“Musiqi beşiyi”ndə
ilk çıxış
və böyük uğur
Pianoçularımız
italyanlarla rusları geridə qoyublar
Bakı Musiqi Akademiyasının
dosenti, sənətşünaslıq
elmləri namizədi,
Azərbaycan Dövlət
Fortepiano Triosunun solisti Nərgiz Əliyarova mayın 28-dən iyunun 1-dək İtaliyanın Cora del Kolle
şəhərində keçirilən
Pyetro Arcento adına 11-ci beynəlxalq müsabiqənin laureatı
adına layiq görülüb. BMA-nın daha
bir dosenti Kəmalə Neymanova ilə birlikdə N.Əliyarova müsabiqənin
"Kamera ansamblı"
kateqoriyasında çıxış
edib. Ölkə xaricində ilk dəfə, həm də belə nüfuzlu müsabiqədə
çıxış edən
musiqiçilərimiz istedad
və səyləri sayəsində 2-ci yerə
layiq görülüblər
və onlara diplomla birlikdə gümüş medal təqdim edilib. İfaçılarımız
böyük bir məktəbə malik olan İtaliya və Rusiya musiqiçilərini arxada
qoyublar, 1-ci yerə çıxan yunan duetindən isə yalnız 1 xal geriləyiblər. Münsiflər
heyəti isə 6 italiyalı, 1 rusiyalı, və 1 koreyalı musiqiçidən ibarət
olub. N.Əliyarova:
"Avropada keçirilən
musiqi müsabiqəsində
qalib gəlmək o qədər də asan iş
deyil. Avropalı dinləyici çox zərif duyma qabiliyyəti, səhih seçmək bacarığı,
gözəl zövqü
ilə seçilir. Buna görə də belə ciddi münsiflərin diqqətini cəlb etmək heç də asan məsələ
deyil. Biz Kəmalə xanımla birlikdə Mosartın, Şopenin, Bramsın və Arif Məlikovun
əsərlərini ifa
etdik. Maraqlıdır
ki, ifadan öncə münsiflər
heyətinin üzvləri
bəstələrin notları
ilə tanış olub onları yenidən ifaçılara
qaytarırdılar. Bizə
yalnız Arif Məlikovun "Skertso"sunun notlarını qaytarmadılar. Söylədilər
ki, bu əsəri
çox bəyəniblər,
buna görə də notlarını özlərində saxlamağa
qərar veriblər..."
Qeyd edək ki, avropalı mütəxəssislərin musiqimizə
böyük maraq göstərməsinə aid
daha bir fakt bir az
öncə də baş vermişdi. Mayın 18-də Parisdə, Senatın binasında keçirilən mərhum
ölkə başçısı
Heydər Əliyevin
85 illik yubileyinə həsr edilmiş konsertdə Nərgiz xanım da iştirak
edib və Üzeyir Hacıbəylinin,
Fikrət Əmirovun, Qara Qarayevin, Arif Məlikovun, Firəngiz Əlizadənin,
Aqşin Əlizadənin,
Vaqif Mustafazadənin və digər musiqiçilərimizin
əsərlərini ifa
edib. Avropa bəstəkarlarından isə
proqrama yalnız Şopenin "Vals"ı və "Noktürn"ü daxil edilmişdi. Konsertdən sonra baş tutan müzakirələr zamanı
Nərgiz xanım fransız dilini bilməsi ilə də diqqəti cəlb edib. Fransalı pianoçu İzabel de Ku isə bəstəkarlarımızın
əsərlərinin not
yazılarını özünə
götürməyi xahiş
edib və onları repertuarına daxil etmək fikrində olduğunu deyib. Dosye: Nərgiz
Əliyarova Bülbül
adına orta ixtisas musiqi məktəbini "qızıl"
medalla bitirdikdən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında
(indiki Bakı Musiqi Akademiyası) Elmira Səfərovanın
sinfində təhsil alıb. Ali məktəb tələbəsi
ikən o, 3 il müddətində Lenin təqaüdü alan fəxri tələbələr sırasında
olub. Konservatoriyanı
bitirdikdən sonra kamera ansamblı kafedrasında dərs deməyə başlayan N.Əliyarova xüsusi fortepiano kafedrasında assistent-stajor kursunu keçib, 2001-ci ildə isə namizədlik dissertasiyasını müdafiə
edib. 2002-ci ildən o, Azərbaycan Dövlət Fortepiano Triosunun solistidir. Bu kollektiv Almaniya
və Türkiyə musiqisevərləri qarşısında
çıxış edib.
Nəzərdə tutduğu bir
sıra layihələri,
məsələn, Bethovenin
fortepiano üçün
3-cü konsertini Fəxrəddin
Kərimovun idarəsi
altında Dövlət
Simfonik Orkestri ilə birlikdə ifa etməyi gerçəkləşdirdiyi üçün
bu ili özü
üçün uğurlu
sayan Nərgiz xanım daha böyük qələbələrdən ötrü
Qarabağ nisgilimizə
son qoyulmasını ən ümdə amil hesab edir.
Həftə içi.- 2008.- 11 iyun.- S. 8.