Seyidov H.

 

Şərur Xalq Teatrı I Ümumrespublika müsabiqəsində ikinci yeri tutub

 

Teatrın kollektivi ikinci dərəcəli diplomla, 750 manat pul və maqnitafonla mükafatlandırılıb

 

Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında incəsənət sahələrinin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin bu istiqamətdə atdığı addımlar Azərbaycan mədəniyyət tarixində sözün əsl mənasında, yüksəliş mərhələsinin əsasını qoyub. Sevindirici haldır ki, incəsənət təmayüllü təhsil müəssisələrinin hamısı məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə yaradılıb.

Xatırladaq ki, Naxçıvan MR-də ilk teatr 1883-cü ildən fəaliyyət göstərir. Şərurda isə 1938-ci ildə dram dərnəyi kollektivi yaranıb. Hələ 1887-ci ildə böyük ədib C.Məmmədquluzadə Baş Noraşen (indiki Cəlilkənd) kəndində dərs dediyi zamanda onun şagirdləri "Çay dəsgahı" əsərini ilk dəfə olaraq tamaşaya qoymuşlar. Bu gün isə Şərur rayonunda incəsənətin digər sahələri ilə yanaşı həm də xalq teatrı fəaliyyət göstərir.

Əsasən Şərur rayonunda teatr 1970-ci ildən inkişaf etməyə başlayıb. O illərdən başlayaraq rayonun teatr kollektivi kəndlərdə məktəblilər zəhmətkeşlər qarşısında S.Vurğunun Vaqif, C.Məmmədquluzadənin "Ölülər" tamaşasını dəfələrlə göstəriblər.

Sonralar Naxçıvan MR Mədəniyyət Nazirliyi Şərur rayon dram kollektivinə "Xalq teatrı" statusu 1981-ci ildə verilib.

1981-83-cü illərdə Şərur Rayon Xalq Teatrı yaxşı fəaliyyət göstərirdi. Onun repertuarında Qəni Hüseynovun "Nicat", Malik Muxtarın "Zəngulənin zəngləri", M.F.Axundovun "Tamahkar", Ü.Hacıbəyovun "Leyli Məcnun" operasından parçalar s. göstəriblər.

1988-1993-cü illərdə respublikamızda gedən ictimai-siyasi hadisələr bu teatrda da durğunluq yaratdı. Bir çox çətinliklərdən sonra 2002-ci ildə Şərur Rayon Xalq Teatrı özünü təsdiqləyib, tamaşaçıların sevimlisinə çevrilib.

2005-ci ildən Şərur Rayon Xalq Teatrı Rza Təhmasibin adını daşımağa başlayıb. Bu teatra artıq gənc, istedad rejissor Nəsimi Məmmədxan rəhbərlik etməyə başladı. Bu günrdə onunla görüşdük. Mənə onun Azərbaycan İncəsənət İnstitutunu bitirdiyi məlum idi. Gənc yaşlarında teatrda tamaşalara quruluş verib. Gənc rejissor "Ən cəsarətli rejissor" adına layiq görülüb. Sonralar xalq artisti Rasim Balayevin sədrlik etdiyi imtahan komissiyası N.Məmmədxanlıya "əla" qiymət verib. Orduda xidmətini başa vuran Nəsimi doğma kəndi olan Mahmudkəndə qayıdıb və ömrünü Şərur Xalq Teatrına bağlayıb. Demək olar ki, o vaxtdan bu teatr inkişaf yoluna qədəm qoyub. Teatra yeni, bacarıqlı aktyorlar cəlb edilib. Odur ki, teatr bir-birinin ardınca yeni tamaşalar hazırlayıb. Şərur Rayon Xalq Teatrı 2006-cı ildə Naxçıvan MR Ali Məclisinin fəxri fərmanına layiq görülüb, teatrın aktyoru Elçin Arzumanlıya keçən il "Əməkdar mədəniyyət işçisi" fəxri ad verilib.

Bu yaxınlarda Nəsiminin hazırladığı M.F.Axundovun "Müsyö Jordan Dərviş Məstəli Şah" komediyası xalq teatrına şöhrət gətirib. Abdulla Şaiq adına Kukla Teatrında 54 kollektivin iştirak etdiyi müsabiqədə Təhmasib adına Şərur Rayon Xalq Teatrı ikinci yeri tutub diplomla 750 manat pulla, maqnitafonla mükafatlandırılıb.

 

Azad Azərbaycan.- 2008.- 11 iyun.- S. 7.