Azərbaycan
Eurovisionda böyük
nailiyyət əldə
edib
Nizami
Cəfərov: "Ölkəmizin
belə nüfuzlu yarışmalara ev sahibliyi etməyə haqqı çatır"
Serbiyanın paytaxtı Belqradda
keçirilən "Eurovision-2008"
mahnı müsabiqəsinin
yekun nəticələri
ilə bağlı müxtəlif fikirlər
səslənməkdədir. Bu dəfə isə
həmsöhbətimiz Milli
Məclisin Mədəniyyət
məsələləri üzrə daimi komissiyasının sədri
Nizami Cəfərov
oldu. "Eurovision"
müsabiqəsində Azərbaycanın
kifayət qədər
böyük nailiyyət
əldə etdiyini
deyən sədr təmsilçilərimizin onluğa düşərək
səkkizinci yeri qazanmasını yüksək
qiymətləndirdi. Eyni zamanda qeyd etdi ki,
bu, bizim üçün ilk təcrübədir
və əsas da budur ki,
bizim musiqimiz, bizim ifalarımız həm dünya musiqisi səviyyəsində,
həm də milli notlar səviyyəsində oldu:
"Bəzən deyirlər
bu müsabiqə siyasət xarakterlidir.
Bu, həm siyasətdir,
həm də siyasət deyil. Çünki burada siyasətdən əlavə
musiqinin qiymətləndirilməsi
məsələsi də
var. Məsələn, Ermənistan
bizimlə düşmən
ölkə olmasına
baxmayaraq, ola
bilər ki, onların təmsilçisinin
ifası konkret olaraq kiminsə xoşuna gəlsin və yaxud da gəlib. Bununla belə, Macarıstan dövləti
bizim təmsilçilərimizə
ən yüksək bal verdi. Digər bəzi
dövlətlər də
bizim təmsilərimizi
yüksək- 10, 12 ballarla
qiymətləndirdilər. Bu yerdə dünyanın
qloballaşdığını da nəzərdən qaçırmaq lazım
deyil. Bu gün istənilən ölkədə erməni
lobbisi də var, Azərbaycan lobbisi də. Bəzən
bu cür məsələləri ölkələrin
maraqları yox, orada olan azərbaycanlıların
tənasübü həll
edir. Ona görə hesab
edirəm ki, məyus olmağa heç bir səbəb yoxdur. Nəticə bizim üçün
kifayət qədər
böyük nəticədir".
Nizami Cəfərov gələcəkdə
Azərbaycan təmsilçilərinin
bu müsabiqədə
daha da yaxşı dəstəklənməsi
üçün xarici
ölkələrdə fəaliyyət
göstərən səfirliklərimizin
üzərinə böyük
vəzifələr düşdüyünü
diqqətə çatdırdı.
Onun sözlərinə
görə, əgər
Macarıstan tərəfindən
bizim təmsilçilərə
ən yüksək
bal verilibsə, deməli,
o zaman Azərbaycanın
həmin ölkədəki
səfirliyi orada kifayət qədər uğurlu təbliğat
işi apara bilib və belə məsələləri
də çox vaxt bu cür
münasibətlər, qarşılıqlı
əlaqələr həll
edir. Yaxın illərdə isə Azərbaycanda "Eurovision"a
bənzər nüfuzlu
mahnı müsabiqəsinin
keçirilməsinə gəlincə isə, o bildirdi ki, Azərbaycan tədricən
elə bir ölkəyə çevrilməkdədir
ki, yaxın gələcəkdə burada
hər cür nüfuzlu, beynəlxalq
müsabiqə, tədbir,
toplantı, konfrans keçiriləcək. Buna heç kimin şübhəsi olmasın.
Azərbaycanın "Eurovision" kimi nüfuzlu yarışmalara ev sahibliyi etməyə haqqı çatır
Üç nöqtə.-
2008.- 5 iyun.- S. 13.