Arif Q.
Məşhur klassikin
məlum deyimini bir az dəyişsək, demək olar ki,
hazırda bütün dünyanın başı
üzərində bir ideya dolaşmaqdadır. Bu,
qloballaşma, yaxınlaşma, birləşmə
ideyasıdır. Dünya artıq öz səhvlərindən
öyrənir. Amerika Birləşmiş Ştatlarının
200 illik tarixi göstərdi ki, ayrı-ayrı yox,
birləşmiş ştatların inkişaf etmək və
irəli getmək şansları daha böyükdür.
Artıq Avropada ideya kimi yüz ildən çox tarixi olan, II
Dünya müharibəsindən sonra qaçılmaz
reallıq kimi meydana çıxan “Avropa Birləşmiş
Ştatları” layihəsi Avropa Birliyinin timsalında
reallaşmaqdadır. Bəli, Qərbdə
artıq mədəniyyətlər, ölkələr
yaxınlaşır, sərhədlər kağız
üzərində qalır, formal xarakter daşıyır,
dilindən, dinindən və irqindən asılı olmayaraq
hamı və hər kəs bir məqsədə –insanın
azad və firavan yaşamasına xidmət edir. Başqa
bir klassik isə deyir ki, Şərq Şərqdir, Qərb
isə Qərb, hərəsinin öz yeri, öz yolu var. Amma bu, qətiyyən o demək deyil ki,
yaxşını görməmək və bir-birindən
öyrənməmək gərəkdir.
Əksinə, Şərqdə aparıcı olan İslam
məhz yaxşının üzərində bərqərar
olmuş, bəşəriyyətə xeyir gətirən bir
dünyagörüşüdür, insana ömrü boyu yaxşını
öyrənməyi və xeyirə xidmət etməyi
tövsiyə edir. Artıq ölkələrin,
mədəniyyətlərin yaxınlaşması prosesi
Şərqdə də sürətlənir, hələlik
Qərbdəki kimi institusional şəkli almasa da,
təşkilatlanma səviyyəsində gedir. İslam
Konfransı Təşkilatı, İqtisadi
Əməkdaşlıq Təşkilatı kimi qüdrətli
beynəlxalq qurumlar yaranır. Növbəti mərhələ
isə Qərblə Şərqin yaxınlaşması,
mədəniyyətlərin, sivilizasiyaların dialoqu və
əməkdaşlığıdır.
Azərbaycan Respublikası taleyin qismətindən Qərblə
Şərqin sərhədində, faktiki olaraq,
sivilizasiyaların qovuşuğunda yerləşən, Avropa
dəyərlərinə istiqamətlənən bir islam
ölkəsidir. Ümummilli liderimiz Heydər Əliyev bu
reallığı orijinal bir aforizmlə ifadə etmişdir:
“Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir”.
Məhz bu geosiyasi məkanı və mövcud
reallığı nəzərə alaraq, hazırda
dünyanı dolaşmaqda olan qloballaşma ideyası
Azərbaycanın üzərinə yeni vəzifələr
qoyur. Azərbaycan, eyni zamanda, həm
Qərbə, həm də Şərqə inteqrasiya
etməklə bərabər, Qərb və Şərq
mədəniyyətlərinin, sivilizasiyalarının
dialoqunda, qovuşmasında körpü və son
nəticədə xeyirə xidmət etməsində
vasitəçi olmalıdır. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə iyunun 10-da Bakıda
keçirilən “Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi” mövzusunda
ikigünlük beynəlxalq forum da məhz bu
məqsədə xidmət edirdi.
Heydər Əliyev Fondunun
təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun
dəstəyi ilə keçirilən forum müzakirə
olunan məsələlərin miqyasına görə, sözün
əsl mənasında, qlobal, dünyanın demək olar ki,
bütün qitələrinin nümayəndələrinin
iştirakına görə beynəlxalq
bir tədbir idi. Əgər, bu forumun öz atributları,
bayrağı, gerbi olsaydı, onların üzərinə
tərəddüd etmədən Yer kürəsinin—beş qitənin
təcəssümü sayılan beşguşəli ulduzu
həkk etmək olardı. Tədbirdə dünyanın
müxtəlif ölkələrindən 300-dən
çox nümayəndə, o cümlədən İSESKO-nun
baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini,
Türkiyə, Polşa, CAR kimi böyük
dövlətlərin birinci xanımları, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfirləri iştirak
edirdilər. Forum Azərbaycanın
müstəqil bir dövlət kimi dünyada yerindən,
əhəmiyyətindən xəbər verdiyi kimi, tədbirin
təşkilatçılarının, ilk növbədə
Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın
birinci xanımı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın nüfuzundan,
populyarlığından xəbər verirdi.
Tədbirdə giriş sözü ilə
çıxış edən Mehriban xanım qeyd etdi ki, son 15
ildə alimlər və yazıçılar, din xadimləri
və siyasətçilər millətlərarası və
sivilizasiyalararası dialoqun formalarını və yollarını
axtarırlar. Bütün dünyada
mədəniyyətlər, sivilizasiyalar birliyə, bir araya
gəlməyə can atır. Bu problem bir çox beynəlxalq
forumların və konfransların əsas mövzusu
olmuşdur. Heydər Əliyev Fondu da ilk dəfə deyil ki, bu
mövzuya müraciət edir. Lakin ilk dəfədir
dünyanın, demək olar ki, bütün qitələrinin
nümayəndələri belə nüfuzlu, yüksək
səviyyəli forumda iştirak etmək üçün Bakıya
toplaşıblar. Müxtəlif ölkələrin və
mədəniyyətlərin təmsilçilərinin bir araya
gəlməsi isə artıq
mədəniyyətlərarası dialoqun
başlanğıcıdır. Deməli, Şərqin
böyük şairi Şəhriyarın arzuları artıq
reallaşmaqdadır:
“Yalançı sərhədlər silinsin
gərək,
dünyanın bütövlüyü bilinsin gərək.”
Məlum olduğu kimi, BMT Baş Məclisinin qərarı
ilə 2001-ci ilin sivilizasiyaların dialoqu ili elan olunması
mədəniyyətlərarası dialoq ideyasını
qabartmış, yenidən gündəliyə
çıxartmışdır. Amma aradan 7
il keçsə də, problem müxtəlif
səviyyələrdə, müxtəlif
ölkələrdə geniş müzakirə olunsa da,
istənilən nəticəni almaq, mədəniyyətlərarası
dialoqa nail olmaq, Qərblə Şərq arasında
körpü salmaq hələlik mümkün
olmamışdır. ABŞ-ın 11 Sentyabr
faciəsindən bəzi qüvvələr İslam
dəyərlərinə terror mənbəyi kimi baxmaq
üçün istifadə etmişlər və bu proses
yüksələn xətlə olmasa da, hazırda davam edir. Bəzi Avropa ölkələrində mətbuat
səhifələrində İslamın müqəddəs
dəyərlərini təhqir edən şəkillər
verilir, televiziya kanallarında anoloji filmlər nümayiş
etdirilir və bunlar internet vasitəsilə bütün
dünyaya yayımlanır. Avropanın bəzi inkişaf
etmiş ölkələrində isə
mədəniyyətlərarası dialoqa və
sivilizasiyaların yaxınlaşmasına böyük
təhlükə olan ksenofobiya halları
güclənməkdə və rasizmə, hətta
neofaşizmə keçməkdədəir. Rusiyada başqa
mədəniyyətlərə və dinlərə
qarşı çıxan skinxedlər hərəkatı
genişlənməkdə və artıq bu çoxmillətli
və çoxdinli ölkənin ictimai-siyasi sabitliyinə
təhlükə törətməkdədəir. Forumda çıxış edən və
dünyanın müxtəlif ölkələrini və
mədəniyyətlərini təmsil edən
nümayəndələr bu məsələləri müzakirə
etməklə yanaşı, çıxış
yollarını axtarmağa və tapmağa
çalışırdılar. Ümumi rəy belə idi ki,
qadınlar mədəniyyətlərin dialoqunun
inkişafında, sivilizasiyaların yaxınlaşmasında
çox mühüm rol oynaya bilər. Onlar cəmiyyəti
quran ailənin özəyidir, gənc nəslin
tərbiyəçisidir. Qadınlar gənc nəslin
tolerantlıq ruhunda yetişməsində mühüm rol
oynayır. Ona görə də, qadınların
potensialından siyasətdə, iqtisadiyyatda, mətbuatda,
ümumiyyətlə müxtəlif sahələrdə
geniş istifadə olunmalıdır. Bunun üçün
qadınlar ilk növbədə savadlı olmalı və
cəmiyyətdə kişilərlə bərabər
hüquqlara malik olmalıdırlar. YUNESKO bunları
nəzərə alaraq, gender bərabərliyini 2008—2010-cu
illər üçün özünün qlobal prioriteti elan
etmişdir. Bakı forumunda qərara alındı ki, c
əmiyyətin təkanverici qüvvəsi olan
qadınların rolunun daha da artması üçün
səylər birləşdirilməlidir. Bu cür forumların
mədəniyyətlərarası dialoqun inkişafına
müsbət təsirini nəzərə alaraq, növbəti
tədbirin gələn il Türkiyədə keçirilməsi
haqqında fikir səsləndi və bəyənildi.
Bakı forumunda Azərbaycanın Asiya ilə Avropanı
birləşdirən mədəni yollar üzərində
yerləşən ölkə kimi mədəniyyətlərin
dialoqunda aparıcı yeri və rolu xüsusi qeyd olundu. Taleyin qismətindən Azərbaycan Şərqdə
tarixən gender bərabərliyinin və
tolerantlığın mərkəzi, obrazlı desək,
məbədi olmuşdur. Şərqdə ilk demokratik respublika
olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il İstiqlal
Bəyannaməsi ilə qadınlara seçmək və
seçilmək hüququ vermişdir. Xatırladaq ki, bu
hüququ Azərbaycan qadınları dünyanın, hətta
Avropanın bir çox inkişaf etmiş
ölkələrindən daha tez almışlar. ABŞ-da 1934,
Fransada 1945, Lixtenşteyndə 1984-cü ildə qadınlara
səsvermə hüququ verilmişdir. Beləliklə,
Şərqlə Qərb dəyərlərini
özündə birləşdirən Azərbaycan gender
məsələsində də nümunə ola bilər.
Məlum olduğu kimi, Azərbaycanda, xüsusilə onun
paytaxtı Bakıda tolerantlıq tarixi bir ənənədir,
xalqımızın təbiətindən, mentalitetindən
irəli gələn bir xüsusiyyətdir. Azərbaycanda
qədim dövrlərdən müxtəlif xalqların
nümayəndələri dinc yanaşı yaşamış,
bir çox xalqların dinləri mövcud olmuşdur.
Azərbaycan və onun xalqı həmişə dini
dözümlülüyü ilə fərqlənmişdir.
Azərbaycanda heç vaxt dini zəmində heç bir
münaqişə, heç bir toqquşma
olmamışdır. Hətta ötən əsrin 80-ci
illərinin axırı, 90-cı illərin
əvvəlindəki ağır dövrdə belə heç
bir mənfi fakt qeydə alınmamışdır. Bu gün
də müstəqil Azərbaycanda hər bir insanın
azadlığı üçün, o cümlədən dini
mənsubiyyət azadlığı, vicdan azadlığı
üçün hər cür şərait vardır. Hər
kəs hansı dinə mənsubdursa, həmin dinə
ibadət edir. Lakin bu, Azərbaycanda insanların mehriban,
qarşılıqlı anlaşma şəraitində yaşamasına
mane olmur, bizdə milli və dini mənsubiyyətlə
əlaqədar heç bir ayrı-seçkilik yoxdur.
Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili Mehriban xanım Əliyeva ölkəmizin
tolerantlıq məsələsində nəinki regionda,
hətta bütün dünyada nümunə olduğunu bir daha
forum iştirakçılarının diqqətinə
çatdırdı. Qeyd etdi ki, Azərbaycan Böyük
İpək Yolu üzərində yerləşən
ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini
yaşatmışdır. Yəni tarix boyu
tolerantlığı öyrənmiş və
öyrətmişdir. Bu, həm mədəniyyətimizdə,
həm də cəmiyyətimizdə dərin izlər
qoymuşdur. İndi də bizim cəmiyyətdə,
sözün əsl mənasında, tolerantlıq ab-havası
hökm sürür. Azərbaycanın paytaxt şəhəri
unikal mədəniyyət mərkəzidir. Bakı yalnız
azərbaycanlıların, müsəlmanların deyil,
dilindən və dinindən asılı olmayaraq, burada
yaşayan bütün insanların doğma
şəhəridir. Artıq uzun müddətdir ki, burada
müsəlman məscidi və atəşpərəst
məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav
məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı
belə, yüksək tolerantlıq şəraitində
birgə fəaliyyətin mümkünlüyünü
nümayiş etdirir və hər bir dinin əsas
dəyərlərinin ümumbəşəri
dəyərlərlə üst-üstə
düşdüyünü təsdiq edir. Bakını
Səudiyyə Ərəbistanının, İranın, Pakistanın
dövlət və din xadimləri, Roma Papası, Moskvanın
və bütün Rusiyanın patriarxı da ziyarət
ediblər. Burada Avropa və Asiya mədəniyyətlərini
təmsil edən humanitar təşkilatların müxtəlif
tədbirləri keçirilir.
Azərbaycanın birinci xanımı
mədəniyyətlərarası dialoqun inkişafında,
sivilizasiyaların yaxınlaşmasında din faktorunun
böyük rolu olduğunu diqqətə çatdırır.
Doğrudur, hazırda Qərbdə də, Şərqdə
də bəzi qüvvələr din faktorundan
qarşıdurmaların, münaqişələrin
yaranması üçün istifadə edirlər. Amma biz əl-ələ
verməliyik, bəşəriyyətə,
gələcəyə təhlükə olan bu cür neqativ
halların qarşısını kəsməliyik. Bizim
hamımızın bir Tanrımız var və bütün
dünya dinlərinin bir məqsədi, bir məramı var. Demək olar ki, hər bir dinin əsasını
təşkil edən mənəvi dəyərlər ümumbəşəri
dəyərlərlə eynidir, inamlı olmağı, hər
yerdə və hər zaman uca Tanrıya itaət etməyi,
insaflı olmağı—insanları sevməyi, ataya, anaya hörmət
etməyi, ədalətli olmağı—özünə
arzu etmədiyini özgəsinə də rəva
görməməyi təlqin edir. Bunlar insanları
birləşdirən və barışdıran
dəyərlərdir. Biz bu dəyərlərdən
çıxış etməli,
mədəniyyətlərarası dialoqu məhz bu
ümumbəşəri dəyərlərin əsasında
qurmalı və inkişaf etdirməliyik.
Mehriban xanım Əliyevanın forumda səslənən
fikirlərinə, təkliflərinə diqqət etdikcə,
Heydər Əliyev məktəbi daha aydın
görünür. Müzakirə olunan
məsələlərə miqyaslı, tarixi yanaşma
nümayiş etdirilir, gündəliyə
çıxarılan məsələlər kimi, aparılan
müzakirələr, verilən təkliflər də lokal
deyil, regional, hətta, qlobal xarakter daşıyır. Məlum
olduğu kimi, tənqid etmək, problemləri
göstərmək çətin deyil, təklif vermək,
çıxış yolları göstərmək isə
çətindir, yüksək intellekt, uzaqgörənlik
və böyük iradə tələb edir. Mehriban
xanımın fikirlərində, təkliflərində
məhz bu cəhətlər üstünlük təşkil
edir, fəlsəfi yanaşma müşahidə edilir,
səbəb—nəticə dialektikası təhlil edilir.
Məsələn, konkret olaraq soruşulur: görəsən,
sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini
eşitməyə, anlamağa nə mane olur və nə
kömək edə bilər? Bəyan olunur ki, sivilizasiyaların
dialoqu problemini hansısa abstrakt bir problem kimi müzakirə
etməyin vaxtı artıq çoxdan keçib. Aydın
təsəvvür etmək lazımdır ki, bu problemin
arxasında minlərlə insanın taleyi və həyatı
dayanır. Sözsüz ki, ilk növbədə, burada ikili
standartlar və yanlış stereotiplər siyasətindən
uzaqlaşmaq lazımdır. Eyni zamanda, ümumbəşər
sivilizasiyasından danışarkən onun yalnız
seçilmiş xalqlar tərəfindən
yaradıldığı haqqında
düşüncələrə də yol vermək olmaz.
Cəmiyyətdə iqtisadi dəyərlərə meyli
gücləndirən və altruizmi zəiflədən
qüvvələr hər zaman mövcud olmuşdur.
Doğrudur, iqtisadi dəyərlər bazisi təşkil edir,
amma mənəvi dəyərlər də inkişaf etməli,
irəli getməli və bəşəriyyətə yol
göstərməlidir. Odur ki, hazırkı inkişaf
mərhələsində bəşəriyyət daha çox
mənəvi dirçəlişə təkan verən yeni
ideyalara ehtiyac duyur.
Sonra səbəblər araşdırılır, qeyd olunur ki,
biz mədəniyyətlərin və sivilizasiyaların dialoqu
haqqında ayrı-ayrı dillərdə
danışırıq, problemlərimiz isə eynidir. Biz “Biz
hara gedirik? Bizi nə gözləyir?” kimi suallara birlikdə
cavab tapmalıyıq. Bu gün bütün
bəşəriyyət planetar miqyaslı
təhlükələrlə üz-üzə
dayanmışdır, müasir dünyada yalnız
tənəzzül deyil, iqtisadi inkişaf da yeni problemlər
yaradır. Qarşıdurmanın öz problemləri olduğu
kimi, qloballaşmanın da öz problemləri var. Bu gün biz
keçən əsrin bir çox illüziyalarından
uzaqlaşmışıq. Tarix özü və
hadisələrin gedişi doqmatik nəzəriyyələri kökündən
silkələmişdir. Belə ki, güclü texniki və
texnoloji inkişaf tərəqqiyə və kamilliyə
xidmət etməklə yanaşı, bəşəriyyətə
indiyədək məlum olmayan, tamamilə yeni
çağırış və təhlükələr
yaratmışdır. Ekoloji və texnogen fəlakətlər,
qlobal iqlim dəyişikliyi, təbii sərvətlərin,
həmçinin enerji ehtiyatlarının tükənməsi,
qloballaşma problemi, əhalinin sağlamlığı,
qidalanması və rifahı məsələləri...
Tənqidi fikirlər deyilir, ictimai-siyasi təhlil verilir və
dərhal çıxış yolları göstərilir,
konkret təkliflər, ideyalar səslənir,
sivilizasiyalararası dialoq probleminə qadınların
gözü ilə baxmaq, qadın mövqeyini qabartmaq təklif
edilir. Aydındır: qadın olan yerdə həmişə
səmimiyyət var, sevgi var, məhəbbət var. Mehriban
xanım xüsusi olaraq vurğulayır ki, bu, öz
övladına, öz yaxınlarına, yer üzündə
hər bir varlığa və Tanrıya olan sevgidir. Qatı
nifrətin, ksenofobiyanın, irqi və dini dözümsüzlüyün
qarşısını məhz belə bir sevgi ala bilər.
Aqillərimiz deyirlər ki, nifrətə yalnız
məhəbbətlə qalib gəlmək olar. Qadın olan
yerdə isə həmişə məhəbbət var, sevgi
var, odur ki, düşmənçiliyə, qarşıdurmaya
yer yoxdur. Qadının gücü, güc mənbəyi ilk
baxışdan çox sadə görünən
xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi
duyğulardadır. Qadın anadır və əzəldən
müharibə yox, sülh, barışıq
tərəfdarıdır.Bu gücün, bu qüvvənin
qüdrətini və təsir dairəsini nəzərə
almamaq mümkün deyil. Belə bir qüdrətli amilin
mədəniyyətlər və sivilizasiyalararası dialoqa
layiqli töhfə verməsi bizim özümüzdən
asılıdır. Mədəniyyətlərarası dialoqun
möhkəmlənməsində qadın potensialından
istifadə olunmalıdır. Azərbaycanın birinci
xanımı hesab edir ki, bu prosesdə ölkələrin
birinci xanımları böyük rol oynaya bilər.
Adətən hər bir ölkənin birinci xanımı
öz ölkəsində hümanitar
sahələrə—elmə, mədəniyyətə,
təhsilə, qadın problemlərinə diqqət yetirir.
Birinci xanımların sosial problemlərin həllində
göstərdiyi fəallıq bəllidir. Onların hər
biri öz ölkəsində çoxsaylı layihə
həyata keçirir, müxtəlif humanitar
tədbirlərdə fəal iştirak edir. Mədəniyyətlərarası
dialoqun inkişafı da hazırda aktual humanitar layihədir
və birinci xanımlar bu layihəyə dəstək
versələr, bu, bir çox müsbət dəyişikliklərə
gətirə və dialoq probleminin özünü yeni
mərhələyə yüksəldə bilər. Bu
nöqteyi-nəzərdən
“Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq
Bakı forumunun təcrübəsi bir örnək ola
bilər.
Beynəlxalq Bakı forumunun tribunasından jurnalistlərə
– KİV nümayəndələrinə müraciət də
səsləndi. Xüsusi olaraq vurğulandı ki, bu gün
dünyada baş verən real hadisələr və bu hadisələrin
mətbuatda, televiziyada əksi jurnalistin, televiziya
kanalının mövqeyindən və ya hansısa konkret
siyasi sifarişdən asılıdır. Hər
bir jurnalist ictimai fikirdə hər hansı mənfi obrazın
yaradılmasının nə ilə nəticələndiyini
çox yaxşı dərk etməlidir. İnsanların
dinindən, dilindən və milliyyətindən asılı
olmayaraq, onların dini və ya milliyyəti ilə
bağlı hisslərini təhqir edən karikatura, məqalə
və ya videomaterialın işıq üzü görməsi
dözülməz bir haldır. Bu nə
ümumbəşəri əxlaqi dəyərlər
sisteminə, nə də jurnalist etikasına uyğun gəlir
və eyni zamanda, mədəniyyətlərarası dialoqun
inkişafına və sivilizasiyaların yaxınlaşmasına
böyük ziyan vurur.
Burada fikrimizcə, bir haşiyə çıxmaq,
mətləbə aydınlıq gətirmək xatirinə
mətləbdən uzaqlaşmaq yerinə düşərdi. Məlum olduğu kimi, müasir dövrdə ictimai
rəyin yaradılmasında, milli münasibətlərin
nizamlanmasında, eyni zamanda, sivilizasiyaların
yaxınlaşmasında mətbuata, bədii ədəbiyyata
nisbətən televiziya, kinomotoqrafiya daha böyük,
sözün əsl mənasında, aparıcı rol
oynayır. Qərbdə çoxdan bu reallığı
hiss edirlər və ondan bacarıqla istifadə edirlər.
Məsələn, son 20-30 ildə çəkilən elə
bir populyar Amerika filmi tapmaq çətindir ki, orada
müsbət, xeyirxah, hətta bəzən qəhrəman
səviyyəsinə yüksələn zənci obrazı
olmasın. Eyni proses televiziya proqramlarında, xüsusilə
böyük auditoriyası olan şoularda da müşahidə
olunur. Bu, artıq ənənəyə çevrilmişdir
və Qərbdə bir vaxtlar geniş yayılmış olan
rasizmə qarşı təsirli mübarizə formalarından
biridir. Nəticələri də göz
önündədir, Amerikada, Avropada insanlar dərisinin
rəngindən, dilindən və dinindən asılı
olmayaraq, qanun qarşısında eyni səviyyədə
məsuliyyət daşıyır və yüksək
dövlət vəzifələrinə seçilir.
ABŞ isə artıq bütün tarixi boyu özünün
ilk qara dərili prezidentini seçmək
ərəfəsindədir. Yuxarıda deyildiyi kimi,
Şərqdə aparıcı olan İslam məhz
yaxşının üzərində bərqərar olmuş,
bəşəriyyətə xeyir gətirən bir
dünyagörüşüdür, insana ömrü boyu
yaxşını öyrənməyi və xeyirə xidmət
etməyi tövsiyə edir. Deməli, biz bu təcrübəni
nümunə kimi götürməliyik, Qərbdə geniş
yayılmış və milli, dini ayrı-seçkiliyə son
qoymağa xidmət edən müsbət ənənəni
öyrənməli və öyrətməliyik. Və burada
əsas məsuliyyət jurnalistlərin,
yazıçıların, kinematoqrafçıların, bir
sözlə ictimai rəyə təsir edən və onu yönəldən
yaradıcı insanların üzərinə düşür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da onlara
müraciət edir, mədəniyyətlərarası dialoqun
inkişafı, sivilizasiyaların yaxınlaşması
prosesinə xidmət etməyi, əllərindən
gələni əsirgəməməyi tövsiyə edir.
Düşünürük ki,
“Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq
Bakı forumunda səslənən əsas
təkliflərdən biri də budur.
Xalq qəzeti.- 2008.- 19
iyun.- S. 6.