Nərgiz Əliyarova: Azərbaycan bəstəkarlarının
notlarını isə
özlərinə saxladılar
Bakı Musiqi
Akademiyasının dosenti, sənətşünaslıq
namizədi, Azərbaycan Dövlət fortepiano triosunun solisti
Nərgiz Əliyarova bu fəxri adların siyahısını
bu yaxınlarda artırmış, beynəlxalq
müsabiqənin laureatı olmuşdur.
İtaliyanın Coya şəhərində
mayın 28-dən iyunun 1-dək keçirilən Petro Arcento adına 11-ci beynəlxalq müsabiqəyə
dünyanın hər
yerindən ifaçılar
toplanmışdı.
Nərgiz xanım deyir: "Əvvəllər
Sovet İttifaqında
Avropa müsabiqələrinə
düşmək çətin
idi. Əvvəlcə
ümumittifaq seçmə
mərhələsindən keçmək
lazım idi. Müttəfiq respublikaların
nümayəndələrinə bu, təsadüfi hallarda müyəssər olurdu. Ancaq indi,
müstəqil dövlətimizdə
hər kəs beynəlxalq arenada qüvvəsini sınaya bilər, internetin inkişafı isə informasiya qıtlığına
son qoymuşdur".
Nərgiz Əliyarova Bakı Musiqi Akademiyasının dosenti Kəmalə Neymənova ilə birlikdə fortepiano duetinin tərkibində İtaliyada
keçirilən beynəlxalq
müsabiqənin "Kamera
ansamblı" kateqoriyasında
iştirak etmişdir.
Düşünürəm ki, ifaçıların necə həyəcan keçirdiyini söyləməyə
ehtiyac yoxdur. Bu, onların belə mötəbər Avropa müsabiqəsində
ilk çıxışı
olsa da, musiqiçilərimiz 2-ci fəxri
mükafata - diplom və gümüş medala layiq görülmüşlər.
Azərbaycan musiqiçiləri İtaliya və Rusiya ifaçılarını
çox-çox geridə
qoyaraq yalnız Yunanıstan duetini (1-ci mükafat) bir bal irəli buraxdılar. 8 nəfərdən
ibarət münsiflər
heyətinin tərkibində
6 italiyalı, 1 rusiyalı
və 1 koreyalı var idi.
Nərgiz xanım
deyir: "Avropada qalib gəlmək elə də asan deyil. Avropa
dinləyicisi zərif
duyum qabiliyyəti, incə zövqü, tələbkarlığı ilə
fərqlənir. Mötəbər
münsiflər heyətini
razı salmaq da müşkül məsələdir. Virtuoz
ifa və gözəl məktəblə
fərqlənən italiyalıları
və rusiyalıları
geridə qoymağımız
isə bizim üçün ikiqat xoşdur. Biz Motsartın, Şopenin, Bramsın və Arif Məlikovun əsərlərini ifa etdik. Maraqlı məqam. Müsabiqədən
əvvəl ifaçılar
notları münsiflər
heyətinə təqdim
edirdilər, baxışdan
sonra isə həmin notlar ifaçılara qaytarılırdı.
Arif Məlikovun "Skertso"sundan başqa bütün notları bizə qaytardılar. Sonra öyrəndik ki, Azərbaycan musiqisi onların çox xoşuna gəlib və notları özlərinə saxlayıblar...".
Bir qədər əvvəl, mayın 18-də Nərgiz xanım Azərbaycanın
Fransadakı səfirliyinin
dəvəti ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Paris
Senatının binasında
keçirilən konsertdə
iştirak etmişdir.
Nərgiz xanım xatırlayır: "Salonda
çoxlu yüksək
vəzifəli fransız
və müxtəlif ölkələrin diplomatik
missiyalarının nümayəndələri
var idi. Yaman həyəcan keçirirdik. Konsertdə
mənimlə birlikdə
Bakı Musiqi Akademiyasının tələbələri
Cavad Tağızadə
və Lalə Mürşüdlü də
iştirak edirdilər.
Biz Azərbaycan musiqi mədəniyyətinin
korifeyləri Üzeyir
Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Vaqif Mustafazadə və başqalarının əsərlərini
dünyaya tanıtdırmaqdan
qürur duyurduq. Mən Avropa dinləyicisinə, əlbəttə,
daha yaxın olan Şopenin noktürn və valsını da ifa etdim".
İnstrumental musiqi konserti çox yüksək səviyyədə
keçdi. Konsertdən sonra təşkil
olunan rəsmi qəbulda maraqlı söhbətlər, Azərbaycan
musiqisi barədə fikir mübadiləsi aparıldı. Fransız dilini bilməsi Nərgiz xanımı dinləyicilərlə daha
da yaxınlaşdırdı.
Konsertdə olmuş fransız pianoçusu İzabel de Ku Azərbaycan bəstəkarlarının bəyəndiyi əsərlərinin notlarını öz repertuarına daxil etmək üçün götürdü.
Qeyd etmək lazımdır ki, Nərgiz Əliyarova Bülbül adına Orta İxtisas Məktəbini qızıl
medalla bitirmiş, sonra Azərbaycan Dövlət Konservatoriyasında
professor Elmira Səfərovanın sinfində
təhsil almışdır.
Üç il dalbadal, - bu, maksimal müddətdir, - Lenin təqaüdünə
layiq görülmüşdür.
Konservatoriyanı bitirdikdən
sonra kamera ansamblı kafedrasında, sonralar həm də xüsusi fortepiano kafedrasında müəllim işləmiş,
2001-ci ildə namizədlik
dissertasiyası müdafiə
etmişdir.
N.Əliyarova 2002-ci ildən
Azərbaycan Dövlət
Fortepiano Triosunun solistidir. Bu tərkibdə Almaniyada keçirilən Azərbaycan
günlərində, İstanbulun
ən möhtəşəm
"Reşit Rey Konser Salonu"nda çıxış etmişdir.
Nərgiz xanım deyir: "Bu il mənim üçün
uğurlu başlanmışdır.
Nəzərdə tutduğum
bir çox musiqi layihələrini həyata keçirə bilmişəm. Fevralda Fəxrəddin Kərimovun
rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə Bethovenin fortepiano ilə orkestr üçün üçüncü
konsertini ifa etdim.
Nərgiz xanım yaradıcılıq planları
barədə danışmağı
sevmir - mümkün qədər çox çalmaq və daim öz ustalığını
artırmaq onun əsas iş prinsipidir.
Ən böyük arzusu isə hələ yerinə yetməyib - Qarabağı
azad görmək. Amma bu arzusuna
qovuşacağına qəti
əmindir.
Azərbaycan.- 2008.- 25 iyun.- S. 8.