Mehdiyev A.
Azərbaycan-Rusiya tərəfdaşlığı
yüksələn xətlə inkişaf edir
Reallaşdırılması
nəzərdə tutulan layihələr geniş
perspektivlərdən xəbər verir
Sovet imperiyasının
dağılması nəticəsində yaranmış tarixi
şəraitdə yeni müstəqil dövlətlərin
qarşılıqlı münasibətləri, daha doğrusu,
onların Rusiya ilə əlaqələri mürəkkəb
mərhələdən keçmişdir. Bu, Azərbaycan-Rusiya münasibətlərinə
də aiddir. Təxminən iki əsr birgə yaşamış iki xalq milli dövlətçiliyini
bərpa etdikdən sonra ikitərəfli əlaqələrini tamamilə
yeni müstəvidə
qurmalı olmuşdur.
Bu proses heç də həmişə rəvan getməmiş, ziddiyyətlərlə,
gərginliklə müşayiət
olunmuşdur.
Bu baxımdan Azərbaycan-Rusiya əlaqələrini şərti
olaraq iki mərhələyə bölmək
olar. Birinci mərhələ ötən
əsrin 90-cı illərini əhatə edir. Həmin dövrdə SSRİ-nin dünyanın siyasi xəritəsindən silinməsi
ilə beynəlxalq ab-hava tamamilə dəyişmişdi. Keçmiş Sovet İttifaqının müstəqil dövlətlərə
parçalanması ilə
barışa bilməyən
Rusiyanın siyasi dairələri bu məkanda yaranmış yeni dövlətlərə
qısqanc münasibət
bəsləyir, onların
azad inkişafını
qəbul etmək istəmirdilər. Yeni müstəqil
dövlətlərin dünya
birliyinə inteqrasiya etmək istiqamətində
səyləri, ayrı-ayrı ölkələrlə
ikitərəfli əlaqələr
qurmaq üçün
atdığı addımlar
rəsmi Moskva tərəfindən az qala xəyanət kimi qiymətləndirilirdi.
Belə bir münasibət Azərbaycandan
da yan keçmirdi.
Yeltsin Rusiyası Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzünü açıq-aşkar dəstəkləyir,
işğalçı tərəfi
müntəzəm olaraq
silahlandırır və
beləliklə, regionda
gərginliyin artmasına
rəvac verirdi. Digər tərəfdən, rəsmi
Moskva Azərbaycanı
Xəzərdə özünəməxsus
sektorda neft və qaz yataqlarını
xarici şirkətlərlə
birgə istismar etməsini qeyri-qanuni sayır və imzalanmış beynəlxalq
müqavilələri tanımırdı,
hərçənd həmin
müqavilələrdə Rusiya
biznesi də iştirak edirdi. Eləcə də Rusiya müxtəlif bəhanələrlə
(çeçen seperatçılarına
silah göndərilməsi
və s.) iki ölkə arasında sərhədi birtərəfli qaydada bağlayır və bununla qarşılıqlı
ticarət-iqtisadi əlaqələrin inkişafına
süni maneələr
yaradırdı. Üstəlik,
Rusiyada yaşayan Azərbaycan diasporu
yerli hakimiyyət orqanlarının ögey münasibəti ilə üzləşirdi.
Şübhəsiz, belə
bir şəraitdə
ikitərəfli əlaqələrin
inkişafından danışmaq
lazım gəlmirdi.
2000-ci ildə Rusiyada siyasi rəhbərliyin dəyişməsi və Vladimir Putinin hakimiyyətə gəlməsi
ilə vəziyyət köklü şəkildə dəyişdi.
Rusiya dövlətinin yeni başçısı əvvəlki
iqtidarın yeni müstəqil dövlətlərə
münasibətdə yeritdiyi
xəttin perspektivsizliyini
dərk edərək qarşılıqlı əlaqələrə
yenidən baxdı. Putin Rusiyası qonşuları ilə əməkdaşlıqda praqmatik
mövqedən çıxış
etməyə başladı.
O cümlədən
Azərbaycanla əlaqələrdə
keyfiyyət dəyişiklikləri
tezliklə özünü
göstərdi. İki
ölkənin münasibətlərində
həllini gözləyən
bir sıra problemlər tənzimləndi.
Belə ki, Rusiya Azərbaycanın
Xəzər dənizində
həyata keçirdiyi
layihələrin qanuniliyini
tanıdı, daha doğrusu, sututarın dibinin milli sektorlara
bölünməsi ideyasına
tərəfdar çıxdı
və iki ölkənin milli sektorlarının sərhədlərinin
müəyyənləşdirilməsi barədə saziş imzalandı. Bununla bərabər başqa bir problem - Qəbələ radiolokasiya stansiyasının
statusunun müəyyənləşdirilməsi
məsələsi yoluna
qoyuldu. Bağlanmış sazişə uyğun
olaraq Rusiya radiolokasiya stansiyasını
Azərbaycanın mülkiyyəti
kimi tanıdı və onu analitik-informasiya
mərkəzi kimi icarəyə götürdü.
İki ölkənin qarşılıqlı münasibətlərində
zaman-zaman meydana çıxan problemlər
operativ şəkildə
həll olunur.
Yeni mərhələdə
Azərbaycanla Rusiya arasında qarşılıqlı
əlaqələr sürətlə
inkişaf etməyə
başladı. İqtisadiyyat,
elm, təhsil, mədəniyyət, səhiyyə
və başqa sahələrdə ikitərəfli
əməkdaşlıq intensivləşdi.
Xüsusilə iki ölkənin mədəni
əlaqələri sürətli
inkişaf yoluna qədəm qoydu. Azərbaycanda və Rusiyada keçirilən çoxsaylı birgə mədəni tədbirlər,
mədəniyyət və
incəsənət xadimlərinin
qarşılıqlı səfərləri
buna dəlalət edir. Dövlət və hökumət rəhbərlərinin müntəzəm
görüşləri, aparılan
danışıqlar, əldə
edilən sazişlər
ikitərəfli əməkdaşlığın
sürətlənməsinə zəmin yaradır. Bu günlərdə Rusiya Dövlət Dumasının
sədri Boris Qrizlovun ölkəmizə
rəsmi səfəri
qarşılıqlı əlaqələrin
müasir vəziyyətinin
müzakirəsi və
yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından diqqəti
cəlb edir.
Rusiya Federal Məclisi aşağı palatasının
spikerinin Bakıda keçirdiyi görüşlərdə
ikitərəfli əlaqələrin
inkişafı istiqamətində
qazanılmış uğurlar
razılıqla qeyd edildi, əməkdaşlığı
sürətləndirmək üçün qarşılıqlı
maraq doğuran bir sıra təşəbbüslər
irəli sürüldü. Əldə
edilmiş nəticələr,
həqiqətən, təqdirəlayiqdir.
Belə ki, son illər Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr böyük
məsafə qət etmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2000-ci ildən bəri qarşılıqlı ticarət
dövriyyəsi təxminən
beş dəfə artaraq ötən ilin yekunlarına görə 1,5 milyard
ABŞ dolları təşkil
etmişdir. Lakin bu da tərəflərin
potensialını tam əks etdirmir. İki ölkə cari ildə qarşılıqlı əmtəə
dövriyyəsini 2 milyard
dollara, 2010-cu ildə isə 4 milyard dollara çatdırmaq niyyətindədir.
Digər tərəfdən,
Rusiya kapitalının
Azərbaycan iqtisadiyyatına
marağı artmaqdadır.
Hazırda ölkəmizdə
Rusiyanın 400-ə yaxın şirkət və müəssisəsi
fəaliyyət göstərir.
Onların 174-ü birgə
müəssisədir, 91-i xalis
Rusiya kapitalı ilə işləyir, qalanları isə filial və nümayəndəliklərdir. Bunların
arasında Azərbaycanda
çoxdan işləyən
"LUKoyl" və
"Nikoyl" kimi iri şirkətlər də var. Bu yaxınlarda
Rusiyanın daha bir şirkəti - "Baltika" Azərbaycan iqtisadiyyatına investisiya qoymağı qərara almışdır. Şirkət
artıq "Bakı-Kastel" pivəbişirmə
zavodunu satın almış, müəssisəni
inkişaf etdirmək,
onu yeni avadanlıqla təchiz etmək və istehsalı artırmaq üçün planlarını
açıqlamışdır.
Rusiya Dövlət Dumasının
sədri Boris Qrızlovun səfəri zamanı qarşılıqlı
iqtisadi-ticarət əməkdaşlığını genişləndirmək üçün
bir sıra təkliflər irəli sürüldü. Bunlardan
ən əhəmiyyətlisi
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması
ilə bağlıdır.
Xüsusilə nəqliyyat
dəhlizinin dəmiryol
hissəsinin tikintisi sahəsində işləri
sürətləndirmək zərurəti vurğulandı.
Rusiyanı İranla birləşdirəcək dəmiryol
xətti Azərbaycandan
keçəcək. Hazırda
layihəni reallaşdırmaq
üçün konsorsiumun
yaradılması üzərində
iş gedir. Dəmiryol layihəsinin gerçəkləşdirilməsi regional və beynəlxalq ticarəti fəallaşdırmaqla bərabər
iki ölkə arasında ticarət dövriyyəsini daha da artırmağa şərait yaradacaqdır.
Eləcə də Rusiya Volqa-Don kanalının ikinci qolunu inşa etmək niyyətindədir.
Bu layihənin həyata keçirilməsi
Azərbaycan gəmilərinin
dünya okeanına çıxışını asanlaşdırmalıdır.
Göründüyü kimi,
Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət tərəfdaşlığının
perspektivləri genişdir.
Nəzərdə tutulan
inkişaf layihələrinin
reallaşdırılması hər iki ölkənin
mənafeyinə xidmət
edəcək.
Azərbaycan.- 2008.- 7
iyun.- S. 2.