Nizamiqızı H.
Cümhuriyyət dövründə
teatr
Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması və fəaliyyəti milli
teatr sənətimizin təbliği və inkişafında da
müstəsna rol oynayıb. Qısa zaman
kəsiyində xalqın
taleyində tarixi dönüşə müvəffəq
olan AXC hökumətinin
maarif nazirliyi mədəniyyət siyasəti
ilə bağlı müəyyən işlər
görərək, o vaxt daha populyar
olan teatrlara dövlət statusu verilməsinə nail olur. Beləliklə,
1919-cu ildə Bakıdakı
mövcud teatr truppalarının əksəriyyəti
birləşdirilərək "Hökumət Türk Teatrosu" adlandırılır.
Bununla da teatr tam
şəkildə dövlət təsisatına keçir. Bu vaxta qədər
milli teatrımızın
inkişafına çalışan
qruplar truppalar şəklində fəaliyyət
göstərirdilər. Tamaşalar
o zaman əsasən
opera teatrında və "Türk ocağı"nda oynanılırdı. Opera
teatrı isə, təbii ki, əsasən rus operası kollektivinin ixtiyarında idi.
Bu proses teatrların dövlət stutusu almasına qədər davam etdi. Türk Dövlət Teatrının
(indiki Akademik Milli Dram Teatrı)
dövlət təsisatı
kimi rəsmi qeydiyyata düşməsi
1919-cu ilin avqustundan başlayıb. Onun rəsmi açılışı
isə həmin il oktyabrın 24-də olub. Qulamirza
Şərifzadə teatrın
direktoru, Zülfüqar
bəy Hacıbəyov
isə müavin təyin edilir. Teatr heyətinin vəkili missiyası isə Məmmədəli
Sidqiyə həvalə
edilir. Bu barədə Cümhuriyyət
hökumətinin rəsmi
orqanı olan "Azərbaycan" qəzetinin
1919-cu il sentyabr-oktyabr
saylarında müvafiq
materiallar, elan xarakterli yazılar, bildirişlər də dərc edilir. Teatra aktyorlar dəvət etmək barədə verilən elanlarda dram, opera və
operetta teatrlarının
dövlətin olacağı
barədə qeydlər
də yer alırdı. Həmin il oktyabrın 22-də qəzet truppaya daxil olanların aşağıdakı
ardıcıllıq və
formatda siyahısını
dərc edir:
"Rejissorlar: Aleksandr
İvanov
Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla (növbəti
rejissorlar)
Rəssam: Əzim Əzimzadə
Aktrisalar: Qəmər
Topuriya, Yeva Olenskaya, Aleksandra (Şura) Olenskaya, Nataliya Lizina,
Məxfurə Yerimakova, Panfiliyia Tanailidi, Leyla xanım.
Aktyorlar: Həsən
Səbri Abdullazadə, Məhəmmədtağı
Bağırov, Ələkbər Hüseynzadə, Xəlil
Hüseynov, Hüseynağa Hacıbababəyov, Ağasadıq
Gəraybəyli, Rza Darablı, Bağır Cabbarzadə,
Əli İslam Dadaşov, Möhsün Sənani
(Cəfərov), Mirabdulla Miriyev (Mirinski), Yunis Nərimanov, Hüseynqulu
Sarabski, Sidqi Ruhulla, Mirpaşa Sadıqov, Hacıbaba
Şərifzadə, Abbasmirzə Şərifzadə".
Rəsmi olaraq
işə qəbul edilən heyətlə Türk
Dövlət Teatrosunda bir-birindən maraqlı
əsərlər səhnəyə qoyulur. Onu da deyək
ki, siyahıda adı qeyd olunmayan
Mirzağa Əliyev, Hacıağa Abbasov, Əlihəsən Anaplı,
Murad Muradov kimi aktyorlar dövlət teatrının
tamaşalarında iştirak
edirdilər. Heyətdə
yer almamaları isə, hələ ki, müstəqil fəaliyyətdən qalmamaları
ilə əlaqədar
idi. Həmin dövrdə baş rejissor vəzifəsini isə gah Abbasmirzə
Şərifzadə, gah
da Aleksandr İvanov icra edirdi.
Rəsmi
açılışa qədər kollektiv bir neçə uğurlu
tamaşaya imza atıb. Bu siyahıda əsasən
azərbaycanlı rejissor
və aktyorların quruluşunda "Qəzavat",
"Hicranlar", "Sultan
Əbdülhəmidin xəli",
"Azərbay və can", "Cəhənnəm",
"Pəri cadu",
"Ağa Məhəmməd
şah Qacar",
"Ədirnə fəthi",
"Bakı müharibəsi",
"Nadir şah",
"Vətən", "Ölülər", "Müsibəti
Fəxrəddin",
"Bakı uğrunda
müharibə" kimi
dramatik və komik tamaşalar oynanılır.
Bu vaxt ərzində
həmçinin mütəmadi olaraq digər opera və
operettalar da oynanılırdı. Teatrın rəsmi
açılışı, qeyd etdiyim kimi,
oktyabrın 24-də olub. Ölkədə mədəniyyət hadisəsinə
çevrilən bu fakt münasibətilə
4 gün bayram edilir. Bu günlərdə "Azərbay
və can", "Dəmirçi gəva"
və "Bakı uğrunda müharibə"
tamaşaları teatrsevərlərin
ixtiyarına verilir. Bu münasibətlə ölkə qəzetlərində
məqalələr də
dərc olunur, tanınmış ziyalı
və yazarlar resenziya xarakterli yazılarla çıxış
edirlər.
Rəsmi
açılışda hökumət başçısı
başda olmaqla bütün rəsmi dövlət
nümayəndələri iştirak edirlər.
Teatrın bu dövrkü fəaliyyəti
barədə tanınmış
teatrşünas İlham
Rəhimlinin "Azərbaycan
teatr tarixi" kitabında geniş məlumat verir. Alim həmin ilin sonuna kimi teatrın
Hüseyn Bədrəddin
və Məhəmməd
Rüfətin "Əmir
Əbul Üla", Mehdi Baharlinskinin "Yezid ibn Müaviyyə",
Cəfər Cabbarlının
"Trablis müharibəsi",
Jan Batis Molyerin "Zorən təbib", Vilyam Şekspirin "Otello",
Cəlil Məmmədquluzadənin
"Ölülər", Nəriman Nərimanovun "Şamdan
bəy" kimi komediya və dram əsərlərini səhnəyə qoyduğunu
qeyd edir.
Bu vaxt ərzində həmçinin Üzeyir və Zülfüqar Hacıbəyovların musiqili
əsərlərinin də
oynanıldığını deyən İ. Rəhimli həvəskarlardan ibarət
qrupların da müxtəlif adlar altında fəaliyyət göstərdiklərini də
vurğulayır. Bu
qruplar truppalar şəklində bir sıra mədəni maarif cəmiyyətləri
daxilində fəaliyyət
göstərirdilər. Bunların
fonunda inkişaf yolu keçən teatrın təsisatı cümhuriyyət dövründə
mədəniyyətin faktına
çevrildi və
1919-cu ildən bu günədək sürətli
inkişaf yolu keçdi. Akademik Milli Dram Teatrında addəyişmələri
xatırlatmağa da ehtiyac var. İlk
olaraq Hökumət Teatrosu kimi təşəkkül
tapan yaradıcı kollektivin adı afişa və proqramlarında "Azərbaycan
Dövlət Türk Teatrosu", "Dövlət
Türk Teatrosu" və "Dövlət Teatrosu" kimi də yazılıb.
Rəsmi olaraq 1919-cu ilin 24 oktyabrından 27 aprel 1920-ci ilə kimi bu adla
fəaliyyət göstərən
teatrın öz binası olmayıb. Cümhuriyyət dövründə
teatr mövzusunu araşdırdıqda maraqlı
faktlar da üzə çıxır.
Belə ki, teatr tamaşaları zamanı olan fasilələrdə səsləndirilən
musiqi parçalarını
Məhəmməd Əmin
Rəsulzadənin teatr
haqqında mühazirələri
əvəz edir. Bu fakt həm dövlətin
mədəniyyətə, incəsənətə
teatra göstərdiyi
diqqət və qayğının təzahürü
olmaqla yanaşı, həm də dövrün qabaqcıl ziyalı və dövlət xadimlərinin
yüksək səviyyəsindən
xəbər verir.
Bu faktı təsdiqləyən
material hazırda Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyində saxlanılır.
Ümumilikdə teatr tariximizin bütün dövrlərini əks etdirən muzeydə ayrıca "Demokratik Cümhuriyyət dövründə
teatr" bölməsi
fəaliyyət göstərir.
Burada Əbdülrəhim
bəy Haqverdiyevin
"Kimdir müqəssir"
tamaşasının (1918-ci il 15 yanvar) proqramı
və Məhəmmədəmin
Əmin Rəsulzadənin
mühazirəsi var. Guşə barədə məlumat verən muzeyin əməkdaşı Lalə
xanım burada, ümumən Cümhuriyyət
dövründə oynanılan
tamaşalara - Əbdülrəhim
Haqverdiyevin "Pəri
cadu", Üzeyir Hacıbəyovun "O olmasın,
bu olsun", "Arşın mal alan" əsərlərinin,
Müslüm Maqomayevin
"Şah İsmayıl"
opera və operettalarının proqram, afişa və elanlarının qorunduğunu bildirdi. Bölməylə tanış olarkən
Azərbaycanın mədəni
həyatında, teatrında
inkişafa yol açan bu dövr ərzində tamaşaya qoyulan "Qəzavat", "Bəhlul
Danəndə", "Aşıq
Qərib", "Gavə
ahəngdar" tamaşalarının
proqramlar da diqqət çəkir.
Eyni zamanda bu illərdə fəaliyyət göstərən
aktyor və aktrisalar Alenkaya, İsfahanlı, Kazım Ziya, Hüseyn Ərəblinskinin nadir fotoları da maraqlı eksponatlardandır.
Xalq cəbhəsi.- 2008.- 13 iyun.- S. 10.