Məhərrəmova T.
Ömrümüzün ən yaxşı vaxtlarını
səhnəyə qurban
verdik
Sona
Dadaşova, rəqqasə:
İndi fikirləşirəm
ki, o əziyyətləri
nahaq yerə çəkmişəm
Bir qrup sənət adamı var ki, onlar
uzun illər incəsənət aləmində
çalışmalarına baxmayaraq, əməklərinə
layiqli qiymətin verilməməsindən gileylidirlər.
Ancaq gileylərinin səsini özlərindən
başqa eşidən
yoxdur. Qocaman rəqqasə Sona Dadaşova da belə sənətkarlardandır.
Səhnədə düz
30 il çalışıb.
Milli rəqslərimizi
məharətlə yaşadıb.
İncəsənətimizi bir çox ölkədə layiqincə
təbliğ edən rəqqasənin bugünkü
gileyi milli rəqslərimizin ögeyləşməsi
ilə bərabər,
əməyinə layiqli
qiymətin verilməməsidir.
- Siz xoreoqrafiya məktəbini bitirib nə üçün balerina kimi çalışmadınız,
rəqqasə oldunuz?
- Məktəbi bitirəndən
sonra nişanlandım.
Nişanlım məni
işləməyə qoymadı.
"Azərbaycanlı qızı
balet ustalarının
paltarını geyinməz.
Ya mən, ya da opera
səhnəsi" - deyə
qarşıma şərt
qoydu. Mən də təbii ki, onu seçdim.
Sonra yoldaşım səhnəsiz yaşamağın
çətin olduğunu
görüb Filarmoniyada
işləməyimə razılıq
verdi.
- O zaman qızların rəqsə
getməsinə o qədər də yaxşı baxmırdılar.
Siz bu maneələri
necə adlamışdınız?
- 19 saylı orta məktəbdə oxuyanda bir gün görkəmli
balerina Qəmər Almaszadənin rəhbərliyi
ilə bir neçə nəfər məktəbə gəldi.
Onlar hər yeri gəzib istedadlı uşaqları
axtarır, kimin rəqsə həvəsi olması ilə maraqlanırdılar. Müəllim
də məni nişan verdi. Qəmər xanım məni direktorun kabinetinə dəvət edərək müəyyən
rəqs hərəkətləri
göstərdi, mən
də onları təkrarladım. "Sabah
xoreoqrafiya məktəbinə
gələrsən" - deyə
o bildirdi. Səhəri gün məni yoxlamadan məktəbə qəbul
etdilər. Həmin aydan mənə 50 manat təqaüd də verildi. Valideynlərim də etiraz eləmədi. Beləliklə, Xoreoqrafiya
Məktəbinin balet sinfini bitirdim. Bəxtim onda gətirdi ki, Qəmər Almaszadənin
tələbəsi oldum.
- Filarmoniyanın
səhnəsinə necə
yol tapdınız?
- O zaman Filarmoniyanın ən çal-çağırlı vaxtları
idi. Tanınmış
rəqqas Əlibaba Abdullayev rəqs kollektivinin bədii rəhbəri idi. Şövkət Ələkbərova,
Sara Qədimova, Rübabə Muradova, Tükəzban İsmayılova
kimi tanınmış
müğənnilər Filarmoniyanın
səhnəsində idilər.
Onlarla çox şəhərə qastrola
getmişəm. Tamaşaçılar
bizi hər yerdə çox gözəl qarşılayırdılar.
Hər gün keçirilən konsertlərdə
zal ağzına qədər dolu olurdu. 1948-ci ildən
1975-ci ilə qədər
Filarmoniyada çalışdım.
Həmin müddətdə
bir çox ölkəyə səfərə
çıxmışıq. Çində, Səudiyyə
Ərəbistanında, Tunisdə,
Avropanın bir çox ölkəsində,
Rusiyanın müxtəlif
şəhərlərində verdiyimiz konsertlər çox gözəl qarşılanıb. Tamaşaçılar
bizi səhnədən
buraxmırdılar. Biz
hər yerdə Azərbaycanı tanıdırdıq.
Ev-eşiyimizi, ailəmizi
qoyub dalbadal 3-5 ay qastrollarda olurduq. Səngərlərdə,
hospitallarda, rayonlarda konsertlər vermişik. Mahnı və Rəqs Ansamblında çalışan qadınlar
arasında yeganə texnikalı rəqqasə mən idim. Roza Cəlilova əsasən lirika oynayırdı. İkimiz də peşəkar rəqqasə idik. Bizdən başqa Filarmoniyanın səhnəsində
Şərqiyyə İsgəndərova,
Xoşbəxt Məmmədova,
Şəfiqə Hənifəyeva,
Aliyə Əliquliyeva
kimi rəqqasələr
çalışırdı. O biri rəqqasələr isə özfəaliyyətdən
gəlirdi. Elə Əminə Dilbazinin özü də özfəaliyyətin yetirməsi
idi.
- Bəzi rəqqasələrin adı
ilə hər hansı rəqsin adı bağlı olur və onlar
da həmin rəqsə öz möhürlərini vururlar.
Sizin necə, adınızla bağlı
hər hansı rəqs olubmu?
- Mən ən çox özbək rəqslərini oynayırdım.
Səhnəyə çıxarkən
tamaşaçıların alqış səsləri
kəsilmirdi. Bundan əlavə, milli rəqslərdən "Nəlbəki",
"Sevgilim", "Tərəkəmə",
"Üç gül"
rəqslərini sevə-sevə oynamışam. Başqa xalqların rəqslərini də məharətlə ifa etmişəm.
- Rəqqasələr
səhnədə yalnız
20 il çalışa
bilərlər. Necə oldu
ki, siz bu
limiti uzada bildiniz?
- Mən zahiri görkəmimi səhnəyə uyğun
olaraq qoruyub saxlayır, çəkimi
artmağa qoymurdum. Səhnədə çalışmağın əsas şərti zahiri görkəmcə uyğunluqdur. Mən
səhnədə 10 il də artıq çalışdım.
Bu gün də
həmin çevikliyimi
qoruyub saxlamışam.
- Səhnədən
ayrıldığınız günü necə xatırlayırsınız? Həmin gün
hansı rəqsi oynadınız?
- Həmin gün "Dostluq" rəqsini ifa etdim. Əlbəttə, biləndə ki,
üz-gözünün öyrəşdiyi,
həyatın qədər
sevdiyin bir işdən ayrılırsan,
adama pis təsir edir. Bu, çox kədərli
hissdir. Ancaq nə etmək
olar, bu, sənətin qanunudur.
Təqaüdə çıxandan sonra
isə pedaqoyi işlə məşğul
olmuşam. Tibb işçiləri
məktəbində, Pedaqoyi
İnstitutda, 8 saylı
internatda dərs demişəm. O vaxt tələbələrimin çoxu
erməni qızları
idi. Bir neçə il
müəllim kimi çalışdım. Onu da deyim ki, səhnəyə
olan sevgimi tələbələrlə dərs
keçərkən unudurdum.
- Bu gün ifa edilən
rəqslər haqqında
nə deyə bilərsiniz? Rəqs quruluşları xoşunuza gəlirmi?
- Bugünkü rəqslər balet rəqsləridir. Bu rəqslərin milli rəqslərə aidiyyəti
yoxdur. Səhnədə də balet oynayan qızlardır.
Çünki artıq səhnəyə
oynayan gəlmir.
Bu gün oynayanlar
da balet məktəbini qurtaranlardır.
- Tutaq
ki, yenə də səhnəyə çıxmısınız. Əvvəlki kimi oynaya bilərsinizmi?
- Əvvəlkindən
də yaxşı oynayaram. Qoy bugünkü istənilən
rəqqasə gəlib
mənimlə yarışsın,
görüm, bacararlarmı?
- Köhnə
illərin lentlərinə
baxanda hansı hissləri keçirirsiniz?
- Bu yaxınlarda televiziyanın Qızıl
Fondunda saxlanılan "Üç gül" rəqsimizi göstərirdilər.
Təəssüf ki, bu cür lentləri
sübh tezdən və ya gecə
yarısı göstərirlər,
tamaşaçılar da
baxa bilmir. Mənimçün həmin
lentlərin əvəzi
yoxdur. O lentlərə
baxanda istər-istəməz nostalyi hisslər keçirirəm.
Yadıma cavanlıq illəri, səhnədə
olduğumuz gözəl
vaxtlar düşür.
Yenə də o illərin qayıtmasını, səhnədə
olmağı arzulayıram.
Ancaq həyat elədir ki, ötən günlər geri qayıtmır.
- Səhnədə
30 il çalışan
rəqqasə kimi dövlət tərəfindən
əməyinizə qiymət
verildimi?
- Təəssüf ki, zəhmətimin müqabilində
məni qiymətləndirmədilər.
Heç bir fəxri ada layiq görülmədim. Bir neçə il bundan əvvəl
rəqqasə yoldaşlarıma:
"Gəlin, Polad Bülbüloğlunun qəbuluna
gedək" - deyə
təklif etdim. Dedilər ki, kimdir bizi onun
qəbuluna buraxan? Polad Bülbüloğluna
bizim haqqımızda məlumat verəndə isə: "Mən onları tanımıram"
- deyə bildirmişdi.
Qəribədir, bizdən
çox-çox sonralar
sənətə gələn
adamların hamısı
fəxri adlara layiq görüldü. Biz isə elə
bil heç sənət aləmində
olmamışıq. Bizi
saya alan olmadı. Təkcə Roza Cəlilova fəxri ad aldı.
O biri sənət yoldaşlarımızın əməyinə
də qiymət verən olmadı. Bu gün də
adımızı heç
yerdə çəkmirlər.
Biz ömrümüzün
ən yaxşı vaxtlarını səhnəyə
qurban verdik, əvəzində isə heç nə qazanmadıq. Bəlkə də təkcə o illərin tamaşaçısının yadında qalmışıq.
Bizi yada salan başqa adamlar yoxdur. Ona görə də indi fikirləşirəm
ki, o əziyyətləri
nahaq yerə çəkmişəm. Bilsəydim
ki, zəhmətimi belə qiymətləndirəcəklər,
heç bu qədər çalışmazdım.
- Bəs niyə haqqınızı
tələb etmədiniz?
Ən azı səlahiyyətli ünvanlara
müraciət edə
bilərdiniz?
- Təbiətim elədir ki, qapı döyməyi
xoşlamıram. Gedib
kiməsə ağız
açmağı həmişə
özümə əksiklik
bilmişəm. Bəyəm
bizi tanımırlar? Lap yaxşı tanıyırlar. Sadəcə,
indi fəxri ad almağın öz "qanun"ları var.
- Səhnədən
ayrılan rəqqasların
"Veteran" ansamblında
siz də çalışmısınızmı?
- Mən həmin ansambla getmədim. Bəyəm səhnədə
olanda və ya ondan sonra
mənə qiymət vermişdilər ki, "Veteran" ansamblında da çalışaydım?
Kaspi.- 2008.- 25 iyun.-
S. 11.