Xəlilzadə F.

Xalq musiqisinə bağlılıq

 

Hacı Xanməmmədov-90

 

Xalq artisti, professor, "Şöhrət" ordenli bəstəkar Hacı Xanməmmədov Azərbaycan musiqisinin inkişafında xüsusi xidmətləri olan görkəmli sənətkarlardan biridir. 60 ilə yaxın yaradıcılığı dövründə musiqi sənətinin bir çox janrlarında parlaq əsərlər yazan Hacı Xanməmmədov tar, eləcə də kamança ilə simfonik orkestr üçün "Konsert" bəstələyən bəstəkar kimi bu sahənin təməl daşını qoymuşdur. Respublikada ilk dəfə simfonik orkestrdə tar və kamançanın müşayiəti ilə musiqinin səsləndirilməsi Hacı Xanməmmədovun adı ilə bağlıdır. O, hələ gənclik illərindən şifahi xalq yaradıcılığını toplayaraq nota salmışdı. Bu mənada xalq mahnı və rəqslərinin nota yazılması, müxtəlif musiqi kollektivləri üçün işlənməsi də məhz Hacı Xanməmmədovun xidmətidir.
Bəstəkarın tar ilə simfonik orkestr üçün 5 konserti, 2 musiqili komediyası, Xalq Çalğı Alətləri Orkestri üçün "Simfoniyetta"sı, "Azərbaycan eskizləri", "Bayram", "Azərbaycan suitaları", bir-birindən təravətli mahnıları musiqi sənətimizi zənginləşdirmişdir. Yaradıcılığı boyu xalq düşüncə və təfəkkür xəzinəsindən bəhrələnən Hacı Xanməmmədovun əsərlərinin, demək olar ki, əksəriyyəti zamanın imtahanından şərəflə çıxdığı üçün xeyli hissəsi musiqimizin qızıl fonduna daxil olmuşdur. Bu, faktdır ki, Üzeyir Hacıbəyovdan sonra xalq musiqisinə bağlılıq onun müxtəlif janrlarında professional əsərlər yaradan, bəstələdiyi musiqilərin bədii gücünə, milli ənənələrinə sadiqliyinə görə yadda qalan, sevilən görkəmli bəstəkarlardan biri də məhz Hacı Xanməmmədovdur. Bütün bunlara da səbəb, təbii ki, onun Üzeyir Hacıbəyovla yaxınlığı, dahi bəstəkarın gənc həmkarına göstərdiyi diqqət və mənəvi təsiri idi.
O, 1918-ci il iyun ayının 15-də qədim Dərbənd şəhərində anadan olmuşdu. 1933-cü ildə Dərbənddə orta məktəbi bitirdikdən sonra Azərbaycana gələn gənc Hacı Dadaş oğlu Xanməmmədov Bakı orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. Xoşbəxt təsadüf onu dahi bəstəkar Üzeyir Hacıbəyovla görüşdürüb. Bu da onun musiqiçi kimi yetişməsində böyük əhəmiyyət daşımışdı. Üzeyir Hacıbəyov ömrünün sonuna kimi Hacı Xanməmmədova diqqət göstərərək onun kamil musiqiçi kimi yetişməsində böyük rol oynamış, çətin günlərinin dayağı olmuşdur.
Tədqiqatlardan bəlli olur ki, 1936-cı ildə Üzeyir Hacıbəyov "Koroğlu" operasını bitirdikdən sonra əsər Azərbaycan Dövlət Akademik və Balet Teatrında tamaşaya qoyulmuşdu. Üzeyir Hacıbəyovun təklifi ilə Hacı simfonik orkestrdə məhz tar partiyasının ifaçısı olmuşdur. 1938-ci ildə "Koroğlu"nun Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayişi zamanı yenə də Hacı öz tarı ilə orada iştirak etmişdi. İlk qastrolu 1941-ci ildə elə həmin teatrla İrana olmuşdu. Üzeyir Hacıbəyov 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisinin əsaslı şöbəsini açdıqdan sonra Hacını da ora dəvət edib. Musiqi folklorunu dərindən mənimsəyən Hacı Xanməmmədov ilk mahnılarında artıq xalq musiqisindən, muğam çalarlarından zövqlə yerli-yerində istifadə edirdi. Onun ilk sanballı əsəri tar və simfonik orkestr üçün yazılmış "Bir nömrəli konsert"idir. Bu əslində bəstəkarın sonrakı yaradıcılıq yolunun əsas istiqamətini müəyyənləşdirərək təsdiqlədi. İkinci Dünya müharibəsi illərində Hacı Xanməmmədov həm səngərdə döyüşənlərin, həm də arxa cəbhədə çalışanların qələbəyə inamını artırmaq üçün rəşadəti, hünəri vəsf edən əsərlər yazmışdı. Xüsusilə də "Yürüş marşı", "Qəhrəmani" kimi əsərləri hərbi vətənpərvərlik mövzusunda yazılmış ən gözəl, dəyərli musiqi parçalarıdır.
Artıq orta ixtisas təhsili ilə kifayətlənməyən Hacı Xanməmmədov az keçmir ki, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alır. Hacı Xanməmmədovun müəllimi əvvəlcə professor B.İ.Zeydman, sonra isə zəmanəsinin böyük bəstəkarı Qara Qarayev olmuşdu. Bir faktı da xatırladaq ki, Hacı həm ali məktəbdə oxuyurdu, həm də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərirdi. Onun bu teatrın səhnəsində musiqi yozumu verdiyi əsərlər həm Bakıda, həm də Moskvada sənətsevərlər tərəfindən rəğbətlə qarşılanırdı.
Bütün varlığı ilə xalq musiqisinə bağlı olan Hacı Xanməmmədov yaradıcılıq üfüqlərini genişləndirm
əkdə idi. Onun simfoniyettaları, simfoniyaları, suitaları əlvan və zərif ritmləri, zəngin melodiyaları ilə diqqəti çəkirdi. O, bir dirijor kimi orkestrdə heç vaxt səslənməyən qədim musiqi alətlərimizin yerini təyin etməklə ifaçılıq sənətinə yeni uğurlar gətirmişdi. Xalq çalğı alətləri üçün spesifik xüsusiyyətlərə malik bitkin əsərlərin yazılması, yeni janrların meydana çıxması məhz Hacı Xanməmmədova məxsus idi. Onun musiqiləri təkcə müəllifinə deyil, milli musiqimizin tarixinə də yeni şərəf gətirirdi. Xalq çalğı alətləri üçün bəstələdiyi "Azərbaycan suitası" meydana gələn gündən həm dinləyiciləri, həm də mütəxəssisləri heyran etdi. Şirin melodiya, gərgin dramatik süjet onun bəstələrinin canını təşkil edirdi. Bəstəkar hər bir əsərində, demək olar ki, muğam, aşıq sənəti, xalq mahnıları və musiqi folklorundan bacarıqla istifadə edirdi. Bu səbəbdən də onun musiqisindəki milli və şən melodiyalar ifaçıya ruh, dinləyiciyə zövq verirdi. İncə lirika, epik vüsət Hacı Xanməmmədov musiqisinin ən səciyyəvi xüsusiyyətləridir.
Hacı Xanməmmədov həm də qəlbə təsir edən, yarandığı gündən repertuardan düşməyən, "Qızıl fond"a daxil olan rəngarəng mahnıların, melodiyaların müəllifidir. Bəstəkarın mahnılarını korifey sənətkarlarımız ifa ediblər: Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Rübabə Muradova, Nəzakət Məmmədova və başqaları. Hacı Xanməmmədov mahnı janrının ustadı idi. Sözə xüsusi məsuliyyətlə yanaşırdı. Ruhunu tutan şairlər, klassik söz sahibləri var idi. O, iki şəxsin yaradıcılığından daha çox bəhrələnmişdi. Həmişə dostları deyərdi ki, Aşıq Ələsgərlə Mikayıl Müşfiq Hacının könül dostlarıdır. Aşıq Ələsgərin sözlərinə yazılan "Telli", "Güllü", "Qadan alım", "Ceyran", "Getmə, amandı", "Niyə döndü" mahnıları şən ovqata, milli koloritə bələnib. "Qarşıdan bir sona keçdi, məni saldı oda keçdi". Sözlərin məna dərinliyi musiqinin həzinliyilə məharətlə birləşərək könülləri riqqətə gətirir. İlk ifasından uzun illərin ötməsinə baxmayaraq, bu gün də eyni şövqlə, ilhamla oxunur və maraqla dinlənilir. Bəstəkarın Mikayıl Müşfiqin şeirlərindən seçdiyi "Yaşa, könül", "Yadıma düşdü", "Oxu, sevgilim", "Sənin gözlərin", "Qurban olduğum", "Neyçün gəlmədin", "Arzuya bax, sevgilim", "Gözünə qurban" və başqa nümunələrə verdiyi musiqi yozumu həzin olmaqla bərabər, təsirli və zərifdir. Hacı Xanməmmədov sözə zərgər dəqiqliyi ilə yanaşmağı sevərdi. Buna görə də onun nəğmələri təkcə musiqisinə deyil, həm də mətninə görə əbədiyaşarlıq tapıb. Səməd Vurğunun, Aşıq Alının, Həmid Abbasovun, İbrahim Göyçaylının sözlərinə yazdığı mahnılar bu janrın ən uğurlu bəhrələrinə çevrildi.
Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan Hacı Xanməmmədov lap gənclik illərindən xalq mahnılarını toplayaraq nota salmağa başlamışdır. 1946-cı ildən ömrünün sonuna kimi bu işi böyük fədakarlıqla həyata keçirmişdir. "Bəh, bəh", "Ay qadası", "Gəl, gəl", "Ay qız, heyranın ollam", "Yadıma sən düşəndə" adlı xalq mahnılarının musiqi kollektivləri üçün işlənməsi məhz Hacı Xanməmmədova məxsusdur. Onun nota saldığı mahnıların musiqisinə fikir verilsə, bəstəkarın zərif ruhunu duymaq olar. Xalq musiqisinə bağlılığı Hacı Xanməmmədov belə izah edərdi: "Mən tar çalan olmuşam. Bu səbəbdən də muğamlara çox bağlanmışam. Hətta konservatoriyada təhsil aldığım illərdə də əgər bir tərəfdən simfonik əsərləri öyrənirdimsə, ondan da çox Üzeyir Hacıbəyovdan bəhrələnirdim". Üzeyir Hacıbəyovdan öyrənmək, dərs almaq, həqiqətən, xoşbəxtlikdir. Kim bu səadəti yaşayıbsa, ömrü boyu dahi bəstəkarın müdrik tövsiyəsindən - xalq musiqisinə bağlılıqdan, onu sevməkdən, qorumaqdan, inkişaf etdirməkdən, təbliğatdan üz döndərə bilməyib. Üzeyir Hacıbəyovun xoşbəxtliyi də bunda idi ki, ondan dərs alanlar heç vaxt ona xəyanət etmədilər. Belə bəstəkarlar həmişə yazıb-yaradarkən mütləq xalq musiqisindən, muğamlarımızdan bəhrələnərək öz əsərlərində məharətlə istifadə ediliblər. Bu mənada Hacı Xanməmmədovun "Tar üçün konserti"nə diqqətlə qulaq assaq, duyarıq ki, soloda ancaq xalq mahnısının melodiyaları eşidilir. Hacı Xanməmmədov musiqi folklorundan bütün yaradıcılığı boyu bəhrələnərək ortaya böyük və əzəmətli əsərlər qoydu.
Hacı Xanməmmədov görkəmli bəstəkar, dirijor, eyni zamanda, bacarıqlı və qayğıkeş pedaqoq idi. Professional musiqi kadrlarının yetişməsində mühüm xidməti olub. O, 60 ilə qədər bir dövrdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində işləmişdir. 1957-ci ildən ömrünün sonuna kimi isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında çalışmışdır. O bu ali məktəbin professoru idi. Sevindirici haldır ki, unudulmaz bəstəkarın yetirmələri indi nəinki ölkəmizdə, vətənimizin hüdudlarından da kənarda çalışmaqdadır. Yaradıcılıqla bərabər, Hacı Xanməmmədov müxtəlif məsul vəzifələri də bacarıqla yerinə yetirərək ictimai xadim kimi məşhurlaşmışdı. 80 illik yubileyində ümummilli lider Heydər Əliyev tərəfindən "Şöhrət" ordeninə layiq görülən Hacı Xanməmmədov olduqca alicənab, təvazökar və sadə insan idi. Onun musiqimizin inkişafındakı xidmətləri danılmazdır. Klassik ənənələri qoruyaraq musiqini müasir yeniliklərlə zənginləşdirmək Hacı Xanməmmədovun bəstəkar kimi ən böyük uğurlarından biri idi. O, ömrünün sonuna kimi gənclik həvəsi ilə yazıb-yaratmışdı. Bəlkə də elə bu ilhamın coşqunluğundan doğan əsərlərin əbədi ömür tapması da onu yaradanın ürək genişliyindən, vətən sevgisindən, xalqa və onun musiqisinə bağlılığından asılı olması idi. Bütün yaradıcılıq sahələrində xalqa bağlılıq, onun adət-ənənələrini qorumaq, əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərini hifz etmək, yaşatmaq həmişə bu işə önəm verənə, cəfakeşlik və sədaqət göstərənə uğur və əbədi şöhrət gətirir. Nə xoş ki, bəstəkar Hacı Xanməmmədov öz zəngin yaradıcılığı ilə musiqi dünyamızın əbədi şöhrət tapmış unudulmaz sənətkarlarından biridir.

Azərbaycan.- 2008.- 29 iyun.- S. 7.