Salmanov R.
Ustaddan yadigar qalan
sənət və ad
İlk dəfə əməkdar incəsənət xadimi bəstəkar Gövhər
Həsənzadənin “Ürək
bir dəfə sevir” mahnısı ilə efirə çıxan gənc müğənni Xatirə
Əzizova qısa zamanda məlahətli səsi və özünəməxsus ifa
tərzi ilə tamaşaçıların rəğbətini
qazandı. Ekran və efirdə, konsert salonlarında tez-tez səslənən bu mahnı Xatirə
Əzizovanı populyar
müğənni kimi
xalqa tanıdır. “Bir güllə bahar olmaz” - deyə gənc müğənninin istedadına
şübhə ilə
yanaşan bir çox “şou biznes” nümayəndələri
bu ifada bir güllə də baharın gəlişini duymaq olduğunun şahidi olurlar. Repertuarının əsasını xalq mahnıları, muğam və təsniflər təşkil
etdiyi halda gənc müğənni estrada janrında da özünü peşəkar müğənni
kimi təsdiq edə bilir.
1981-ci ildə Xankəndidə
müəllim ailəsində
dünyaya göz açan Xatirə Əzizova erkən yaşlarından musiqiyə
həvəs göstərməyə başlayır. Çox çəkmir ki, bədnam qonşularımızın
ölkəmizə qarşı
apardığı müharibə
nəticəsində bir
çox soydaşlarımız
kimi Xankəndi Pedaqoji İnstitutda dərs deyən atası Novruz müəllim və anası Nüşabə xanım Bakıya köçməli olurlar.
Birinci sinifə 155 nömrəli məktəbdə
gedən Xatirənin məlahətli səsi ilk növbədə sinif rəhbəri və müsiqi müəlliminin nəzərindən
yayınmır. Digər
həmyaşıdlarından fərqli olaraq, “Kukla”, “Bizim həyət”, “Günəş
olaram mən də”, “Oynaq topum”, “Quzum” və bir çox
populyar uşaq mahnılarından daha çox xalq mahnılarına maraq göstərir. Uşaqkən
ifa etdiyi “Qubanın ağ alması”, “Apardı sellər Saranı”, eləcə də sevimli müğənnimiz,
SSRİ xalq artisti Zeynəb Xanlarovanın repertuarından seçdiyi
mahnılar uşağın
gələcək həyatında
musiqinin xüsusi yeri olacağına bir işarə idi.
Onun istedadına, musiqi duyumu və qabiliyyətinə yaxından
bələd olan, ümid bəsləyən
Nailə və Töhfə müəllimləri
zəndlərində yanılmadılar.
Çox qısa zamanda məktəbin əksər tədbirlərində,
eləcə də respublika bədii özfəaliyyət kollektivlərinin
baxış – müsabiqələrində Xatirənin uğurlu çıxışları
bunu bir daha təsdiq etdi. Neçə-neçə müsabiqə
və festifallar qalibi olmuş Xatirə Əzizova sənətdə müəyyən
uğurlar qazansa da, təhsilində arxayınçılığa yol vermir.
Eyni həvəslə
kimya, anatomiya, ədəbiyyat, tarix və digər fənlərdən də əla qiymətlər alan Xatirə özünü çalışqan
şagird kimi tanıdır. Xatirəni həkim görmək arzusunda olan valideynləri orta məktəbi bitirəndə
ona sənədlərini
Tibb Universitetinə verməyi tövsiyə edirlər. Ata-anasının bu
istəyinə qarşı
çıxmayan Xatirə
üç il bu ali məktəbdə
təhsil alsa da, son anda
incəsənətə olan
sonsuz məhəbbət
təhsilini yarımçıq
qoymasına səbəb
olur. “İtirilmiş”
üç ilə az da olsa
heyfsilənməyən Xatirə
2003-cü ildə sənədlərini
İncəsənət
Universitetinə verib muğam şöbəsinə
daxil olur.
Ekran və efirdə tez-tez gördüyü, ifalarına
dönə-dönə
sevərək qulaq asdığı bir çox ustad xanəndələri yaxından
görüb, onlarla təmasda olub, muğam sənətinin incəliklərini səylə
öyrənməyə çalışır.
Bu işdə ona diqqət göstərən, sevimli müəllimi xalq artisti İslam Rzayevin xüsusi rolu olur. Məhz
İslam müəllimin
sayəsində Xatirə
Əzizova bir müğənni kimi püxtələşir, böyük
səhnəyə yol açır. Ulu muğam sənətinin bir çox incəliklərinə bələd
olur. “ O mənə
sənətdən daha
çox insaniyyəti
öyrətdi” — deyə
ustadını yada salaraq gözlərinin yaşını görməyim
deyə üzünü
yana çevirdi, daha sonra əlavə
etdi: İslam müəllimin tələbələri
çox olsa da, mənə qarşı xüsusi rəğbəti vardı.
Yeganə tələbəsi
idim ki, onun evinə gedib-gələrdim. Mənimlə fərdi məşğul olmağa
razılıq vermişdi.
Əslində, bu onun mənim qabiliyyətimə inamından
irəli gəlirdi. Mən isə etimadı daim doğrultmağa çalışırdım.
Yaxşı yadımdadır, bir dəfə dəbdə olan bir ara mahnısı
oxumuşdum. İslam müəllim dərhal mənə öz iradını bildirdi: — Əgər belə mahnılara meyl edəcəksənsə, o
zaman mənim yanıma yox, o yolun ifaçılarının
yanına get — dedi.
Mən sevimli müəllimimin sayəsində
“Çahargah”, “Şur”,
“Bayatı–Şiraz”, “Segah” və bir çox digər muğam dəsgahları və təsnifləri öyrəndim.
Bu gün repertuarımın çoxunu
İslam Rzayevin mahnı və təsnifləri təşkil
edir. İslam Rzayev əsl sənət adamı idi. Ciddi sənət,
qostrol səfərləri,
dövlət konsertləri
onun üçün hər şeydən üstün idi. Dünyanın yetmişdən
çox ölkəsində
qostrol səfərlərində
olsa da, İslam Rzayev heç vaxt asan yolla, toylara
getməklə pul qazanmaq, varlanmaq həvəsində olmayıb.
Bəlkə elə bu səbəbdən də ömrünün sonuna qədər bir çox şou biznes nümayəndələri
kimi nə gözəl villası, nə də dəbdəbəli ev -eşiyi oldu. Əvəzində xətir-hörməti, alicənablığı,
bir də ailəsinə, dostluğa
olan sədaqəti ilə tanındı. İslam müəllimin həm xoş, həm də çətin anlarında ona arxa, dayaq olan
həyat yoldaşı
Tamara xanımın adını xüsusi çəkmək istəyirəm.
Məhz bu nəcib xanımın sayəsində İslam Rzayev hər cür çətinliyə
və xəstəliyə
tab gətirərək
yenidən sənət
aləminə qayıda
bilmişdi. Bu gün onun yoxluğunun
hamıdan çox Tamara xanıma təsir etdiyinin şahidiyəm.
Xatirə Əzizovanın
uğurlarını gördükdə
sevimli müəllimin
sevincdən uçmağa
qanadı olmurdu. Bu gün respublikanın
fəxri ad almış bir çox populyar müğənniləri İslam
Rzayevin yetirmələridir.
Xatirə Əzizova da
istisna olmadı. Xəstə olmağına
baxmayaraq, vaxtilə rəhbərlik etdiyi ansamblı yığıb
Xatirənin ifasında
“Yenilməz batalyon” filmindən mahnını,
“Zərif gülüşlüm”,
“Zəminxarə təsnifi”,
“Qarabağ şikəstəsi
” və bir çox digər bəstəkar və xalq mahnıları lentə aldırır.
Bu mahnılar bu gün də radionun qızıl fondunda qorunub saxlanır, vaxtaşırı
efirdə səslənir.
İslam sənətinə,
şəxsiyyətinə olan
hörmət və ehtiramın əlaməti olaraq 2004-cü il noyabrın 11-də Muğam Teatrında Xatirə Əzizova sevimli müəlliminin ad gününü təntənə ilə qeyd edir. Elə həmin gündən də gənc müğənni sevimli müəlliminin adını
özünə təxəllüs
götürür, Xatirə
İslam kimi çıxış etməyə
başlayır. İslam
Rzayev də öz növbəsində
dünyanın 74 ölkəsini
gəzmiş qavalını
sevimli tələbəsinə
hədiyyə edir.
Bu il Xatirə İslam İncəsənət
Universitetini bitirib magistranturaya daxil olub.
— Müəllimimin ilinə
kimi nə bir kəsdən muğam dərsi alacam, nə də onun repertuarından
mahnılar oxuyacam desə də, “Qızıl mikrofon” şou yarışmasında
o bir daha ustadının repertuarından
olan “Zərif gülüşlüm” mahnısını
oxumaqla müsabiqənin
qalibi olur. Sevimli müəlliminin ruhu bu dəfə də Xatirənin köməyinə çatır.
Təvazökarlıq edib
tənha, kimsəsiz qocalara, ev-eşiyindən didərgin düşmüş
soydaşlarına, qaçqın
ailələrinə göstərdiyi
təmənnasız yardımdan,
hərbi hissələrdə
igid döyüşçülər
qarşısında verdiyi
konsertlərdən söz
açmasa da, sənəti və səsi kimi böyük ürək sahibi olduğundan da xəbərimiz var.
İmkan tapan kimi Xatirə İslam sevimli müəlliminin ailəsinə
baş çəkir.
Onun ömür-gün yoldaşı
Tamara xanımla birgə
məzarını ziyarət
edib qəbri önünə tər çiçək dəstələri
qoyur. Olub-keçənləri bir xoş xatirə tək yad edib həm
də onun yoxluğuna inanmaq istəmirlər. Çünki İslamın xatirəsi təkcə onlar üçün deyil, bütün İslamsevərlər
üçün əziz
olub və olacaqdır. İslamdan
ona qalan isə bir sənət,
bir də ad oldu...
Xalq qəzeti.- 2008.- 20 iyun.- S. 7.