Babayeva T.

 

Cansızların canlı oyunu…

 

Son illərdə mədəniyyət sahəsindəki dəyişikliklər nə qədər müsbət olsa da, etiraf etmək lazımdır ki, müxtəlif yaş qrupundan olan adamların ehtiyaclarının ödənməsində bəzi problemlər var. Televiziya, radio, habelə müxtəlif yerlərdə keçirilən mədəni tədbirlər yaşlı və orta nəslin bədii zövqünə uyğundur. Uşaqlar televiziyalarda nümayiş etdirilən seriallar, şou-xəbər, tok-şoular arasında uzaqbaşı bir neçə əcnəbi animasiya filminin zəif dublyaj variantına ümid edə bilirlər.
Amma ötən həftə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbir məhz balaca tamaşaçılara hesablanmışdı. Bir həftə ərzində paytaxt uşaqları həm Bakıda, həm də əyalətdə fəaliyyət göstərən kukla teatrlarının tamaşalarına baxa bildilər. Kukla teatrlarının əsasən uşaqların təfəkkürünün, bədii-estetik zövqünün formalaşmasında oynadığı əhəmiyyəti nəzərə alan nazirlik bu idarələrin fəaliyyətini nəzərdən keçirmək qərarına gəlib. Kukla Teatrları Həftəsinin keçirilməsində məqsəd müxtəlif sənət düşüncələrini bir araya gətirərək, ölkədəki kukla teatrlarının yaradıcılıq fəaliyyətlərinin təhlil edilməsi və mütəxəssis rəyinin öyrənməsidir.

Biz də əyalət teatrlarının paytaxta toplanmasından istifadə edərək, onların fəaliyyəti və adıçəkilən tədbirin onların işinə nə kimi səmərə verəcəyini öyrənmək üçün bəzi teatr rəhbərlərilə görüşdük.
Əyalət teatrı: nə var, nə yox?

Salyan Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılov

Salyan Kukla Teatrı fəaliyyətinə 1973-cü ildə dərnək kimi başlayıb. Dərnəyin yaradıcısı vaxtilə Bakı Dövlət Kukla Teatrında çalışmış Cahangir Qaraşov olub. Sonradan o, ətrafına digər həvəskarları da toplayaraq, dərnəyin fəaliyyətini genişləndirib. Həmin dərnək 1975-ci ildə xalq kollektivi adına layiq görülüb, 1994-cü ildən isə dövlət teatrı statusunu alıb. Qısa müddət ərzində teatra gözəl sənətçilər gəlib və onlar Əli Səmədlinin "Artıq tamah baş yarar" əsəri əsasında ilk tamaşalarını təqdim ediblər.
- Bu gün də teatrımızın repertuarı zəngindir. "Yetim fatma", "Gəlincik", "Arşın mal alan" kimi tamaşalarla yanaşı, teatrımızda əyləncəli proqramlar da hazırlayırıq. Bakıda keçirilən Kukla Teatrları Həftəsinə isə
F.Ağayevin "Cırtdan və sehrbaz", A. Şaiqin "Danışan kukla" əsərlərini gətirmişik. Qeyd edim ki, kollektivimizdə 14 nəfərdən ibarət yaradıcı heyət çalışır. Teatrın baş rejissoru Rafiq Mirzə, rəssamı Ceyhun Rüstəmbəylidir. Tamaşalara musiqi tərtibatını isə Fəzail Mehdiyev verir. Aktyorlarımızdan Rauf Həsənovun, Mədinə Ramazanovanın, Elnur Muradovun, Qalib Məlikovun, Aygün Muradovanın adlarını çəkə bilərəm.Teatrımızın kuklalar hazırlamaq üçün öz sexi, rəssamlıq emalatxanası var. Əvvəllər bu baxımdan çətinlik çəkirdik, kuklaları, dekorasiyaları başqa yerlərdən gətirirdik. Teatrımız təmir olunandan sonra fəaliyyətimiz üçün istənilən şərait yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Salyanın İcra Hakimiyyəti teatrdan qayğılarını əskik etmirlər. Teatrımız tamaşalarını təkcə Salyanda deyil, digər rayonlarda da, o cümlədən Lənkəranda, Cəlilabadda, Nefçalada, Biləsuvarda, Şirvanda, Hacıqabulda, Sabirabadda nümayiş etdirir. Həm uşaqlar, həm də böyüklər üçün tamaşa hazırlayırıq. Çalışırıq ki, hər iki tamaşaçı auditoriyasının zövqünü oxşaya bilək. Kadr qıtlığı ilə üzləşməmək üçün həvəskarlar studiyası yaratmışıq. Məktəblilərin, gənclərin iştirak etdiyi müsabiqələr təşkil edirik, öz kadrlarımızı yetişdiririk. Bu il isə teatrımızın fəaliyyətə başlamasından 35 il keçir. Teatr kollektivi böyük səylə yubileyə hazırlaşır. Yubiley münasibətilə tamaşaçılar qarşısında daha rəngarəng proqramla çıxış etmək fikrindəyik.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru, əməkdar artist Yasəmən Ramazanova

Naxçıvanda kukla teatrı 1989-cu ildə sentyabrın 14-də yaradılıb. 2004-cü ildə isə teatra M.T. Sidqinin adı verilib.
- Bizim teatrda müxtəlif səpkili tamaşalar hazırlanır. Burada Azərbaycan klassiklərinin, Naxçıvanda yaşayan yazıçı və şairlərin əsərləri oynanılır. Teatrımız dəfələrlə Türkiyədə qastrol səfərlərində olub, İranda 24-cü Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Teatrda çox gözəl şəraitimiz var. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi binamızı təmir edib. Artıq 4 ildən artıqdır ki, biz həmin binada fəaliyyət göstəririk. Quruluşçu rejissorumuz Nadir Hüseynov, baş rəssamımız Əli Səfərov, quruluşçu rəssamımız Rafael Qədimov, kukla hazırlayan rəssamımız isə Vüqar Bayramovdur. Cəmi on aktyorumuz olsa da, çox istedadlıdırlar. Vəsmə Quliyeva, Ulduz Süleymanova, Gülnar Babayeva, İlqar Babayev, İbad Nəbiyev, İlham Babayev, Rza Zamanov kimi aktyorlarımızın adlarını qeyd edərdim. Ümid edirəm ki, gələcəkdə aktyorlarımızın sayı daha da çoxalar. Tamaşaçı baxımından isə qıtlığımız yoxdur. 200 nəfərlik zalımız həmişə dolu olur. Bəzən hətta tamaşaçıların sayı zaldakı yerlərin sayını keçir. Tamaşaçı marağının səbəbi isə repertuarımızdakı əsərlərin bir-birindən fərqlənməsidir. Biz müasir günü göstərməklə yanaşı, tariximizi də unutmuruq, tarixi əsərləri də səhnələşdiririk. Hər dəfə balaca tamaşaçılarımıza yeni mövzu təqdim edirik. Tamaşaçıların marağını nəzərə alaraq, teatrın öz vəsaiti hesabına il ərzində əlavə bir tamaşa da hazırlayırıq. Hərbi hissələrdə, əlil uşaqlar üçün məktəblərdə də xeyriyyə tamaşaları veririk. Muxtar Respublikanın demək olar ki, bütün kəndlərində tamaşalarımızla çıxış etmişik. Bakıdakı Kukla Teatrları Həftəsində isə A.Şaiqin "Gözəl bahar" və S.S.Axundovun "Qaraca qız" əsərləri əsasında səhnələşdirilmiş tamaşalarla çıxış etdik. Mədəniyyət və Turizm Nazirliyinin ilk dəfə olaraq təşkil etdiyi bu tədbir teatrların fəaliyyətinə müsbət təsir göstərəcək. İlk növbədə teatrlar bir-birinin işiylə tanış olacaq, təcrübə mübadiləsi aparacaqlar. Aktyorlar, rejissorlar, rəssamlar ünsiyyət yaradacaq, digər teatrların kuklaları ilə tanış olacaqlar. Çünki hər bir teatrın öz xüsusiyyətləri, öz forması var. Belə tədbirlərdə istər-istəməz nəyisə öyrənir, nəyisə əxz edirsən. Məqsəd xalqımıza, böyüyən nəslə daha səviyyəli tamaşalar göstərmək, onları milli ruhda böyütməkdir.

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov

Qax Dövlət Kukla Teatrının əsası 1973-ci ildə dərnək kimi qoyulub. 1976-cı ildə xalq teatrı, 1992-ci ildə isə dövlət teatrı statusunu alıb.
- Teatrımız tez-tez qonşu ölkələrdə qastrolda olur, festivallarda işitirak edir. Turkiyədə keçirilən festivalda laureat adını alan teatrımız, həm də 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl dərviş" mükafatına layiq görülüb. Hazırda teatrımızın repertuarında altı tamaşa var - "Ər-arvad", "Tülkünün hiyləsi", "Tülkünün uçuşu", "Tənbəl Əhməd", "Ələddinin sehirli çırağı" və "Əhmədin vəfalı xoruzu". Hazırda isə teatr truppası xalq nağılı "Qoğal" əsasında yeni tamaşa hazırlayır. Aktyorlarımızdan Araz Mehrabovu, Azər Kərimovu, Afət Yaqubovanı qeyd edə bilərəm. Yusif Əbdülrəhmanov isə həm aktyor, həm də baş rejissor kimi çalışır. Bir az kadr qıtlığımız var. İstərdik ki, ali məktəbi bitirmiş atyorlarımızın sayı çox olsun. Teatrın şəraitinə gəlincə isə, keçən il A.Şaiq adına Dövlət Kukla Teatrı təmir olunan zaman, onun bütün avadanlıqları bizim teatra verildi. Hazırda biz həmin inventarlardan istifadə edirik, teatrımız gözəl bəzədilib. Düzdür, teatr binasının təmirə ehtiyacı var. Amma 2009-2010-cu illərdə teatrın təmir ediləcəyi planlaşdırılıb. Keçən il isə bizə bir rəssam gəlib. Öz stili, dəst-xətti ilə fərqlənən bir rəssamdır. O, yeni layihə üzərində işləyir. Kuklaları tamam başqa tərzdə hazırlamaq, səhnənin tərtibatını dəyişdirmək istəyir. Teatra bir yenilik gətirmək istəyir. Ümid edirik ki, ortaya maraqlı iş qoya biləcəyik.
Həm Qaxda, həm də qonşu rayonlarda - Balakən, Zaqatala və Şəkidə tamaşalar oynayırıq. Nazirliyin və səfirliyin xətti ilə Gürcüstanda yaşayan soydaşlarımızın qarşısında çıxış edirik. Paytaxt tamaşaçılarına isə Rəhman Əlizadənin "Tülkünün uçuşu" və Aybəniz Ağazadənin "Tənbəl Əhməd" tamaşalarını göstərdik. Qeyd etmək istəyirəm ki, nazirliyin təşkil etdiyi bu teatr həftəsi beş kukla teatrı üçün böyük əhəmiyyət kəsb edir. Həm aktyorlar, həm rəssamlar, həm rejissorlar - bütünlüklə yaradıcı heyət bu layihədən bəhrələnəcək. Həm fikir mübadiləsi aparılacaq, həm işimizə qiymət veriləcək. Kuklaların hazırlanmasında təcrübəmizlə bölüşəcəyik. Hər halda bu tədbirin Qax Kukla Teatrı üçün böyük xeyri olacaq.

 

Xəzər.- 2008.- 21 iyun.- S. 18.