Qədirov M.
Xalq
artistinin yubileyi şərəfinə
Azərbaycanın
gözəl guşələrindən biri olan Ağdaş
şəhərində həmin gün xüsusi bir canlanma var
idi. Azərbaycan mədəniyyətinə neçə-neçə
görkəmli elm və incəsənət xadimi bəxş etmiş bu torpaq
Azərbaycan ifaçılıq
sənətinin əlçatmaz
zirvəsində parlayan
sənət ulduzu, məşhur kaman ustası, xalq artisti Habil Əliyevin
80 illik yubleyini qeyd edirdi. Minlərlə ağdaşlı, yaxın rayonlardan və xarici ölkələrdən gələn
yüzlərlə qonaq
günü-gündən
çiçəklənən və gözəlləşən
Heydər Əliyev parkına tələsirdi...
Ömrünün 60 ildən
çoxunu ifaçılıq
sənətinə həsr
etmiş, Azərbaycan mədəniyyətində və
incəsənətində misilsiz
xidmətləri olan, Vətənimizin ən ali mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuş xalq artisti Habil Əliyev
öz həmyerliləri
qarşısında böyük
qürur və fəxarət hissi duyurdu...
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
hörmətli Mehriban
xanım Əliyevanın
muğamlarımıza və
xalq musiqimizə verdiyi yüksək qiymətin, bu sahədə onun gördüyü böyük
işlərin, müdrik
əməllərin sayəsində,
Habil Əliyevin və bir çox
əsl xalq sənətkarlarının ürək çırpıntıları
ilə meydana atılaraq “keçmişə
güllə atma, gələcək səni top atəşinə tutar” müdrik kəlamın prinsiplərini
əsas tutaraq apardıqları mübarizənin
nəticəsində muğamlarımıza,
xalq mahnılarımıza
yeni həyat, yeni yüksəliş
verildi və əsl sənətkarlar qiymətləndirilməyə başladı.
Ağdaş şəhərində
keçirilən bu musiqi bayramı da Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın tövsiyyəsi
və xeyir-duası ilə təşkil olunmuşdu.
Mədəniyyət və
maarif işçiləri
ilə Habil müəllimin görüşü
Ağdaş şəhər
Humanitar kollecində keçirildi. Kollektivin bu şərafətli
görüşə böyük
məsuliyyət hissi ilə yanaşması, sənətkarın ifa etdiyi muğamların gənc ifaçılar tərəfindən səslənməsi,
onun özünün bəstələdiyi mahnıların
gənc müğənnilər
tərəfindən məharətlə ifa olunması
Habil müəllimi həm sevindirir, həm də kövrəldirdi...
Ağdaş rayon mədəniyyət
şöbəsinin müdiri
Tahir Əliyevin, pedaqoji kollektivin rəhbəri Tənzilə
Şıxıyevanın və
bir çox natiqlərin çıxışları
yubiley iştirakçıları
tərəfindən alqışlarla
qarşılandı. Habil
müəllim ona göstərilən bu səmimiyyətə, hörmət
və ehtirama görə bütün kollektivə, müəllim heyətinə
və şəxsən
Tənzilə xanıma
dərin minnətdarlığını
bildirdi.
Ağdaş Rayon İcra
Hakimiyyətinin başçısı
Rafiq Niftalıyevin rəhbərliyi ilə rayonun nümayəndələri,
ziyalıları və
ağsaqqalları ilə
keçirilən görüşdə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təbrik məktubu sürəkli alqışlarla qarşılandı.
Habil Əliyev yalnız Azərbaycanda yox, bütün dünyada ad qazanmış böyük
bir sənətkar kimi, Azərbaycanın fəxri kimi qiymətləndirdi. Ulu öndərimiz
Heydər Əliyevin sənətkarlarımiza, sənət
adamlarımıza göstərdiyi
böyük atalıq
qayğısından söz
açaraq ona rəhmət dilədi.
Öndərimizin Habil
Əliyevə “Şöhrət”
ordeni təqdim edərkən onun haqqında söylədiyi
fikirləri isə görüş iştirakçıları ayaq
üstə sürəkli
alqışlarla qarşıladılar.
Rafiq Niftalıyev ulu öndərimiz Heydər Əliyevin böyük əməllərinin davamçısı
olan Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə
göstərdiyi qayğıdan,
sənətkarlara verdiyi
yüksək qiymətdən
söz açaraq, prezidentimizin Habil Əliyevə təqdim etdiyi “İstiqlal” ordenini bu diqqət və qayğının ali bir təzahürü
kimi qiymətləndirdi.
Azərbaycan xalqının rifahı
və xoşbəxtliyi
naminə gördüyü
işlərdə ona böyük uğurlar arzuladı.
Habil Əliyev sənətinin və yaradıcılığının bilicisi, akademik Bəkir Nəbiyev çıxış edərək
sənətkarımızı Azərbaycan ifaçılıq
sənətinin patriarxı
adlandırdı.
Azərbaycanın xalq
şairi Fikrət Qoca Habil müəllimlə
dostluğundan söz açdı, Habil Əliyev sənətini Azərbaycan ifaçılıq
sənətinin əlçatmaz
bir zirvəsi kimi qiymətləndirdi, sənətkara həsr etdiyi şeiri oxuyaraq, Habil müəllimi cavanlıq illərinə qaytardı...
Fikrət müəllim
hörmətli Mehriban
xanım Əliyevanın
sənətə və
sənətkarlara göstərdiyi
qayğı və diqqətdən söz açaraq, ona bütün iştirakçılar
adından dərin minnətdarlığını bildirdi.
Yazıçı və dramaturq
Xeyrəddin Qoca Habil Əliyev sənətini yüksək
qiymətləndirərək Şərq ölkələri
alimlərinin və musiqiçilərinin sənətkarımız
haqqında yazdıqları,
söylədikləri fikirləri
xatırlatdı.
Görüşün sonunda
Habil müəllim çıxış edərək,
ona göstərilən qayğıya
və diqqətə görə rayon icra hakimiyyətinin başçısı Rafiq
müəllimə dərin
minnətdarlığını bildirdi.
Sonra isə bütün görüş iştirakçıları
adından Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevə müraciət
qəbul olundu.
İcra hakimiyyətinin
iclas zalındakı görüşdən sonra
yubiley iştirakçıları
Heydər Əliyevin abidə kompleksini ziyarət etdilər, abidənin üzərinə
qızıl güllər qoyaraq, ulu öndərimizin ruhu qarşısında baş əydilər.
Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın qərarı ilə Ağdaş şəhərində
respublikamızda analoqu
olmayan, ən müasir bir musiqi məktəbinin tikintisinin təməli qoyuldu və bu məktəbə görkəmli sənətkarımız
Habil Əliyevin adının verilməsi qərara alındı.
Rəsmi görüşlərdən
və mərasimlərdən
sonra Heydər Əliyev adına parkda incəsənət ustalarının böyük
konserti oldu. Xalq artisti Möhlət
Müslümovun rəhbərliyi
ilə təşkil olunmuş konsertdə xalq artisti Aygün
Bayramova və gənc muğam ifaçıları məlahətli,
gözəl ifaları
ilə iyirmi minə yaxın tamaşaçını heyran
etdilər.
Yubiley mərasimindən daha çox möhtəşəm
mədəniyyət və
incəsənət bayramını
xatırladan bu gözəl gündə Azərbaycanın kamanını
bütün dünyaya
tanıtdıran, Azərbaycan
kamanına dünya şöhrəti gətirən
böyük sənətkar
Habil Əliyev görüş iştirakçılarına
üz tutaraq dedi:
“Mən fəxr edirəm ki, azərbaycanlıyam. Fəxr
edirəm ki, Vətənimə, mədəniyyətimizə,
incəsənətimizə ləyaqətlə və şərəflə qulluq
etmişəm. Vətənimin
isə mənə verdiyi yüksək qiymətə görə Heydər Əliyev şəxsiyyətinin ruhu
qarşısında baş
əyirəm. Cənab
Prezidentimiz İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı
bildirirəm, onlara uzun ömür, can sağlığı arzulayıram. Azərbaycan
xalqı qədirbilən
xalqdır!”
Xalq qəzeti.- 2008.- 8 iyun.- S. 4.