Samirə

 

Kulturologiya elmi hüquqi əsaslara söykənməlidir

 

Paytaxtımızda baş tutan kulturoloqların beynəlxalq forumunda çıxış edən "Simurq" Azərbaycan Kulturoloqlar Assosiasiyasının rəhbəri, professor Fuad Məmmədov Mədəniyyət Turizm Nazirliyinə təklif etdi ki, qanunverici təşəbbüs olaraq Milli Məclisdə idarəedici kadrların hazırlanması, dövlət siyasətinin inkişafı dövlət idarəetməsinin təkmilləşdirilməsi, həmçinin insanların yaşayışının yaxşılaşdırılmasından ötrü kulturologiyanın universal elmi əsas olaraq institutlaşdırılması kimi birgə layihəsi ilə çıxış etsin. Öz məruzəsində F.Məmmədov əsas elmi texnoloji amilləri kulturoloji yanaşmaları analiz etdi. O vurğuladı ki, bəşəriyyətin üzləşdiyi bir sıra aktual problemlərin həlli məhz bu məsələlərdən asılıdır. Kulturologiyanın islahatlara yatımlı imkanlarından özünün işləyib-hazırladığı innovasiyalı kulturoloji üsuldan çıxış edərək professor dövlət idarəçiliyinin cəmiyyətin sivilizasiyalı düşüncədən uzaqlaşmamasında kulturologiyanın əvəzsiz əhəmiyyətini elmi əsaslarla sübut etdi. Mütəxəssis kulturologiyanın inkişafının hüquqi əsaslara söykənməsinin vacibliyini bir daha qeyd etdi.

 

Həftə içi.- 2008.- 10 iyun.- S. 8.