Hacıyev T.

 

Səsində Şuşanın, Cəbrayılın havasını duyuruq

 

Yaddaşlarda yaşayan müğənni xoşbəxtdir. Bu, xalq nəğməkarı olmaq deməkdir. Həm o deməkdir ki, müğənni xalqın yaradıb min illər boyu yaşatdığı musiqi sərvətini ürəyə yatan şəkildə səsləndirir. Xalq həmin müğənninin ifasında ürək döyüntülərini eşidir, onun nəfəsində yaşadığı sevinci kədəri duyur. Azərbaycanın əməkdar artisti, Mədəniyyət İncəsənət Universitetinin dosenti Yaqut Abdullayeva belə ifaçılardandır. Yaqut xanımın nəfəs möhürü üstündə olan xeyli xalq mahnıları var. Bu mahnıları heç kəsin oxumadığı qədər gözəl ifa edir. Bəli, bu gün musiqi ifaçılığında "Yaqutun nəfəsi", "Yaqutun mahnısıdır" ifadələri dolaşır. Bu sözləri usta sənətkarlar haqqında deyərlər. Yaqut Abdullayeva dinləyicilərin bu sözünü şirin, ürəyə yatan ifası, orijinal oxu manerası, məlahətli səsi ilə qazanmışdır. "Sarı bülbül", "Qarabağın maralı", "Üzündə qaradır xalın", "Hər yetən gözələ gözəl demərəm", "Yaz gəldi" kimi xalq mahnıları elə bil onun səsinə biçilib.
Yaqutun nəfəsində iki səs var, bu səslər bir-birini müşayiət edir, sonra ikisi birləşir, ritmi axarına yönəldir. Ona görə onun səsi dolğundur, doludur, əzəmətlidir. Yaqutun səsində Cəbrayıl çinarının vüqarı, Sirik meşələrinin yaşıllığı, Araz boyu uzanan sonsuzluq əks olunur. "Qaragilə"nin Rübabə Muradovadan sonra ən gözəl ifaçısı Yaqut Abdullayevadır. Bu mahnıda bir həzinlik, kədər, nisgil var. Bir vaxt Rübabə xanımın yanıqlı səsində biz Təbrizsizlik nisgilini duyurduq, o kədəri bütün dərinliyi ilə yaşayırdıq. İndi Yaqut xanımm səsindəki Cəbrayılsızlıq dərdi həmin kədəri bizə təkrar yaşatdırır. Yaqut xanımm "Qaragilə"sini dinlədikcə mən, bir tərəfdən, Təbrizi, böyük Şəhriyarı xatirimə gətirirəm, bir tərəfdən sovet dövründə Araz boyu uzanıb bizi cənubdan ayıran tikanlı məftillər, Xudafərin yadıma düşür. Axı Cəbrayıldan Təbrizə gedən yol Xudafərindən, Diridağdan Aşıq Qurbaninin məzarına baxa-baxa keçir. Yaqut xanımm səsi yaşanmış ömrümüzü yadımıza salır, bizə gəncliyimizi bir yaşadır, eynən qoca Şəhriyar "Heydərbabaya salam"da öz uşaqlığını yaşayan kimi. Yaqut xanımı dindirdikcə mən ulu Şəhriyarın arzusunu arzulayıram:

Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: "Çoban, qaytar quzunu...
...Mən qayıdıb bir uşaq olaydım,
Bir gül açıb ondan sora solaydım.

Yaqut xanım oxuyur, onu dinlədikcə mən bu 72 yaşımda qoca Şəhriyar kimi düşünürəm: "Allah, xoş, qəmsiz-qəmsiz yaşardıq". Qəribədir, Yaqut xanım bilirdi biz bu yurdsuzluq, ocaqsızlıq həyatını yaşayacağıq, ata-babalarımızın, bacı-qardaşlarımızın, balalarımızın qəbirlərinə həsrət qalacağıq ki, siftədən səsini həzinlik üstündə kökləmiş, məlahətlə kədəri yoğurub nəfəsinə hopdurmuşdu? Görünür, bu səs vergisini ona bəxş edən Tanrımız yaşayacağımız bu taleyi nəzərə alıb, onun qulağına isə pıçıldayıbmış.
Bu həzinlik Yaqut xanımın "Qaragilə"sində , "Qarabağın maralı"nda da, "Üzündə qaradır xalın"da da (həmi
şə bunu dinlədikcə qara xallı itkinimi yadıma salıram), hətta şən əhvallı "Yaz gəldi"sində duyulur. Ancaq bu həzinlik ümidsizlik yaratmır, ruh düşkünlüyünə gətirmir, bizi keçmiş günlərimizi qaytarmağa səsləyir, vətəndaşlığa çağırır, torpağımızı düşmən tapdağından qurtarmağa haraylayır. Onun səsindəki Leyli həzinliyi, Leyli bəmi , Ərəbzəngi harayı, Ərəbzəngi zili zəngin musiqi folklorumuzu bizə məharətlə aşılayır. Musiqi folklorundan söz düşmüşkən, Yaqut xanımın ifasında "Nar ağacı, nar çiçəyi" aşıq mahnısını xüsusi qeyd etmək lazım gəlir. Bu ifa Yaqut xanımın səs diapazonu haqqında çox şey deyir.
Yaqut xanımın ustalığı "Şahnaz", "Qatar", "Qarabağ şikəstəsi", "Mirzə Hüseyn segahı", "Bayatı-Qacar" muğamlarının ifasında da özünü göstərir. Bu müxtəlif köklü muğamların yayvari quruluşunda bəmlər zillər onun səsindəki intonasiya zənginliyini, avazının məlahətini bütün incəlikləri ilə göstərir. Muğamın mürəkkəb, enişli-yoxuşlu gedişlərində Yaqut xanım, necə deyərlər, özünü suda balıq kimi hiss edir, heç bir gərginlik duymadan bu gedişləri məharətlə gedir.
Bizim musiqi dünyamızda Yaqut xanımın xidməti yalnız öz fərdi ifaçılığı ilə bitmir. O, Mədəniyyət İncəsənət Universitetinin dosenti kimi gənc müğənnilər hazırlayır.
Yaqut xanıma Cəbrayılda böyük konsertlərini arzulayıram.

Azərbaycan.- 2008.- 24 iyun.- S. 6.