"Şəki - qədim sivilizasiyalar diyari" bayramı dostluğun, qardaşlığın tərənnümünə çevrildi
İyunun 28-də
Şəki şəhərində Azərbaycan Milli Elmlər
Akademiyası Tarix İnstitutu, Mədəniyyət və Turizm
Nazirliyi və şəhər icra hakimiyyətinin birgə
təşkilatçılığı ilə keçirilən
"Şəki - qədim sivilizasiyalar diyarı"
bayramının təntənəli açılış
mərasimi olmuşdur. Tədbirdə Azərbaycanda
fəaliyyət göstərən 29 xarici ölkə
səfirliyinin nümayəndə heyəti, Milli Məclisin
deputatları, görkəmli elm xadimləri, tarixçi
alimlər, incəsənət ustaları və digər qonaqlar
iştirak etmişlər.
Şəhər
rəhbərliyi, xarici ölkələrin səfirləri
və qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər
Əliyevin adını daşıyan parka gələrək,
ulu öndərin xatirəsini ehtiramla yad etmiş, abidənin
önünə tər çiçəklər düzmüşlər.
Sonra tədbir
iştirakçıları əsaslı şəkildə
yenidən qurulmuş parkı gəzmiş, burada
şəhər sakinlərinin istirahəti üçün
yaradılan şəraitlə yaxından tanış
olmuşlar.
Bayram
iştirakçılarını salamlayan Şəki
Şəhər icra hakimiyyətinin başçısı
Nazim İbrahimov müasir mərhələdə milli
mədəniyyətlərin qarşılıqlı
münasibətlərinin mühüm əhəmiyyət
kəsb etdiyini bildirmiş, bu amil nəzərə alınmadan
xalqlar arasında əməkdaşlığı,
mədəni-mənəvi inteqrasiyanın səmərəli
rolunu təsəvvür etməyin çətin olduğunu
qeyd etmişdir. İnsanlığın tarix boyu
yaratdığı ən böyük sərvətin,
nemətin sivilizasiya olduğunu bildirən natiq bu gün
Şəkidə bəşər sivilizasiyasının
möhkəm təməl sütunları və zəngin
tarixi-mədəni kökləri olduğunu xüsusi
vurğulamışdır. İcra başçısı qeyd
etmişdir ki, Azərbaycan xalqının tarixində
böyük bir mərhələni təşkil edən,
qədim türk tayfaları, alban abidələri, islam-türk
mədəniyyətinin zəngin tarixini özündə
əks etdirən qədim memarlıq abidələri
göstərir ki, Şəki xalqımızın min
illərlə yaşatdığı tarixi özündə
qoruyub saxlamaqla yanaşı, həm də müasirliyin,
mədəniyyətlərarası dəyərlərin
aşkar edilməsində də mühüm rol oynayır.
Mərasimdə
çıxış edən Rumıniyanın
ölkəmizdəki səfiri Nikolaye Ureke səmimi
qonaqpərvərliyə görə şəhər rəhbərliyinə
dünyanın 3 qitəsini təmsil edən səfirliklərin
nümayəndələri adından təşəkkür
etmiş, gözəl və qədim Şəki ilə
tanışlıqlarından, insanların isti
münasibətlərindən razı qaldıqlarını
bildirmişdir.
Tədbirdə
iştirak edən ərəb dövlətlərinin
səfirləri adından bayram iştirakçılarına
xoş arzularını çatdıran Misir səfiri Yusif
Əhməd İbrahim əl-Şarkavi son illər Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
çox böyük iqtisadi irəliləyişlərin
baş verdiyini bildirmiş, Şəkinin hazırda çox
mühüm və strateji cəhətdən xüsusi
əhəmiyyət daşıyan bir regiona çevrildiyini
vurğulamışdır. Misir səfiri milli-mədəni
irsin qorunması sahəsində Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın xidmətlərini çox yüksək
qiymətləndirmiş, böyük əhəmiyyət
daşıyan, xalqları bir-birinə daha da yaxınlaşdıran
belə bir bayramın keçirilməsini təmin
etdiklərinə görə AMEA Tarix İnstitutuna,
Mədəniyyət və Turizm Nazirliyinə və
Şəki Şəhər icra hakimiyyətinin rəhbərliyinə
minnətdarlığını bildirmişdir.
İncəsənət ustalarının maraqlı konsert proqramına tamaşa etdikdən sonra bayram iştirakçıları Fazıl kəndində yerləşən və eramızdan əvvəl II minilliyin 2-ci yarısına aid olan qədim yaşayış məskəni - Təpəbaşı nekropolu ilə, "Əbədi sükut dünyası" labirinti ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, bəşər sivilizasiyasının inkişaf tarixini özündə əks etdirən bu abidə insanlığın tapındığı müqəddəs yerdir. 1984-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən tədqiqata cəlb olunan bu ərazi antik və orta əsrlərdə beynəlxalq ticarət yollarının üzərində yerləşirdi. Buranın əhalisi uzaq və yaxın ellərlə sıx ticarət və mədəni əlaqələr qurmuşdu. Burada yaradılan muzeyin ekspozisiyası Qafqaz Albaniyası dövrünü əhatə etsə də, daha qədim dövrlərə aid olan maddi və mənəvi mədəniyyətimizi özündə əks etdirir. Dəfn yerinə düzülən əşyalar yerli xalqın mifoloji, fəlsəfi, dini dünyagörüşünü geniş şəkildə izah edir, əcdadlarımızın keçdiyi tarixə işıq salır. Labirint Azərbaycanın qədim dövrlərindən, hətta daş dövründən qaynaqlanan folklorunu, mifologiyasını, həqiqi tarixini özündə əks etdirir.
Labirintlə tanışlıqdan sonra qonaqlar Kiş kəndindəki qədim alban məbədinə ekskursiya etmişlər. Məbədlə tanışlıqdan əvvəl qonaqlar abidənin yaxınlığında görkəmli Norveç alimi, etnoqrof, arxeoloq və səyyahı Tur Heyerdalın büstünün açılışında iştirak etmişlər. Mərasimdə çıxış edən Norveç səfiri Yon Ramberq abidənin açılışının onlar üçün xoş bir sürpriz olduğunu qeyd etmiş, bu diqqətə görə şəhər rəhbərliyinə öz xalqı adından minnətdarlığını bildirmişdir.
Sonra qonaqlar məbədlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında xristianlığın mərkəzlərindən olan Kişdə yerləşən bu məbəd bir neçə il öncə Norveçdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə bərpa edilmişdir. Sonra bayram iştirakçıları məbədin həyətində çay süfrəsi ətrafında kamera musiqisini dinləmiş, rəqs kollektivlərinin ifasında müxtəlif xalqların rəqslərinə tamaşa etmişlər.
Bayram tədbiri sonra Şəki şəhərindəki "Yuxarıbaş" Dövlət Tarix Memarlıq Qoruğuna daxil olan Qala divarlarının ərazisində davam etdirilmişdir. Qonaqlar Şəki sənətkarlarının əl işləri, xalq tətbiqi sənət nümunələri, satış-yarmarka ilə tanış olmuşlar. Şəki xanlarının sarayında bayramın təntənəli bağlanışı olmuşdur.
Bayram tədbiri maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatmışdır.
Respublika.- 2008.- 29 iyun.- S. 8.