Təranə

 

Mahnısız, səhnəsiz mənim nə günüm..

 

Ötən ay "Eurovision-2008" müsabiqəsi başa çatdı. Rəylər, fikirlər müxtəlifdir: müğənnilərimizin yarışmadakı ifasını uğurlu hesab edənlərlə yanaşı, uğursuz hesab edənlər də, nəticəni siyasi konyukturanın ayağına yazanlar da var. Estradamızın tanınmış müğənnisi Natəvan Şeyxova ilə söhbətimizə də müsabiqənin nəticələrindən başladıq:
   - Siz milli seçim mərhələsində münsiflər heyətinin üzvü idiniz. Seçdiyiniz müğənnilər etimadınızı doğrultdularmı?
   - Fərhad Bədəlbəyli, Azad Əliyev, Afaq Məlikova, Təranə Muradova, İsmayıl Ömərov, Rauf Babayev və mənim daxil olduğum münsiflər heyətinin seçdiyi müğənni Elnur Hüseynov idi. O, müsabiqəyə əsas müğənni kimi yollandı. Elnur özü ilə bir və ya iki müğənni götürə bilərdi. Onun seçimi Samir Cavadzadənin üzərində dayandı. Biz Elnuru seçəndə bütün zal alqışlarla qarşıladı. Demək, biz öz seçimimizdə yanalmamışdıq.
   - Bəs müsabiqənin nəticələrinə görə müğənnilərimizin çıxışı sizi razı saldımı?
   - Müğənnilərimiz yarışmada yaxşı çıxış etdilər. Ən böyük uğurumuz o oldu ki, onluğa düşdük və müsabiqəni 8-ci yerdə başa vurduq. Bu nəticə belə bir nüfuzlu müsabiqədə ilk dəfə çıxış edən müğənnilər üçün, əlbəttə ki, böyük uğurdur. Nəzərə almaq lazımdır ki, Elnurla Samir o qədər də peşəkar deyillər və ilk addımlarını atırlar. Onlar özlərini itirə bilərdilər. Ancaq müğənnilərimiz təmiz və mən deyərdim ki, çoxlarından yaxşı oxudular. Özünüz gördünüz ki, belə müsabiqələr üçün təcrübələri olan İngiltərə, Fransa yüksək yerləri tuta bilmədilər. Bu onu göstərdi ki, Azərbaycanın yaxşı potensialı var. Bütün dünya bildi ki, Avropa səviyyəsində oxumağı bacarırıq. Avropa bizi tanıdı. Düzdür, əvvəllər də tanıyırdı. Vaxtilə Rəşid Behbudov, Müslüm Maqomayev Azərbaycanı çox tanıdıblar. Sonradan müharibə şəraiti ilə əlaqədar müəyyən fasilə yarandı. Bu gün artıq biz belə yarışmalarda iştirak etməyə yenidən hazırıq. Mən həm Musiqi Akademiyasında, həm də Asəf Zeynallı adına kollecdə dərs deyirəm. Tələbələrin hamısında bir maraq yaranıb. Bu maraq get-gedə daha da inkişaf edəcək.
   - Bu gün öz ürəyinizdən səhnəyə çıxmaq keçirmi? Heç Rusiyanın özündə də "səhnə gənclik tələb edir" - deyə düşünmürlər.
   - Əlbəttə keçir... Amma mən səhnəyə hər gün çıxmağın tərəfdarı deyiləm. İstəyirəm dinləyicilərim mənim üçün qəribsəsin. Bilirsiniz, tamaşaçı səhnədə öz sevimli müğənnisini qocalmış görməməli, "daha əvvəlki səsi və gözəlliyi qalmayıb" - deyə düşünməməlidir. Mən yaddaşlarda 60-70-ci illərin müğənnisi kimi qalmaq istəyirəm. Mahnısız, səhnəsiz mənim nə günüm... Amma yaxşı bəstəkarların çoxu dünyadan köçüb. Emin Sabitoğlu yoxdur indi. Oqtay Kazımov, Elza İbrahimova da nədənsə yazmırlar. Çoxları xaricə çıxıb gediblər. Gənc bəstəkarlar isə mənim üslubumda bəstələmir. Elə mahnılar olsa, məmnuniyyətlə oxuyaram. Mən hər şeyi tam qapamamışam. Ancaq o vaxtkı müsiqi mühiti indi yoxdur. Rauf Hacıyevin rəhbərlik etdiyi estrada simfonik orkestri ilə dünyanın bir çox ölkələrində olmuşam. Orkestrdə ilk qastrolum Pribaltika ölkələrinə oldu. O zaman bizim orkestrdə "Qaya" ansamblı, Elmira Rəhimova, Oqtay Ağayev və b. müğənnilər oxuyurdu. O cür tanınmış adamlarla birgə səhnəyə çıxmaq tələbə qız üçün əsl xoşbəxtlik idi. Konservatoriyanı bitirib orkestrdə solist kimi çalışdım. O zaman İttifaqda cəmi üç belə orkestr vardı. Gürcüstanda, Ermənistanda və Moskvada estrada simfonik orkestri fəaliyyət göstərirdi. Bizim orkestr də çox məşhur idi. Demək olar ki, bütün ittifaqda tanınırdıq. İlin səkkiz ayını qastrollarda olurduq. Bizi Azərbaycandan çox xarici ölkələrdə tanıyırdılar. Afişalar divara vurulan kimi, pərəstişkarlarımız yolumuzu gözləyirdi. Salon da həmişə dolu olardı. Bizi hər yerdə anşlaqla qarşılayırdılar. İndi həmin lentlərə qulaq asanda qəlbimdə nostalji hissləri baş qaldırır. Ötən günləri geri qaytarmaq mümkün olmadığı üçün heyfslənirəm. Bəlkə də səhnədə oxuduğum hər gün unudulmazdır. Moskvanın böyük Kreml sarayında, Sankt- Peterburqun nüfuzlu "Oktyabr" salonunda, bütün kurort şəhərlərində çıxışlarımızı necə unutmaq olar? Bizim Moldovadan olan pərəstişkarlarımız hətta Bakıya gəlirdilər. Onlar Yaltada qastrolda olduğumuzu bilib ora da gəlmişdilər. Pərəstişkarlarımız bizi belə sevirdilər. Bütün bunlar maraqlı olduğu qədər də unudulmazdır. Ancaq heyfsləndiyim şeylər də var: bir mahnını dinlərkən "indi onu başqa cür oxuyardım!" - deyə düşünürəm.
   - Bəs çalışdığınız orkestrin sonrakı taleyi necə oldu?
   - 1975-ci ildə orkestrin rəhbəri Rauf Hacıyev mədəniyyət naziri təyin olunduqdan sonra orkestr başsız qaldı və dağıldı. Biz Bakıda qaldıq. "Azkonsert"də, Filarmoniyada və Mahnı Teatrında solist işlədim. Paralel olaraq televiziya və radionun orkestrində də çalışırdım. Orkestr dağılandan sonra o biri üzvlər də filarmoniyada, televiziyada və s. yerlərdə çalışdılar.
   - Qonşu respublikalar öz orkestrlərini qoruyub saxlayıblar. Azərbaycanda orkestri yaşatmaq üçün Rauf Hacıyevi əvəz edəcək kimsə yox idimi?
   - Doğrudur, Gürcüstan da, Ermənistan da öz orkestrlərini qoruyub saxlayıblar. Təkcə biz bunu bacarmadıq. Sonralar ansambla müxtəlif adamlar rəhbərlik etdilər. Qastrollara getmək lazım idi. Maliyyə çətinliyi və başa düşmədiyimiz başqa səbəblər vardı. Mədəniyyət Nazirliyi orkestri saxlamağın çox baha başa gəldiyini bildirmişdi. Çox təəssüf ki, ansamblın lent yazıları da az qalıb. Çünki biz konsertlərimizin çoxunu qastrollarda verirdik. "Əhməd haradadır?" filmində çalan bizim orkestrdir. Mahnıları da biz ifa edirik. İndisə yalnız radio və televiziyanın orkestri var. Amma onlar çox az işləyirlər. Biz televiziyanın orkestrində işləyən zaman nəinki konsertlər verirdik, həm də Azərbaycanın bütün rayonlarını qarış-qarış gəzirdik. Üstəlik Moskva televiziyası ilə də konsertlərimiz olurdu.
   - Bildiyimcə, həyat yoldaşınız Rafiq Seyidzadə ilə də orkestrdə çalışdığınız zaman
tanış olmusunuz. İki eyni sənət adamının bir ailədə olması ab-havaya necə təsir edir?
   - Rafiq orkestrə gələn kimi
tanış olduq. O, saksofonist olub. Azərbaycan cazının veteranlarındandır. Məni görən kimi "sən yalnız mənimlə evlənməlisən" dedi və biz evləndik. Elə qastrollara da bir yerdə gedirdik. O, hər şeydən əvvəl mənim nəzarətçim və məsləhətçim olub, hər işimdə mənə kömək edib. Biz yaradıcı fikirlərimizi bölüşərkən bir-birimizi yaxşı anlamışıq. Bu anlaşma ailənin ümumi ab-havasını da tənzimləyib. Bizim iki övladımız var. Mən həm də nənəyəm. Ailə mənim üçün həmişə ən başlıca olub.
   - Səhnəni pedaqoji işə dəyişmək sizə asanmı başa gəldi?
   - Səhnə tamam başqa aləmdir. Səhnə unudulmazdır. O, insanı yaşadır, ilhamlandırır, ona həyat eşqi verir. Səhnəsiz özümü susuz balıq kimi hiss edirəm. İndi hərdən oxuyuram. Mən heç zaman özümdən razı olmamışam. Həmişə öyrənməyə çalışmışam. Heç zaman düşünmürəm ki, pedaqoji fəaliyyətim də xoşuma gəlmir. Tələbələrə həvəslə bildiklərimi öyrədirəm. Bundan heç darılmıram da.
   - Əgər yenidən səhnəyə qayıtsaydınız, çağdaş estradamızda özünüzü sərbəst hiss edərdinizmi?
   - İnanmıram. O dövrün, yəni 60-70-ci illərin musiqisi çox beynəlmiləl ruhda idi. Estrada musiqisi elə bəstələnirdi ki, keçmiş İttifaqın hər yerində və xarici ölkələrdə anşlaqlı olur, qəlbləri riqqətə gətirirdi. İndi musiqimiz lap yüngülləşib, bəzən isə çox eybəcər hala salınır. Mən öz üslubumu heç zaman dəyişmərəm. Bu gün incəsənətimiz restorandan keçir. Hamı restoranlarda oxuyur. O zaman biz Şəhriyar adına Mədəniyyət Mərkəzində, Dənizçilər evində və başqa mədəniyyət evlərində keçirilən konsertlərdə oxuyurduq. İndi isə müğənnilər belə yerlərdə oxumurlar.
   - Bəs gündə bir dona girən estrada "ulduzlar"ına nə tövsiyyə edərdiniz?
   - Elə bilirəm "ulduz" xəstəliyi son zamanlar epidemiya kimi yayılıb. Hər yerindən duran adını müğənni qoyur, həftədə bir kaset yazdıran, klip çəkdirən istənilən qədərdir. Belələrini dinləyəndə düşünürsən ki, onların heç adi musiqi duyumu da yoxdur. Çox təəssüflənirəm ki, estrada musiqimizin salnaməsinə parlaq səhifələr yazmış olan "Qaya" kimi ansambllar indi yoxdur. Əsl sənət məktəbi olan "Qaya"dan cavanlarımız çox şey öyrənə bilərlər.
   - Həmişə ürəyinizdə oxuduğunuz bir nəğmə varmı?
   - Hər qəlbin öz nəğməsi, öz zümzüməsi var. Bəzən sevinəndə, bəzən kədərlənəndə öz-özümə nəğmələr oxuyuram. İndi səslənməyən, mənimsə qəlbimdən və qulaqlarımdan heç zaman çəkilməyən ötən illərin nəğmələrini zümzümə edirəm.
  

Mövqe.- 2008.- 7-9 iyun.- S. 13.