Erməni saxtakarlığı musiqi alətlərindən də
yan keçməyib
Londonda
fəaliyyət göstərən "ARC Music" şirkəti
Azərbaycan musiqisi ilə yaxından maraqlanır. Ötən il Londonda musiqili
proqramı ilə çıxış edən "Muğam müsabiqəsi-2006"nın finalçılarından
biri olan Qoçaq Əsgərovun yaradıcılığına maraq da
bundan xəbər verir. Onun yaradıcılığı ilə yaxından
tanış olan "ARC Music" şirkəti həmyerlilərimizlə əməkdaşlıq edib. Qoçaq Əsgərovun sözlərinə
görə, sözügedən şirkətin fəaliyyət çevrəsi genişdir.
Hələ Azərbaycan musiqisi ilə tanışlıqdan öncə 100-ə yaxın ölkənin folklor
inciləri şirkət
rəsmilərinin layihələrində əks
olunub. Hətta, balaban və
bir neçə
milli musiqi alətimiz
şirkətin buraxdığı kataloqda ermənilərin musiqi
aləti kimi qeyd olunub.
Azərbaycan folkloru ilə tanışlıqdan sonra
isə "ARC Music"
alətlər barədə
dolğun və doğru informasiyaya yiyələnib. Şirkət
Azərbaycanda ilk dəfə
14 il öncə xanəndə Zülfiyyə Məmmədova ilə
əməkdaşlıq edib. Bu əməkdaşlıq nəticəsində "The music of the Azerbaijan" adlı toplu
meydana çıxıb. Burada tar, kamança, kanon, nağara, qarmonun solo və birgə ifasına yer ayrılıb və barələrində geniş
informasiya verilib.
Əməkdaşlığı Qoçaq Əsgərovla
təzələyən şirkət
nümayəndələrinin təşəbbüsü ilə
bu günlərdə
"Music from Azerbaijan" albomu buraxılıb.
"Sarı gəlin"
ansamblının müşayiəti
və Qoçaq Əsgərovun ifasında
topluya "Mirzəhüseyn"
segahı, "Qaragilə",
"Heydərbaba" xalq
mahnıları, "Şüştər"
təsnifi, eyni zamanda zərb muğamı "Simayi-Şəms"
daxil edilib. Diskə kitabça şəklində
əlavə olunan yazılar isə Azərbaycanın ərazi
bütövlüyü, onun
keçmişi və
bu günü haqqındadır. "Sarı gəlin"i layihə şəklində
dünyaya çatdırmaq
iddiasında olan Qoçaq Əsgərov
bildirdi ki, xalq mahnısı barəsində geniş
informasiyaya malik olan "ARC Music"çilər
tarixə istinad edərək mahnı barədə yazı dərc edib və topluya daxil ediblər. Eyni zamanda diskdə yer alan musiqi
nömrələri barəsində
də nəşrdə
məlumatlar yazılıb.
Layihədə maraqlı məqamlardan
biri də ondan ibarətdir ki, diskin digər
üzündə Azərbaycanın
xəritəsi əks
olunub. Xatırladaq ki, haqqında
danışdığımız disk Avstraliyanın səsyazma
studiyalarının birində
buraxılıb.
Üç nöqtə.-
2008.- 6 iyun.- S. 13.