Məhərrəmova T.

 

Həyatımın 18 ilini oğurladılar

 

Gülcahan Güləhmədova-Martınova, Xalq artisti:

Teatrda reyissorun həyatını asan adlandırmaq olmaz

 

Hətta bu gün, teatr kollektivlərinin tanınmış qadın rəhbərlərinin dünyaya səs saldığı bir vaxtda belə, reyissor sənəti yenə də faktiki olaraq qadın sənəti hesab olunmur. Amma hələ yarım əsr bundan əvvəl Gülcahan Güləhmədova-Martınova Teatr İnstitutunun reyissorluq fakültəsini bitirib, diplomla S.Vurğun adına Rus Dram Teatrına gələndə bizim ölkədə bu, heç kəsin yuxusuna gəlməzdi. 60-cı illərdə onun hər tamaşası - Şillerin "Mariya Stüart", Gipsenin "İki nəfər üçün yelləncək", Razdinskinin "Məhəbbət haqqında 104 səhifə" və s. şəhərin mədəni həyatında bir hadisə olub. Bütün bu tamaşalar Bakı Rus Dram Teatrının Qızıl Fondudur. Hələ onun Azərbaycanın ən gözəl qadınlarından biri olmasını demirik. Bunu onun keçmiş şəkilləri sübut edir. Ancaq çox təəssüf ki, hər yerə səs salan tamaşaların müəllifi və Azərbaycanın ilk qadın reyissoru haqqında nə bir kitab, nə də böyük məqalələr yazılıb. Hətta iki il bundan öncə səssiz-səmirsiz keçən 80 illik yubileyinə həsr olunmuş məqalələr də yoxdur. Düzdür, o, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, Musiqi Akademiyasının professorudur. Bəlkə də diqqətdən kənarda qalmasının səbəbkarı özüdür. O, heç vaxt telekadra düşməyi, mətbuat konfransları keçirməyi xoşlamır. Öz işini görərək sakitcə həyat sürür. Deyir ki, belə həyat onun üçün daha xoşdur.

 

- İlk qadın teatr reyissoru kimi sizi necə qəbul elədilər?

- Xoşbəxtlikdən gənclik illərimdə tale mənim qarşıma Ədil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Cəfər Cəfərov, Məhərrəm Həşimov və başqa böyük ustadları çıxarıb. Necə deyərlər, xəmirimiz beləcə yoğrulub kündələndi. Bu gün malik olduğum çox şeyi o sənətkarlardan öyrənmişəm. Onlar özləri də bilmədən işlərini mənə etibar edirdilər. O sənətkarlar teatra səmimi münasibəti, kamilliyə doğru sarsılmaz cəhdləri, zəhmətkeşlik və maddi dəyərlərdən imtina kimi qaydaları mənə ötürürdülər. Yaşa dolduqca ağır, amma şərəfli həyat və sənət məktəbi keçdim.

1952-ci ildə Teatr İnstitutunun reyissorluq fakültəsini bitirdim. Müəllimim Mehdi Məmmədov idi. İndi də onun mənə bağışladığı Qorçakovun "Stanislavskinin reyissorluq dərsləri" kitabını saxlayıram. Bu mənim stolüstü kitabımdır. İnstitutu qurtaranda təyinatımı Rus Dram Teatrına aldım. Orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi görkəmli reyissorlarla işləməyə başladım.

Deyə bilmərəm ki, məni böyük məhəbbətlə qəbul elədilər. İnstitutu fərqlənmə diplomu ilə bitirib teatra gəlsəm də, 5 il assistentlik elədim. Daxil olduğum kollektivdə repertuara, tamaşanın qoyuluşunun "keyfiyyətinə" və başqa bu kimi şeylərə yüksək tələbkarlıq diqtə edən ənənələr hökm sürürdü. İşdən kənarda qalmaq mənimçün ağır olsa da, haqqımda "vaxtını əbəs sərf edir" deyirdilər. Aktyorlar məşqdən gedəndə: "Bu qız bizə nə verəcək?" - deyə narazılıqlarını gizlətmirdilər. Mən belə tənəli sözləri çox eşidir və dözürdüm. Amma bütün bunlara baxmayaraq, bu, əsl həyat və ustalıq məktəbi idi.

- Bəs sizi nə vaxt tanımağa başladılar?

- Mənim assistentliyim düz 5 il uzandı. O vaxta qədər müstəqil tamaşa hazırlaya bilmədim. İlk dəfə reyissor kimi quruluş verdiyim Viktor Rozevin "Şadlıq sorağında" tamaşası oldu. Hər şey də həmin gündən başlandı: anşlaqlar, güllər, pərəstişkarlar, bir sözlə, uğurlar... Daha sonra "Mariya Stüart", "Antogina", "Sən həmişə mənimləsən", "Varşava melodiyası", "13-cü sədr" və bir çox başqa tamaşa yarandı. Demək olar ki, hamısı bir yerdə 70-dən artıq tamaşaya quruluş verdim. Ən əsası o idi ki bizim çox ağıllı və ziyalı tamaşaçılarımız var idi. Onlar bizə çoxlu məktub yazır, telefon zəngləri edir, tamaşadan sonra qapının ağzında gözləyirdilər. Biz onlardan gizlənmirdik. Əksinə, onlarla görüşürdük. Bütün tamaşalarımı qastrola aparırdılar. Biz bütün ittifaqı gəzirdik və tamaşa hazırlamaq üçün mənim arxamca gəlirdilər. Hazırladığım tamaşalarda görkəmli sovet aktyorları Angelina Stepanova, Vera Mareskaya, Rostislav Plyatt, Nikolay Plotnikov və başqaları oynayırdı. Rozov, Safronov, Abdullin, Braginski bizə öz pyeslərini təklif edirdilər. Vaxt vardı ki, hətta mən bir qədər uğurlardan sehrlənmiş kimiydim. Teatrda reyissorun həyatını asan adlandırmaq olmaz - repertuar siyasəti, rəqabət, yaradıcı iztirablar, qərarların münasib həlli yolları, vəziyyət sıxanda, qarmaqarışıqlıq düşəndə yorucu məşqlər və bir anda adama elə gəlir ki, hər şey məhv oldu - bütün bu mənəvi eneryi itkiləri bəlkə yalnız kosmonavtlara məlum ola bilər, o da yalnız fövqəladə hallarda. Amma möcüzədir! Həllolunmaz görünən münaqişələr sonunda qucaqlaşmalar və sevinc göz yaşları ilə nəticələnir ki, bunu da yalnız yaradıcı, ziyalı adamlarda görmək olar. Bilirsinizmi, yaradıcı adamlar elə insanlardır ki, öz daxili mənlərindən imtina etməyə məcbur olur, özgənin maskasını geyinib başqa adamın adından səhnə ilə birbaşa ünsiyyətə girir, öz çətinlikləri və əhval-ruhiyyələrini kənara qoyaraq tamaşaçıların ağıl və qəlblərinə yiyələnirlər. Heç təəccüblü deyil ki, bu adamlar tamaşanın ərsəyə gəlməsi prosesində lal-dinməz, özündənrazı cizgilər göstərir, ərköyünlük edirlər. Hər halda sonunda yenə də vəziyyətin sahibi reyissor olmalıdır.

- Hal-hazırda çalışdığınız Opera Studiyası sizin üçün reyissorluğu əvəz edə bilirmi?

- Bura mənim ikinci evimdir. Ancaq teatrı əvəz edə bilmir. Teatr tamam başqa aləmdir. Bütün truppanı, artistləri, hətta kütləvi səhnələrə çıxanları, səhnə işçilərini, bilet paylayanları və b. adbaad xatırlayıram. Onların çoxu teatrda qocalıb və dünyadan köçüblər. Mən sona qədər onlar üçün sadəcə "Gülenka" qalmışam. Biz çox böyük ailə idik.

- Bəs siz niyə belə bir ailədən ayrılıb teatrdan getdiniz?

- Bu, çox böyük münaqişə üzündən baş verdi. Hansı ki, belə şey mənim həyatımda ilk və yeganə hadisə idi. "Yanrın" bütün xüsusiyyətlərinə uyğun olaraq satınalma, şantay, səhnə arxası satqınlıq və s.-dən istifadə olunurdu. Mən sarsıldım və ərizə yazıb getdim. Mənim bu addımım ədalət, yaradıcılıq azadlığı, tamah və yalan əleyhinə atılmış bir şücaət idi. İnsanlar çox zəifdir. Onlardan mənim əleyhimə istifadə edirdilər. Düzdür, sonradan qayıtmağımı təklif etdilər. Amma mənim fikrimcə, getmisənsə, birdəfəlik getməlisən. Onlar mənim həyatımın 18 ilini oğurladılar.

- İndi teatra qayıtmaq istərdinizmi?

- Yox... Ona görə yox ki, o teatr pisdir, başqadır, mənim deyil. Mənim ondan incikliyim yoxdur. Teatr mənimçün nə boyda xoşbəxtlik olub. Sonra mənim çoxlu işə başım qarışıb. Yenə əvvəlki kimi peşman olmuşam, sevmişəm, sevilmişəm. Çox istedadlı şagirdlərim olub. Həmişə böyük müəllimlərimin mənə öyrətdiklərini onlara öyrətməyə çalışmışam, onlarla fəxr eləmişəm. İndi teatrda əvvəlki səviyyəli tamaşalar yoxdur, şou xarakterli tamaşalar qoyulur. Özünün yaşlı sənətkarları olmadan teatr mövcud ola bilməz. Ənənəsiz də teatr sifətini itirər.

- Yenə də sizi əvvəlki kimi küçədə tanıyırlarmı?

- Hə, əvvəlki kimi tanıyırlar. İndi məni görəndə o vaxtları xatırlayır, o illərin teatrını yada salırlar. Mən 30 il tetrda işləmişəm. Mənim tamaşalarım oynananda teatr titrəyirdi. "Otello", "Mariya Tüdor", "Sən həmişə mənimləsən" tamaşalarını səhnələşdirmişəm. İndi nə barədə danışırlar? Ancaq şou... O vaxt tamam başqa idi. Bu tamaşalardan, aktyorlardan sonra teatra qayıtmaq istəmirəm. O mənimçün artıq özgə teatrdır. Daha mənim teatrım deyil. Həmçinin "Azdrama" da əvvəlki teatr deyil. Çünki artıq o teatrların heç birində əvvəlki repertuar, reyissura və aktyorlar yoxdur. O vaxtlar necə reyissorlar, aktyorlar vardı! Mehdi Məmmədov, Rza Təhmasib, Sidqi Ruhulla, Mirzəağa Əliyev, Barat Şəkinskaya, Hökumə Qurbanova, Fatma Qədri... Onda teatra münasibət başqa idi. İndi teatrda qəpiyə görə tamaşalar qoyulur. Mən 69 rubl maaş alırdım. Bütün müəlliflər istəyirdilər ki, əsərlərini mən səhnələşdirim. Onda yaradıcılıq ab-havası yaxşı idi.

- Teatrdan uzaqlaşdığınız gün hansı hissləri keçirdiniz?

- 1982-ci ildə teatrdan uzaqlaşdım. Çölə çıxanda məni teatrın ətrafında gözləyirdilər. Məni dövrəyə alıb dərhal Opera Studiyasına gətirdilər. Məni rektor qarşıladı və bura götürdülər. Deməyim odur ki, indiyə qədər bir dəqiqə də boş oturmamışam. İstedadlı tələbələrim var. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinə verdiyim televiziya quruluşundan sonr teatr səmasında yeni ulduzumuz - Məlahət Abbasova parladı. Opera Studiyasında da istedadlı, ümidverən tələbələrim çoxdur. Hər ad günümdə - iyunun 23-də onlar mənə dünyanın hansı ölkəsində olsalar da zəng edirlər. Bu məni sevindirir. Onlar mənim ad günümü unutmurlar. Bu mənimçün hər şeyə dəyər. Hiss edirəm ki, boş yerə çalışmamışam.

 

Kaspi.- 2008.- 24 iyun.- S. 11.