Quliyeva A.

 

Moldova prezidenti ifamı çox bəyəndi

 

   İstedadlı gənc skripkaçı Səlim Abbasov musiqiçi ailəsində dünyaya göz açıb. Atası qarmon ustası olduğundan tez-tez onunla birgə konsert proqramlarına, el şənliklərinə qatılıb. Musiqiyə həvəs göstərdiyindən onu musiqi məktəbinin kamança sinfinə yazdırıblar: "Mən çox böyük həvəslə kamança sinfində oxuya-oxuya Azərbaycanda keçirilən müsabiqələrdə iştirak edir yüksək yerlər tuturdum. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum həmin vaxtdan etibarən dövlət tədbirlərinə dəvət almağa başladım. Bu müddət ərzində ustad tarzən Ramiz Quliyevlə, onun oğlu Əyyub Quliyevlə birlikdə konsertlərdə çıxış edirdim. Daha sonra Milli Konservatoriyanın kamança sinfinə qəbul oldum. Eyni vaxtda skripka dərsləri alırdım. Hər iki sahə üzrə təhsilimi əla qiymətlərlə başa vurduğum üçün indi Milli Konservatoriyada, Siyavuş Kəriminin rəhbərliyi altında müəllim kimi çalışıram".

   Xeyli gənc olmasına baxmayaraq, məşhur sənətkarımız, xalq artisti Zeynəb Xanlarovanın rəğbətini qazanmasını və onunla birlikdə çalışmasını S.Abbasov elə ilk tanışlıqdan görkəmli müğənninin diqqətini çəkməsilə izah edir: "Artıq neçə illərdir ki, qarmon ustası Aftandil İsrafilovla birlikdə çalışıram. Bir gün Aftandil müəllim məni özümə heç demədən Heydər Əliyev adına Saraya dəvət etdi. Orada məni böyük sənətkarımız Zeynəb Xanlarovayla tanış etdilər. Demə, Zeynəb Xanlarova mənim ifamı efirdən izləyib bəyənib. Buna görə mənim onunla birgə çalışmağımı istəyib. mənə elə gəlir ki, elə birinci görüşdən Zeynəb xanımın rəğbətini qazana bildim. Həmin vaxtdan Zeynəb xanımın ansamblında çalışıram, onunla birlikdə konsertlərdə çıxış edirəm. Keçən il Zeynəb Xanlarovanın İstanbulun "Bostançı" mərkəzində çox möhtəşəm konserti təşkil olundu. Mən həmin konsertdə Zeynəb xanımı müşayiət etdim. Zalda böyük bir coşqu vardı. Konsertdən sonra hər kəs yaxınlaşıb deyirdi ki, belə bir möhtəşəm proqramı uzun illər öncə Zeynəb Xanlarovanın konserti zamanı izləmişdik. Bundan başqa, bu yaxınlarda Gəncədə Röyanın solo konsertində, Bişkekdə Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədər tədbirlərdə çıxış etmişəm. Bir müddət əvvəl Moldova prezidenti Azərbaycanda səfərdə olarkən onun şərəfinə Muğam Teatrındakı ziyafətə dəvət almışdım. Ziyafət bitəndən sonra möhtərəm prezidentimiz İlham Əliyev Moldova rəhbərinin mənim ifamı bəyəndiyini qeyd etdi. Təbii ki, bu hadisə mənim üçün unudulmazdır. Çünki ölkə prezidentindən öz ifası haqqında yüksək fikirlər eşitmək hər sənətçiyə nəsib olmur. Növbəti xarici səfərim Ukraynayadır. Orada xüsusi bir proqramda çıxışım nəzərdə tutulub".

   Bu gün sənət aləmində sponsorsuz, yaxşı prodüsersiz populyarlıq qazanmağın çətinliyindən danışan ifaçı efirdə müntəzəm görünmək üçün kifayət qədər maliyyə vəsaiti tələb olunduğunu da vurğulayır: "Amma yaxşı ki, bu gün mənim kimi sənətçiləri təmənnasız efirə dəvət edən kanallarımız da var. Hazırda gələcək sənət fəaliyyətimlə bağlı müəyyən planlarım var. Elə bilirəm ki, onları həyata keçirsəm, sənət aləmində daha da irəliyə gedəcəyəm. "Natiq" ritm qrupu ilə birlikdə layihə, eyni zamanda, ifalarımdan ibarət albom üzərində çalışıram. Klip çəkdirmək niyyətim var".

 

525-ci qəzet.- 2008.- 5 iyun.- S.7.