Gülnarə

 

“Eurovision”dan canlı yazı

 

Nələr gördük, nələr eşitdik...

 

"Eurovision - 2008"in aparıcıları Zeliko Yaksimoviç və Covanna Yankoviç Müsabiqədə Azərbaycanı təmsil edənlər - Samir Cavadzadə və Elnur Hüseynov

 

53 illik tarixi olan, yarandığı gündən bütün dünyanın nəzər-nöqtəsini özünə yönəldən "Eurovision" mahnı müsabiqəsi. Hamıya məlum olduğu kimi, müsabiqə bu il Serbiyanın paytaxtı Belqradda baş tutdu. Əsrarəngiz şəhər, inanılmaz həyəcanlar və müsabiqə çərçivəsində yaşananları sizə məhz "Həftə içi" çatdıracaq. Belqrada müsabiqənin başlamasından 2 gün əvvəl çatdıq. Şəhər ümumilikdə özünü təmamilə yarışmaya hazırlamışdı. Küçələrə vurulan "Eurovision" brendlərindən tutmuş bütün təşkilati məsələlərədək. Tarixin "Avroviziya"sı "Eurovision" Avropa Birliyi tərəfindən hər il Avropa ölkələri arasında keçirilən ən nüfuzlu mahnı müsabiqəsidir. Bu ad ilk dəfə 1950-ci ildə Avropa Yayımlar Birliyinə üzv olan qurumların bir-biri ilə qarşılıqlı proqram mübadiləsi həyata keçirmək məqsədilə ortaya çıxıb. Mahnı müsabiqəsi ideyası isə 1956-cı ildə fransalı Marsel Bessentsant tərəfindən irəli sürülür. Müsabiqə ilk dəfə olaraq 1956-cı il mayın 24-də keçirilir. Həmin il müsabiqədə yalnız 7 ölkənin nümayəndəsi iştirak edir. Vaxt keçdikcə digər ölkələr də bu müsabiqəyə maraq göstərməyə başlayır. Təşkilatçılar layihənin beynəlxalq xarakterli olmasını arzulasalar da, bu istəklərinə bir neçə ildən sonra nail olurlar. Onlar 1990-cı ildən, yəni Şərq bloku dağıldıqdan sonra həmin bloka daxil olan ölkələri bu müsabiqəyə qatırlar. Əvvəllər müsabiqədə mahnılar canlı orkestrin müşayiəti ilə ifa olunurdusa, 1997-ci ildən başlayaraq iştirakçılara fonoqramla oxumağa icazə verilir. Müsabiqənin şərtlərinə görə, iştirakçılar mahnıları öz ana dillərində ifa etməli idilər. Lakin 1977-ci ildən müsabiqədə mahnıların ifası zamanı dil seçiminə sərbəstlik verilir. Şərtlərə görə, iştirakçılar yalnız lirik mahnılar ifa etməli idilər. 80-ci illərin əvvəllərində pank, rep və digər musiqi janrlarında ifalara da şərait yaradırlar. Artıq 53-cü dəfə keçirilən müsabiqənin ən məşhur iştirakçıları siyahısında Selin Dion, Ser Kliff Rizard, Xulio İqlesias, "Las ketzup", "Abba", "Tatu" qrupu, Lara Fabian, Alla Puqaçova, Filipp Kirkorov, Sərtap Ərənər, Ruslana, Alsu, DJ Bobo da var. İndiyə kimi İrlandiya 7, Fransa 5, Lüksemburq 5, Böyük Britaniya 5, Hollandiya 4, İsveç 4, İsveçrə, Danimarka, İtaliya, İspaniya, Norveç 2 dəfə müsabiqənin qalibi olub. Avstriya, Monako, Belçika, Yuqoslaviya, İsrail, Estoniya, Almaniya, Latviya, Türkiyə, Ukrayna, Yunanıstan, Finlandiya və Serbiya təmsilçiləri isə bir dəfə müsabiqənin baş mükafatını alıblar. Azərbaycan və San-Marino isə bu ildən möhtəşəm müsabiqədə iştirak etmək hüququ qazanıb. "Eurovision - 2008" müsabiqəsi bir neçə yeniliklə yadda qaldı. Belqrad, yoxsa Beoqrad? Yerli əhali şəhərlərində keçirilən bu yarışmanı Rio karnavalına bənzədirdi. Təxminən 25 günə qədər yaşananlar Belqrad əhalisinin sevincini birə-beş artırmışdı. Belqrada səyahətimizdə insanlar arasında da bu daha çox hiss olunurdu. Şəhər yerli əhali arasında Beoqrad kimi təqdim edilir. Özünəməxsus milli dəyərləri qoruyub-saxlayan Belqrad dəniz səviyyəsindən 1170 m yüksəklikdə yerləşir. Əhalisi 1,6 milyon olan şəhərin etnik tərkibini əsasən serblər təşkil edir. Əsrarəngiz gözəlliyi isə Belqrada Sava və Dunay çayları verir. Belqradın mədəni mirası şəhərin əsas gözəlliyinin göstəricisidir. Skardalija adlanan Milli Muzey, Müqəddəs Sava kilsəsi, Köhnə saray, Yosip Broz Mavzoleyi şəhərə gələn turistlərin ilk səyahət etdikləri məkanlardır. Sava çayı sahilində yerləşən idman və regional kompleks olan ADA Kiqanlidsa da Belqradın əsas mədəniyyət beşiklərindən biri sayılır. Belqradın gecə həyatı da şəhərə gələn qonaqların yaddaşına ən maraqlı anlar kimi həkk olunur. Belqrad gecələrinin əsasını ənənəvi serb milli musiqiləri adlanan "Staroqradska", yəni qədim şəhər musiqisi təşkil edir. Hər gecə burada şəhər əhli yığılıb milli musiqilərini qonaqlara, eləcə də yerli əhaliyə təqdim edirlər. "Skadar küçəsi" adlanan yerdə isə 100 illərdən bəri qorunub-saxlanılan qədim sənətkarlıq nümunələrinin hazırlanması və satışı təşkil edilir. Möhtəşəm arena "Eurovision" yarışmasını öz ölkəsinə gətirən 2007-ci ilin qalibi Mariya Şerifoviç serblərə dünyada böyük nüfuz qazandırdı. Böyük qalibiyyətdən sonra təşkilatçılar və Serbiya hökuməti konsertin keçirilməsi üçün əsas və ilk variant kimi Belqradın mərkəzində yerləşən "Belqrad-arena" kimi tanınan konsert və idman salonunun üzərində dayandı. Əgər nəzərə alsaq ki bu arena daxili funksiyalarına görə Avropanın ən nüfuzlu konsert salonlarından biri hesab olunur, onda konsertin möhtəşəm keçməsinə heç bir şübhə qalmırdı. 48 min kvadratmetrlik ərazisi olan "Belqrad-arena" 23 min tamaşaçı tutumuna malikdir. Elə musiqi yarışmasının keçirilməsi üçün də bu salon bütün imkanları ödəyirdi. Qeyd edim ki, Avropa Yayımlar Birliyi tərəfindən maliyyələşən müsabiqə həm çəkiliş, həm də texniki avadanlıqların quraşdırılması baxımından da fərqlənirdi. Konsert salonunun giriş və çıxışları təhlükəsizlik baxımdan da diqqət mərkəzində idi. Ümumilikdə isə 500-ə yaxın mühafizəçi həm arenanı, həm də mətbuat mərkəzini qoruyurdu. Elə söhbət mətbuat mərkəzindən düşmüşkən qeyd edək ki, Belqradda daha çox "Sava-sentr" kimi tanınan ticarət mərkəzinin binası müsabiqə ərəfəsində jurnalistlərin ixtiyarına verildi. Səmimi arzular Hər il olduğu kimi, 2008-ci ilin "Eurovision"u da dünyanın bir çox ölkələrindən olan media mənsublarını müsabiqə çərçivəsində bir araya gətirdi. Müsabiqənin keçirildiyi ölkəyə dünyanın 43 ölkəsindən 2 minə yaxın akkreditə olunan jurnalist yığıldı. 2 həftə boyunca yarışmanın start götürdüyü günə qədər jurnalistlər bütün iştirakçıların məşqlərində, mətbuat konfranslarında, o cümlədən müxtəlif promo aksiyalarında iştirak edirdilər. Mətbuat mərkəzində isə kompüter otaqları, konfrans və canlı bağlantı mərkəzləri yaradılmışdı. Bundan başqa, hər bir ölkədən olan nümayəndələr "Sava-sentr"də öz iştirakçılarının posterlərini paylayaraq tanıtım aksiyaları keçirdilər. "Sava-sentr"də dünyanın bir sıra ölkələrindən olan jurnalistlər "Həftə içi"nin əməkdaşı olaraq bizimlə söhbətlərində bildirdilər ki, bu möhtəşəm tədbirin növbəti illərdə Azərbaycanda keçirilməsini çox arzulayırlar. Hasan Taş - "TRT" kanalının musiqi redaksiyasının rəhbəri: "Biz çox istərdik Azərbaycan ilk çıxışından öz layiqli yerini qazansın. Çünki sizin musiqiniz və şounuz çox fərqlidir. Biz türklər özümüzü mədəniyyətimizlə bütün dünyaya göstərməliyik". Latviyadan olan Valdis Vaykul da müsabiqə boyu Azərbaycanı dəstəklədiyini dedi: "Burada yaşananlar, görüntülər biz jurnalistlər üçün hər dəfə bir yeniliyi göstərir. Bunun üçün də əgər Azərbaycan 1-ci olarsa, deməli, bizim gələn il üçün istirahətimiz və yaşayacağımız anlar daha möhtəşəm olacaq." Parti və tanıtım Müsabiqəyə qədər bütün ölkələr Belqradda "Euroklub" adlanan məkanda öz tanıtım gecələrini keçirirdilər. Belə partiləri Rusiya, Türkiyə, Azərbaycan, Ukrayna, Sloveniya və başqa ölkələr təmtəraqlı şəkildə təşkil etdilər. Hər partiyə digər ölkələrin iştirakçıları, nümayəndə heyətləri və jurnalistlər dəvət olunurdu. Belqradda olduğumuz vaxt Türkiyə təmsilçiləri öz partilərini keçirdilər. Partiyə dəvət olunan ölkələrin qonaq təmsilçiləri öz müsabiqə mahnılarını ifa edib tədbirə toplaşanlara inanılmaz gecə bəxş etdilər. Sonda Türkiyənin "Mor və ötesi" qrupu da kiçik solo konsert verməklə gecəyə toplaşanlara böyük musiqi zövqü yaşatdılar. Ən bahalı "Eurovision" Müsabiqə bu il büdcəsinə görə də rekord vurub. Belə ki, builki "Eurovision" müsabiqəsinin büdcəsi 19 milyon 674 min 703 avro təşkil edib. Serbiya hökuməti səhnənin qurulmasına, işıqlandırılmasına və digər texniki xərclərə 9,6 milyon avro xərcləyib. Avropa Yayımlar Birliyi Serbiyanın "RTS" telekompaniyası ilə birlikdə əlavə bu işə 10 milyon avro ayırıb. Serb televiziyası bu vəsaitin çoxunu yeni yayım texnologiyasına sərf edib. Müsabiqə HD (Higt Definition) formatında yayımlanıb. Qeyd edək ki, keçən il keçirilən "Eurovision" yarışmasının xərcləri 11 milyon avro təşkil edib. Belqradda keçirilən 53-cü "Eurovision" müsabiqəsi Serbiya tarixində ən bahalı tədbirdir. Fanat ordusu "Eurovision" yarışmasının 1-ci yarımfinalı may ayının 20-də keçirildi. Minlərlə insan kütləsi "Belqrad-arena"nın qarşısında konsertin başlanma saatını gözləyirdi. Bütün dünyadan gələn fanatlar konsert salonunun qarşısında dəstəklədikləri iştirakçının fotolarını, plakatlarını, dövlət bayraqlarını paylayaraq canfəşanlıq edirdilər. Hər kəs tamaşaçı kütləsini öz dövlətini dəstəkləməyə çağırırdı. Onların arasında azərbaycanlı fanatlar da çoxluq təşkil edirdi. Yarımfinal günündə konserti izləməyə gələn xaricilər, o cümlədən belqradlılar Azərbaycanın təmsil olunduğu mahnını əzbərdən oxuyur, hətta bayraqlarımızı əllərinə alaraq bizi dəstəklədiklərini söyləyirdilər. İlk uğur Nəhayət, gözlənilən an. 2 yarımfinal və final mərhələsindən ibarət olan "Eurovision - 2008" yarışmasının 1-ci mərhələsi may ayının 20-də baş tutdu. Yarışmanın aparılmasını Serbiyanın tanınmış müğənnisi və bəstəkarı Zeliko Yaksimoviç və Serbiyanın radioaparıcısı Covanna Yankoviç etdi. Nəzərinizə çatdırım ki, "Eurovision" yarışmasının ənənəvi adətlərindən biri vaxtilə həmin ölkəni təmsil edən iştirakçıların öz ölkələrində aparıcılıq etməsidir. Elə bu dəfə də konsertin aparıcılığı 2004-cü ildə Türkiyədə keçirilən "Eurovision" yarışmasında Serbiyanı təmsil edən Zeliko Yaksimoviçə həvalə edildi. Azərbaycan "Eurovision - 2008" yarışmasında ilk debütünü Elnur Hüseynov və Samir Cavadzadə dueti ilə etdi. Sözləri Zəhra Bədəlbəyliyə, musiqisi Gövhər Həsənzadəyə aid olan "Day after day" mahnısı və musiqi üçün hazırlanan quruluş arzulanan nəticəni göstərdi. Həm zala toplaşanlar, həm də digər ölkələrin nümayəndə heyətləri tərəfindən bəyənilən çıxışımız dünya çarpında ilk uğuruna imza atdı. 23 minə yaxın tamaşaçı möhtəşəm çıxışı dayanmadan alqışladı. Beləliklə, iştirakçı ölkəni çıxmaq şərtilə 18 ölkə Azərbaycana səs verərək finala vəsiqə əldə etməyimizə gətirib-çıxardı. Azərbaycan 53 illik tarixi olan "Eurovision" yarışmasında ilk çıxışı ilə elə ilk uğurunu qazandı. Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə isə yarımfinal çıxışından sonra bizimlə söhbətlərində bildirdilər ki, onlar bu qələbəni qazanmaqda Azərbaycan xalqına minnətdardılar. "Biz çox xoşbəxtik ki, belə bir qələbəni qazandıq. Əlimizdən gələni etdik ki, xalqımızın adını yüksəldək. Bu, tək bizim yox, bütün Azərbaycan xalqının uğurudur. Burada hər kəs, hətta digər ölkələrin də iştirakçıları bizim ifamızı, ümumilikdə isə şounu bəyənirdilər. Hər kəsə öz təşəkkürümüzü bildiririk". Yarımfinal mərhələsi başa çatdıqdan sonra finala vəsiqə qazanan Azərbaycan, Rusiya, Yunanıstan, Rumıniya, Bosniya və Herseqovina, İsrail, Ermənistan, Polşa və Norveç təmsilçiləri və bütün media mənsubları qarşısında "Sava-senter" mətbuat mərkəzinə yığılıb həm jurnalistlərin suallarını cavablandırdılar, həm də finalda iştirakları üçün püşkatmada iştirak etdilər. Mətbuat konfransında isə hər bir iştirakçı finalda onları gərgin mübarizə gözlədiyini, hər biri ölkəsinin adını yüksəkdə saxlamağa çalışacaqlarını söylədi. Mayın 22-si isə 2 yarımfinal mərhələsi baş tutdu. İkinci yarımfinal mərhələsinə qatılan ölkədən 10-u finala vəsiqə qazandı. İkinci yarımfinal mərhələsində İslandiya, İsveç, Türkiyə, Ukrayna, Litva, Albaniya, Çexiya, Belarus, Xorvatiya, Bolqarıstan, Danimarka, Gürcüstan, Macarıstan, Malta, Kipr, Makedoniya və Portuqaliya finala vəsiqə qazanmaq uğrunda mübarizə apardılar. Beləliklə, mayın 24-də "Belqrad-arena"da müsabiqənin final mərhələsinə yarımfinaldan yüksəlmiş 20 ölkə və "Eurovision"un baş sponsorları olan Fransa, Böyük Britaniya, Almaniya, İspaniya və qalib ölkə Serbiya olmaqla 25 ölkə vəsiqə qazandı. Artıq qarşıda bütün iştirakçıları daha gərgin mübarizə gözləyirdi. Elə bununla bağlı olaraq digər ölkələrin iştirakçıları ilə görüşüb finalqabağı həyəcanlarını bölüşdük. Kimlər nə dedi? Rusiyanın "Eurovision"da artıq 2-ci dəfə təsil edən Dima Bilan ölkəsi qarşısında böyük bir məsuliyyət götürdüyünü etiraf etdi: "Mən üzərimə böyük bir yükü götürdüm. İkinci dəfə ölkəmin adını burada təmsil edirəm. Bilirəm çox çətindir. Amma çalışacağıq 1-ciliyi əldə edək." "Özünüzə kimi rəqib görürsünüz" sualına D.Bilanın cavabı belə oldu: "Burada güclü rəqiblər çoxdur. Ukrayna, Yunanıstan, Ermənistan, eləcə də sizin təmsilçiləriniz. Mən onların ifalarını, mahnısını və şoularını gördüm, çox bəyəndim. Əslində belə bir şou gözləmirdim. Ümid edirəm, 1-ci dəfə iştirakınıza baxmayaraq, ön sıraları tuta biləcəksiniz". Müsabiqə boyu daha çox bəyənilən, çoxlarının favoriti olan Ukrayna təmsilçisi Ani Lorak: "Mənə bu mahnını təqdim edəndə çox enerjili və dinamik olduğunu dərhal duyaraq özümü bu mahnıda gördüm. Düşündüm ki, bu məndə çox gözəl alına bilər. Elə deyəsən, belə də oldu. Çünki ilk gündən bəyənənlər çox olub. Filipp Kirkorovun bu mahnısı mənə şöhrət gətirdi. Azərbaycanın da iştirakını gördüm. Sizin uşaqların səs imkanları da çox gözəldir. Bildiyimə görə, onlar mahnıda bir neçə janrı birləşdiriblər. Çox uğurlu layihədir". Türkiyənin "Mor və ötesi" qrupunun solisti Harun isə bildirdi ki, onlar rok janrında ifa etdikləri mahnıları ilə türk dilinin gözəlliyini göstərməyə çalışacaqlar: "Biz fərqli çıxış etmək istədik. Düşünürəm pis alınmayıb. Azərbaycanlı qardaşlarımızın çıxışını gördük və çox bəyəndik. Sizin də opera, rok və öz milli folklorunuzdan olan muğamınız mahnıya yeni ab-hava verir. Bu, Avropa üçün çox böyük bir yenilik olacaq". Filipp Kirkorov (Rusiya): "İnanırdım ki, Azərbaycan elə ilk dəfədən uğurlu musiqi ilə qatılacaq. Çünki sizin musiqiniz çoxşaxəlidir. Mən Azərbaycan musiqisini çox sevirəm. Uşaqlarınızın çıxışına isə söz ola bilməz. Düşünürəm ki, qaliblər sırasında sizin də yeriniz olacaq". Diana Qurskaya (Gürcüstan): "Azərbaycan təmsilçilərinin mahnısını eşitmişəm. Onların qeyri-adi səsləri var. Müsabiqə ərəfəsində mən bu cür səs eşitmədim". Bu da final "Belqrad-arena"da görünməmiş izdiham. Dünyanın müxtəlif ölkəsindən gələn 23 minə yaxın fanat ordusu və belqradlılar. 2007-ci ilin qalibi Mariya Şerifoviç final gecəsinin açılışını etdi. Beləcə böyük gecənin ardı-ardınca olan maraqlı 25 çıxışçısı öz ifalarını göstərdilər. 2 saata qədər davam edən konsertdən sonra iştirakçı olan 43 ölkənin səsverməsi başladı. Sözsüz, hər dəfə dəyişən səslərin nəticəsi Rusiyanı 1-ci, Ukraynanı 2-ci, Yunanıstanı 3-cü etdi. Azərbaycan bu sıralamada 8-ci yeri qazandı. Nəzərə alsaq ki, "Eurovision"un tarixində illərlə iştirak edən ölkələri arxada qoyub ilk çıxışımızla ön sıralarda yer tutduq, bunu da qələbə adlandırmaq olar.

 

Həftə içi.- 2008.- 3 iyun.- S. 8.