Kübra
Azərbaycanın
"Evrovision-2008" mahnı müsabiqəsindəki
cıxışı olduqca uğurlu idi
Nizami Cəfərov:
"Müsabiqədə ən böyük uğurumuz
tutduğumuz yer yox, qazandığımız
təcrübə oldu"
Bir neçə gün
bundan önca Serbiyanın paytaxtı Belqrad
şəhərində "Evrovision-2008" mahnı
müsabiqəsinin yekun nəticələri başa
çatdı. Milli Məclisin Mədəniyyət Məsələləri
Daimi Komissiyasının sədri Nizami Cəfərovun
fikrincə, Azərbaycan "Evrovision-2008" mahnı
müsabiqəsində kifayət qədər böyük
nailiyyət əldə etdi. Azərbaycan təmsilçilərinin
bu nüfuzlu yarışmaya ilk dəfə
qatıldığını nəzərə alsaq, onların
ilk onluğa düşərək səkkizinci yeri tutmaları
olduqca təqdirəlayiqdir: "Hesab edirəm ki, bu, bizim
üçün böyük göstəricidir. Düzdür,
bizim ifaçılar bundan daha yüksək yerlərə layiq
idilər. Lakin ilk dəfə olduğu üçün bu
nəticəyə də qane olmaq mümkündür. Müsabiqədə
bizə dəstək verən ölkələr də az olmadı.
Burada musiqinin qiymətləndirilməsi, dünyanın musiqi
ictimaiyyətinin, musiqi cəmiyyətinin rəyi, mövqeyi
də var. Heç şübhəsiz ki, dünyanın musiqi
ictimaiyyətinin, cəmiyyətinin düşüncə
tərzi bir az fərqlidir".
Millət vəkili,
bununla belə Macarıstan dövlətinin
təmsilçilərimizi ən yüksək, digər
bəzi dövlətlərin isə ballarla-10, 12 ballarla
qiymətləndirdiyini nəzərə çatdırdı. Qeyd
etdi ki, bu yerdə dünyanın qloballaşdığını
da nəzərdən qaçırmaq lazım deyil: "Bu
gün istənilən ölkədə Azərbaycan və
erməni lobbisi mövcuddur. Bəzən bu cür
məsələləri ölkələrin maraqları yox,
orada olan azərbaycanlıların tənasübü həll
edir. Bu baxımdan, hesab edirəm ki, məyus olmağa
səbəb yoxdur. Bu, bizim üçün kifayət
qədər böyük nəticədir və ilk
təcrübəmizdir. Əsas odur ki, musiqimiz, ifalarımız
həm dünya musiqisi səviyyəsində, həm də
milli notlar səviyyəsində oldu. Biz, eyni zamanda, bu
müsabiqədən yaxşı mənada bir ibrət
dərsi götürməli, nəticə
çıxarmalıyıq. Düşünməliyik ki, bundan
sonra nə edə bilərik, nə etmək lazımdır. Bir
sözlə, bu müsabiqədə ən böyük
uğurumuz tutduğumuz yer yox, qazandığımız
təcrübə oldu".
N.Cəfərov, daha
sonra Azərbaycan təmsilçilərinin bu
müsabiqədə daha yaxşı
dəstəklənməsi, daha ön yerləri tutması
üçün xarici ölkələrdə fəaliyyət
göstərən səfirliklərimizin, daimi nümayəndəliklərimizin
üzərinə böyük vəzifələrin
düşdüyünü bildirdi: "Əgər Macarıstan
tərəfindən bizim təmsilçilərə ən
yüksək bal verilibsə, deməli, o zaman Azərbaycanın
həmin ölkədəki səfirliyi, konkret olaraq, səfirimiz
Həsən Həsənov orada kifayət qədər
uğurlu təbliğat işi apara bilib. Onu da qeyd edim ki,
bundan öncə dəfələrlə Azərbaycan
musiqiçiləri, elm adamları Macarıstanda olub, orada uğurlu
konfranslar, elmi simpoziumlar keçiriblər. Eyni zamanda, biz macar
alimlərini, türkoloqlarını,
azərbaycanşünaslarını ölkəmizə dəvət
etmişik, onlar burada bir neçə dəfə
səfərdə olublar. Yəni məsələləri
çox zaman bu cür münasibətlər, qarşılıqlı
əlaqələr həll edir". O, bundan digər
səfirliklərimizin təcrübə götürməli,
bir nəticə çıxarmalı olduqlarını
vurğuladı: "Onlar məhz Macarıstandakı
səfirliyimiz kimi daha genişmiqyaslı işləməlidirlər.
Yalnız iqtisadiyyat, təsərrüfat problemləri ilə
məşğul olmamalı, dövlətlərarası
münasibətlərin texniki tərəflərini qaydaya
salmaqla, işlərini bitmiş saymamalıdırlar. Xarici
ölkələrdəki səfırliklərimiz məhz bu
istiqamətdə - ölkəmizin mədəniyyətinin,
incəsənətinin, mədəniyyət,
incəsənət xadimlərinin, sənət adamlarının
təbliği istiqamətində də öz
fəaliyyətlərini genişləndirməlidirlər".
N.Cəfərov,
yaxın illərdə Azərbaycanın paytaxtında da
"Evrovision"a bənzər nüfuzlu mahnı
müsabiqələrinin keçirilməsinin mümkünlüyünü
və gözlənildiyini qeyd etdi. Bu gün Azərbaycan
elə bir ölkəyə çevrilməkdədir ki,
yaxın gələcəkdə burada hər cür nüfuzlu,
beynəlxalq müsabiqə, tədbir, toplantı, konfrans
keçirilə bilər. Buna heç kimin şübhəsi
olmasın: "Azərbaycanın bu cür nüfuzlu tədbirlərə,
yarışmalara ev sahibliyi etməyə haqqı
çatır".
Səs.- 2008.- 10 iyun.- S. 16.