir hallarda rast gəlmək olar. Çox zaman musiqiçilər bu nadir istedadı özlərində yetkin yaşlarında aşkar edirlər. Bəzən nüfuzlu orkestrin pultu arxasına keçmək üçün uzun müddət vaxt lazım gəlir. Bəzən isə buna çox tez - gənc yaşlarından nail olanlar tapılır.

Gənc musiqiçi Əyyub Quliyev kimi… İstedadı və çalışqanlığı nəticəsində o, qısa müddət ərzində özünü dirijorluq sahəsində perspektivli musiqiçi kimi göstərə bilib. Gənc olmasına baxmayaraq, dünyanın bir çox tanınmış səhnələrində - P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalı, Sankt-Peterburq Konservatoriyasının "Qlazunov zalı", Moskvanın "Rossiya" konsert zalı, Londonun "Ron Xobbard salonu" və "Kensington holl", Norveçin "Stavanger konzertholl", "Haakonshallen", Polşanın "Podlaziya Opera və Filarmoniyası", "Baltik Filarmoniyası"nda çıxış edən musiqiçi, bir sıra beynəlxalq musiqi müsabiqələrinin, festivallarının iştirakçısı olub. Polşada Vitold Lyütoslavski adına müsabiqənin birinci mükafatına layiq görülməsi isə istedadlı gənc üçün geniş imkanlar yaratdı və o, daha nüfuzlu festivallara dəvətlər aldı. Bu günlərdə Ə. Quliyev İspaniyada keçirilən "Kadakes" Beynəlxalq Musiqi Festivalından qayıdıb. Gənc musiqiçi səfər təəssüratlarını bizimlə də bölüşdü.

- İyunun 2-dən 7-dək İspaniyanın üç böyük - Barselona, San-Felio və Girona şəhərlərində beynəlxalq musiqi festivalı keçirildi. Festivalın əsas təşkilatçıları İspaniya Mədəniyyət Nazirliyi və bu ölkənin çox nüfuzlu "Kadakes" dövlət simfonik orkestri idi. Festivala bütün dünyadan 70-ə yaxın musiqiçi dəvət olunmuşdu. Onların arasında tanınmış musiqiçilər də vardı. Məsələn, Rusiyadan SSRİ xalq artisti, dövlət mükafatları laureatı Gennadi Rojdestvenski festivala gəlmişdi və o, bağlanış günü çıxış etdi. Həmçinin, festivalda beynəlxalq müsabiqələrin laureatı olan gənc dirijorlarla bərabər, Berlin Akademiyasının professoru Luts Köller, İngiltərədən Con Neşlinq və digər böyük dirjorlar da iştirak edirdilər. Azərbaycanı isə bu festivalda təmsil etmək mənə nəsib olmuşdu. Mənim "Kadakes" simfonik orkestri ilə Barselona və San-Felio şəhərlərində konsertlərim oldu. Həmin konsertlərdə həm müasir musiqi, yəni XX əsrdə müasir musiqinin əsasını qoymuş Arnold Şönberqin vokal silsiləsi, həm də dünya klassikasından Motsartın, Haydnın, Albenisin, Sergey Prokofyevin və digər bəstəkarların əsərlərindən ibarət geniş proqramla çıxış etdik. Konsertlər dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Kütləvi informasiya vasitələri də bu konsertləri işıqlandırdılar. Azərbaycan ilk dəfə bu festivalda iştirak etdiyi üçün Avropanın müxtəlif telekanallarından olan müxbirlər ölkəmiz haqqında ətraflı məlumat almaq istəyirdilər. Mən də Azərbaycanda gedən müsbət proseslər və zəngin mədəniyyətimiz barəsində onlara danışdım.

- "Kadakes" kimi nüfuzlu orkestr gənc dirijoru necə qarşıladı? Orkestrin üzvləriylə dil tapmaq çətin olmadı ki?

- Əlbəttə, asan başa gəlmədi. Çünki bu orkestr təcrübəli musiqiçilərdən ibarətdir və çox məşhur dirijorla çıxış edib. Ümumiyyətlə, Avropa orkestrləri gənc rejissorlara qarşı tələbkar olurlar. Mən elə ilk məşqlərdən bu tələbkarlığı hiss etdim. Proqramın da çox mürəkkəb olduğunu nəzərə alsaq, mənim necə həyəcan keçirdiyimi təsəvvür edə bilərsiniz. Orkestrdə məndən yaşca çox böyük insanlar əyləşmişdilər. Sevinirəm ki, bu musiqiçilərin etimadını qazana bildim və onlar mənim interpretasiyamı qəbul edə bildilər.

- Bu festivaldan bir neçə gün əvvəl isə Siz Sankt-Peterburqda, "qaliblərin paradı" kimi tanınan "Musiqi Olimpi"ndə çıxış etmisiz. Özü də festivalın açılış nömrəsi sizə həvalə olunmuşdu///...

- Sayca 13-cü olan bu festival "Musiqi Olimpi" Fondu tərəfindən təşkil olunur. Festivalın fəxri komitəsinə Klaudio Abbado, Zubin Meta, Plasido Dominqo, Monserrat Kabalye, Yo-Yo Ma, Valeri Gergiyev, Yuri Temirkanov kimi dahi musiqiçilər daxildir. "Musiqi Olimpi" festivalı dünyada analoqu olmayan bir layihədir. Belə ki, bura dünyanın nüfuzlu müsabiqələrində qalib olmuş musiqiçilər dəvət edilir. Keçən il bizim istedadlı vokalçımız Dinarə Əliyeva bu tədbirdə iştirak etmişdi. Adətən, bu festivalda çox az sayda dirijor çıxış edir. Bu il isə "Musiqi Olimpi"nə beynəlxalq müsabiqələrdə qalib gəlmiş dörd dirijor dəvət olunmuşdu. Onlardan biri də mən idim. Bu festivalda da indiyədək Azərbaycan dirijoru iştirak etməmişdi. Daha bir əlamətdar hal o oldu ki, festivalın açılışını mən etdim. Bundan əvvəlki illərdə festivalın açılış və bağlınış mərasimlərini ya Rusiya, ya da Avropadan gəlmiş əcnəbi dirijorlar həyata keçirirdilər. Amma bu dəfə şərəfli missiyanı bizə tapşırmışdılar. Mayın 25-də, festivalın açılışında mənim "Ermitaj" Teatrının Dövlət Sifmonik Orkestri ilə konsertim keçdi. İki saata yaxın böyük proqramla çıxış etdik. Mənimlə bərabər orada beş istedadlı gənc solist də çıxış edirdi. Bunlar Almaniya, Fransa, İsveçrə, Rusiya və İspaniyadan gəlmiş müxtəlif musiqi alətlərində ifa edən solistlər idi. Konsert anşlaqla keçdi. Festivalı ənənəvi olaraq görkəmli rus bəstəkarı Andrey Petrovun "Vivat, Olimp" üvertürası ilə başladıq. Həmin gecə müxtəlfi əsərlər ifa etdik. Məsələn, Sergey Prokofyevin violonçel və orkestr üçün simfoniya konserti, Bethovenin fortepiano üçün birinci konserti, fransız bəstəkarı Frank Marteninin balladası, alman bəstəkarı Lui Şporun klarnet konserti səsləndi. Çox qəliz əsərlər idi. Bir premyeramız da oldu. İspan bəstəkarı Migel Qalves-Taronçerin "Ölüm və ay" əsərinin premyerasını etdik. Bu bəstəkarın əsəri keçən il Brüsseldə Kraliça Yelizaveta Beynəlxalq müsabiqəsində birinci yerin sahibi olub. Həmin əsəri mənə göndərdilər və xahiş etdilər ki, Sankt-Peterburqda onun premyerasını keçirək. Çox mürəkkəb əsər idi. Heç inanmırdım ki, biz onu belə qısa müddətə hazırlaya bilərik. Tamaşaçıların reaksiyasından belə məlum oldu ki, uğurlu alınıb. Konsertdən sonra festivalın prezidenti İrina Nikitina həm mənim, həm Azərbaycan mədəniyyətinin, musiqiçilərinin ünvanına çox xoş sözlər dedi. Bizimlə əlaqələrin qurulmasına məmnun olduğunu və bu əlaqələrin gələcəkdə də inkişaf etdiriləcəyini vurğuladı.

- Bildiyimə görə, bir opera - Motsartın "Fiqaronun toyu" əsərinə də dirijorluq etmisiniz. Sizin üçün hansı əsərlərə dirijorluq etmək daha maraqlıdır- simfonik əsərlərə, yoxsa operaya?

- Elədir, Sankt-Peterburqda Dövlət Opera Teatrında Motsartın "Fiqaronun toyu" əsərinə dirijorluq etmişəm. Bu, üzərində işlədiyim ilk opera-tamaşa idi. İlk dəfə operaya dirijorluq edən musiqiçi tamam yeni problemlərlə qarşılaşır. Simfonik orkestrin məşqində yalnız orkestr ilə məşq edirik. Operada isə təkcə müğənnilərlə on-on beş məşq aparmaq lazımdır. Reissorla, xorla, orkestrlə, vokalistlərlə ayrı-ayrılıqda məşq gedir. Burada bir çox etaplardan keçmək lazım gəlir. Amma mənim operaya çox böyük marağım var. Çünki opera qədim və universal sənətidir. Musiqiçi vokalistlə işləyəndə vokal ifa tərzinə daha dərindən bələd olur və bu onun əllərinə də sirayət edir. Bəzi musiqiçilər çox mexaniki şəkildə dirijorluq edirlər. Amma vokalistlə işləyəndə dirijorun əlləri daha oxunaqlı olur, orkestri daha yaxşı hiss edir və ona yeni nəfəs gətirir. Bunlar çox vacib amillərdir. Mən gələcəkdə də opera-tamaşalara dirijorluq etmək fikrindəyəm.

- Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında təhsilinizi başa vurdunuz. Qarşıda nələr gözlənilir?

- Təhsilimi bitirəndən sonra Avropanın bəzi ölkələrindən iş təklifi almışam. Bu yaxınlarda Polşadan işləməyə dəvət almışam. Ora məni Dövlət Filormanik Orkestrində dəvətli dirijor kimi çalışmağa çağırıblar. Sankt-Peterburqdan, Belorusdan da iş təklifi almışam.

- Bəs, Azərbaycanda belə bir təklif almamısınız?

- Hələ ki, rəsmi şəkildə təklif almamışam. Əgər burada iş təklifi alaramsa, üstünlüyü öz ölkəmə verəcəyəm. İstəyirəm ki, son illər Rusiyada və digər ölkələrdə əldə etdiyim biliyi və təcrübəni bizim musiqiçilərimizlə, sənətkarlarımızla bölüşüm. Bu, ilk növbədə mənim üçün faydalı olar- bir az da püxtələşərəm. Eyni zamanda, qarşı tərəf üçün də xeyirli olar. Onlar da gənc dirijorun düşüncə tərzi ilə tanış olarlar. Hələ ki, başqa ölkələrdə işləmək istəmirəm. Mən Azərbaycan musiqisinə, mədəniyyətinə xidmət etmək istəyirəm. Avropada konsertlərlə çıxış etmək fikrim var, amma Azərbaycandan uzunmüddətlik ayrılmaq istəmirəm. Burada mənə iş təklifi edilsə, qalacağam.

- Yaxın vaxtlarda hansı konsertləriniz olacaq?

- Yay aylarında yəqin ki, Avropa ölkələrində konsertlər olmalıdır.
- Avqust ayında Avstriyaya dəvət almışam. Vyanada Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival Vyana Dövlət Universiteti tərəfindən təşkil olunur. Həmin konsertlərdə Çexiyanın məşhur kollektivi "Çex virtuozları" ilə çıxışım nəzərdə tutulub. Elə alınıb ki, konsertlərim daha çox xarici ölkələrdə baş tutur. Ümid edirəm ki, Azərbaycanda da tez-tez konsertlər vermək imkanım olacaq.

 

Xəzər.- 2008.- 14 iyun.- S. 18.