Xalq artisti Zəroş Həmzəyevanın xatirə lövhəsi aşılmışdır

 

İyunun 6-da "Şöhrət" ordenli xalq artisti Zəroş Həmzəyevanın vaxtilə yaşadığı evdə xatirə lövhəsinin açılışı olmuşdur.

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Zəroş Həmzəyevanın həyatı və fəaliyyəti barədə məlumat verərək, onun yaradıcılığını Azərbaycanın teatr tarixinin parlaq səhifələrindən biri kimi qiymətləndirmişdir.

Zəroş Həmzəyeva 1925-ci il martın 22-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində dünyaya göz açmış, səhnə fəaliyyətinə 1942-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında başlamışdır. İfa etdiyi rollara və nail olduğu uğurlara görə bir sıra dövlət mükafatlarına və Xalq artisti adına layiq görülmüşdür.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, Əməkdar incəsənət xadimi, şairə Kəmalə Ağayeva və digər natiqlər qeyd etmişlər ki, Zəroş Həmzəyeva teatr səhnəsində Azərbaycan və dünya klassiklərinin əsərlərində müxtəlif taleli obrazlar qalereyası yaratmış, ömrünün yarım əsrdən çoxunu milli teatr sənətinin inkişafına həsr etmişdir.

Qeyd edilmişdir ki, Zəroş Həmzəyevanın milli teatr sənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İncəsənətin böyük dostu, ümummilli lider Heydər Əliyev onu müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif etmişdir.

Sonda sənətkarın qızı Arzu Həmzəyeva Azərbaycan mədəniyyətinin inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və xatirə lövhəsinin hazırlanmasında böyük əmək sərf edən əməkdar incəsənət xadimi, heykəltəraş Akif Əsgərova, tədbir iştirakçılarına Z.Həmzəyevanın ailəsi adından minnətdarlığını bildirmişdir.

 

Respublika.- 2008.- 7 iyun.- S. 6.