İyunun
10-da Bakının "Gülüstan" sarayında
Heydər Əliyev Fondunun təşəbbüsü,
YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq
forum çərçivəsində Gənclər forumu
keçirilmişdir.
Dünyanın müxtəlif
ölkələrindən yüksək səviyyəli
nümayəndələrin iştirak etdikləri
tədbirdə gənc qadınların cəmiyyət
həyatının iqtisadi, mədəni, sosial və siyasi
sahələrində rolunun genişlənməsi
istiqamətində qanunların gücləndirilməsi, onların zorakılığın
və ayrı-seçkiliyin bütün
təzahürlərindən qorunması, gənc
qadınların hüquqlarını müdafiə etmək
üçün milli təsisatların və
vətəndaş cəmiyyəti təşkilatlarının
işinin təkmilləşdirilməsi, qadınların
təhsil problemlərinin həlli,
Gənclərin Sivilizasiya Alyansı
çərçivəsində gənc qadınların qlobal
mədəniyyətlərarası dialoqda
fəallığının yüksəldilməsində
gənclər təşkilatlarının
təşəbbüskarlığının
artırılması məsələləri müzakirə
edilmişdir.
İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda
Gənclər Forumunun baş katibi Elşad
İsgəndərov forumu açaraq demişdir ki, belə bir
tədbirin təşkilindən məqsəd qloballaşan
dünyada müxtəlif ayrı-seçkiliyin
qarşısının alınmasında gənclərin,
xüsusən də qadınların rolunu artırmaq
və dünya ictimaiyyətinin diqqətini bir daha bu
məsələyə cəlb etməkdir. Forumun Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Bakıda
keçirilməsi Azərbaycan dövlətinin qadın
probleminin həllinə göstərdiyi yüksək
diqqətinin təzahürüdür. Əminik ki, forumda
aparılacaq müzakirələr dünyada qadınların
qarşılaşdıqları problemlərin həllində,
xüsusən də dini, irqi ayrı-seçkiliyin aradan
qaldırılmasında, bu sahədə
əməkdaşlığın genişlənməsində
mühüm rol oynayacaqdır.
Sonra İKT-nin Dialoq və
Əməkdaşlıq uğrunda Gənclər Forumunun
prezidenti Əli Sarıkaya çıxış edərək,
ilk növbədə belə bir mötəbər tədbiri
yüksək səviyyədə təşkil etdiyinə
görə Azərbaycan dövlətinə, eləcə
də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevaya minnətdarlığını
bildirmişdir. O demişdir ki, bu gün qloballaşan
dünyada BMT, İslam Konfransı Təşkilatı,
ATƏT, Avropa Şurası və digər nüfuzlu
beynəlxalq qurumların qəbul etdikləri qərar və
qətnamələrdə qadınların
hüquqlarının qorunması məsələsi xüsusi
yer alır. Azərbaycanda bugünkü forum milli
mədəni xüsusiyyətlərə uyğun,
yüksək səviyyədə təşkil edilmişdir. Buna görə də iştirakçılar
adından bir daha minnətdarlığımı bildirirəm.
İslamda qadın hüquqlarının qorunmasını
xüsusi vurğulayan natiq bildirmişdir ki, bu gün
dünyada sülhün bərqərar olmasında,
mədəniyyətlərarası dialoqun daha geniş
vüsət almasında və səmərəli
olmasında qadınların böyük rolu vardır. Lakin bir
sıra problemlər, qadınların və qızların
təhsildən kənarda qalması, zorakılıqla
üzləşməsi onları siyasi proseslərdən
kənarda qoyur. Ona görə də İKT-nin Dialoq və
Əməkdaşlıq uğrunda Gənclər Forumu belə
hesab edir ki, Beynəlxalq Bakı Forumu qarşıya qoyulmuş
məqsədə çatmaqda
əməkdaşlığımızı daha da
genişləndirəcəkdir.
BMT-nin iqtisadi və sosial məsələlər
idarəsinin QHT şöbəsinin müdiri xanım
Hənifə Mezui çıxışında təmsil etdiyi
təşkilat adından
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq
Bakı Forumunun keçirilməsində Heydər Əliyev
Fonduna və xüsusilə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya
minnətdarlığını bildirmişdir. O demişdir ki,
bu forumun Azərbaycanda keçirilməsi ölkənin
qadınlarının ictimaiyyətdə rolunun yüksək
göstəricisidir.
Heydər Əliyev Fondunun yüksək səyləri
sayəsində keçirilən bu forum sülhün
nümunəsinin, eyni zamanda insanlar arasında sülhün
təşviqinin mühüm göstəricisidir. Xüsusi
vurğulamalıyam ki, Azərbaycanda qadınlara səs
vermək hüququ Avropa ölkələrindən xeyli
əvvəl verilmişdir.
Qloballaşan dünyada daha yüksək inkişafa nail olmaq
üçün qadınların öz istedadlarını
nümayiş etdirmək şəraiti yaradılmalıdır.
Qadınların cəmiyyətə inteqrasiyasının
sadələşdirilməsi prioritet olmalıdır.
Xüsusilə gender bərabərliyinə rəvac
verilməsi mühüm məsələlərdəndir.
Qloballaşan dünyada qadınlar arasında işsizliyin,
yoxsulluğun aradan qaldırılması, qadınların
təhsilə cəlb olunması üçün beynəlxalq
təşkilatlar çərçivəsində xüsusi
tədbirlər görülməlidir. Qadınların
cəmiyyətdə mövqeyinin gücləndirilməsi,
onların fundamental hüquqlardan istifadə etmələri
üçün əsaslı qərarlar qəbul
olunmalıdır. BMT Xartiyasının əsas prinsipi
qadınların hüququ ilə bağlıdır. Gender
bərabərliyinə sərmayə qoyulması sülhün
təşviq olunmasında qadınların rolunun
möhkəmlənməsinə xidmət edəcəkdir.
Sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun
genişləndirilməsində qadınların,
xüsusilə gənc qızların rolunun artması daha
sülhsevər və təhlükəsiz dünyanın
yaranmasına töhfələrini verəcəkdir. Bu gün
qadınlar dünya əhalisinin 50 faizdən çoxunu
təşkil edir və ona görə də qlobal
problemlərin qadınların iştirakı olmadan həlli
mümkün deyildir. Yalnız güclü qadın
mühüm dəyişikliklərə töhfə verə
bilər.
Almaniyanın Gələcək Nəsillərin
Hüquqları Fondunun elmi direktoru Yorq Tremmel
çıxışını əsasən qlobal
problemlərin həllində gənclərin rolunun artırılması
istiqamətində quraraq bildirmişdir ki,
müharibələrin qarşısının alınması
məqsədi ilə insanlar arasında ünsiyyətin
formalaşmasında yeni yanaşmalar
əhəmiyyətli rol oynaya bilər. Bunun üçün
uşaq və gənclərin mübadiləsinin
təşkili, onların birlikdə ailələrdə
yaşamaları mühüm məqam kimi qeyd edilməlidir. Bu
məqsədlə Avropada və Amerikada müxtəlif
layihələrin həyata keçirildiyini qeyd edən
Y.Tremmel, Qafqaz regionunda da həmin tədbirlərin
görülməsinin mümkünlüyünü bildirmişdir.
Qeyd etmişdir ki, oxşar layihələrin, proqramların
həyata keçirilməsi üçün müvafiq sistem
yaradılmalıdır. Həmin sistem
əməkdaşlıq edəcək ailələrin
müəyyən edilməsini, dil probleminin aradan
qaldırılmasını, təhlükəsizliyin təmin
olunmasını nəzərə almalı, problemlər
barədə maksimum az danışılmalıdır.
Ölkələr arasında problemlər
yaşandığı halda beynəlxalq layihələrdən
və üçüncü ölkələrdən
istifadə edilə bilər.
Sonra İslam Konfransı Təşkilatı Dialoq və
Əməkdaşlıq uğrunda Gənclər Forumunun
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoq məsələləri üzrə birinci baş
əlaqələndiricisi Leyla xanım Əliyeva çıxış
etmişdir.
Forumda çıxış edən İslam
Konfransı Təşkilatının (İKT) Dialoq və
Əməkdaşlıq uğrunda Gənclər Forumunun
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoq məsələləri üzrə birinci baş
əlaqələndiricisi Leyla Əliyeva ümidvar olduğunu
bildirmişdir ki, iki əsas maraq dairəsi qadınlar və
dialoq olan bu beynəlxalq forumun Azərbaycanda
keçirilməsi çox rəmzi məna daşıyır.
Azərbaycan həm mədəniyyətlərarası dialoq,
həm də qadınların inkişaf rəmzlərini
təcəssüm etdirir. Müsəlman Şərqində ilk
parlamentli respublika olan Azərbaycanda qadınlar hələ 90
il bundan əvvəl seçmək və seçilmək
hüququ əldə etmişlər. Onlar Şərqdə
siyasi bərabərliyə malik ilk qadınlar idi. Qərb
demokratiyasında isə bu hadisə xeyli sonra baş verdi.
Azərbaycanda hələ qədim zamanlardan dini
dözümlülüyün, müxtəlif
mədəniyyətlərə və dinlərə
böyük hörmətin olduğunu qeyd edən L.Əliyeva
müasir, dəyişən və qloballaşan dünyada
mədəniyyətlərarası dialoqda qızların və
gənc qadınların rolundan
danışmışdır.
O, dünyada milyonlarla gənc qadının savadsız
olduğunu, hər il təxminən 50 min qızın və
gənc qadının insan alverinin qurbanına çevrildiyini,
yeniyetmə qızların və gənc qadınların
tez-tez dövlətlərarası və etnik
münaqişələrin, təcavüz və
işğalların ilk qurbanları olduqlarını
vurğulamışdır.
Qadınlar və qızlar üzləşdikləri
bütün bu çətinliklərə baxmayaraq,
beynəlxalq dialoqun təşviqi baxımından böyük
imkanlara və qabiliyyətlərə malikdirlər.
L.Əliyeva qadınların BMT-nin Sivilizasiyalar
Alyansının məqsədlərinə nail olmaq
istiqamətində oynaya biləcəyi roldan söz
açmışdır.
L.Əliyeva qadınların demokratik
cəmiyyətin əsas qurucularından olduğunu qeyd
edərək demişdir ki, qadınların
cəmiyyətdə statusu nə qədər aşağı
səviyyədə olsa, demokratik inkişaf üçün
şanslar da bir o qədər aşağı olar.
Qadınların seçkili orqanlarda iştirakı daha
bərabərhüquqlu cəmiyyət yaradır.
Gələcəyin anaları olacaq gənc
qadınların sosial statusu nə qədər yüksək
olsa, yeni nəsillərin dözümlülük və
müxtəlifliyə hörmət mühitində
böyümək imkanları da bir o qədər çox olar.
Beləliklə, gənc qadınların sosial-iqtisadi və
siyasi hüquqlarının artması istiqamətində
beynəlxalq əməkdaşlıq daha demokratik,
təhlükəsiz və sabit dünyaya nail olmaq üçün
göstərilən yüksək səylərdir.
L.Əliyeva İKT-nin Dialoq və Əməkdaşlıq
uğrunda Gənclər Forumunun gənc qadınların
inkişafı istiqamətində gördüyü
işlərə toxunmuş, islam dininin qadınlara
bəxş etdiyi hüquqları sadalamışdır.
Leyla xanım Əliyeva İKT-nin Dialoq və
Əməkdaşlıq uğrunda Gənclər Forumu
adından qızların və gənc qadınların
inkişafına istiqamətlənən sivilizasiyalararası
dialoqla bağlı 2009-cu ildə Bakıda seminar
keçirilməsini təklif etmişdir. Bildirmişdir
ki, bu tədbir 1995-ci ildə BMT tərəfindən qəbul
edilmiş Gənclər üzrə Dünya Fəaliyyət
Proqramı əsasında görülən qlobal
işlərin davamı ola bilər.
BMT-nin Sivilizasiyaların Alyansı katibliyinin layihə meneceri
Tomas Utup forumun əhəmiyyətini vurğulayaraq,
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya
minnətdarlığını bildirmişdir. O, forumun
qadınlar arasında savadsızlığın və
yoxsulluğun aradan qaldırılmasının təşviqi
istiqamətində mühüm rol oynayacağına
əminliyini bildirmişdir. Tomas Utup demişdir ki, bugünkü
dünyada qadınlar arasında
mədəniyyətlərarası dialoqun təbliği
vacibdir. Alyans sivilizasiyalar arasında ünsiyyət
körpüsü yaratmaqla məşğuldur. Bunun
üçün təhsildən, mətbuatdan, bütün
mümkün vasitələrdən istifadə olduqca vacibdir.
Qonaq demişdir ki, qadınların cəmiyyətdə rolu
ölkələrdə insan hüquqlarının hansı
səviyyədə qorunmasını öyrənmək
üçün bir vasitədir.
Tomas Utup bəzi ölkələrdə qadın
hüquqlarının pozulmasının islam dini ilə
əlaqələndirilməsinin düzgün
olmadığını xüsusi qeyd etmiş, qadınların
cəmiyyətdə rolunun yüksəldilməsi
üçün onların təhsilə sıx cəlb
edilməsinin vacibliyini vurğulamışdır. Bildirmişdir
ki, beynəlxalq dialoqun bu sahədə böyük
əhəmiyyəti vardır. Alyans bu sahədə
irəliləyişə nail olunmaq üçün
üç təklif vermişdir. İlk növbədə
kişilər və qadınlar üçün təhsil
üzrə layihələr həyata keçirilməlidir. Gənc qızlar arasında beynəlxalq
tələbə mübadiləsi bu istiqamətdə
mühüm önəm kəsb edir. İkincisi, gənc
qızların mətbuatda rolunun artırılmasıdır.
Üçüncü təklif isə, beynəlxalq və
milli təşkilatlarda gənc qızların rolunun
artırılması, onların müxtəlif icmalarda
təmsil olunması ilə bağlıdır.
Mədəniyyət səfirlərinin beynəlxalq
təsisçisi Helma Blumberq Azərbaycanda belə bir forumun
təşkil edilməsini yüksək
qiymətləndirmişdir. Natiq çıxışında qadınların
rolunun artırılmasının vacibliyini vurğulayaraq, XX
əsrdə dünyada İndira Qandi, Marqaret Tetçer, Hillari
Klinton kimi qadın liderlərin fəaliyyətini
xatırlatmışdır. Sülhün və
əmin-amanlığın qorunmasında qadınların
böyük rolu olduğunu söyləyən qonaq
cəmiyyətdə qadınlar və kişilər arasında
mədəni dialoqun yaradılmasının vacibliyini
vurğulamışdır. Qeyd edilmişdir ki, yüksək
iqtisadi inkişafa malik ölkələr, informasiya-kommunikasiya
texnologiyalarının inkişafı mədəni dialoqun
yaranmasına gətirib çıxarır. Bu sahənin
inkişaf etmədiyi ölkələrdə qadınların
rolu daha məhduddur. Qadınların biznesdə
rolunun artmasının, onların hüquqlarının
mədəni və dini normalara əsasən qorunmasının
vacibliyini vurğulayan qonaq islam dünyasında ilk dəfə
olaraq Azərbaycanda qadınların seçki hüququ
almasını yüksək dəyərləndirmişdir.
Mədəniyyət Səfirləri Beynəlxalq
Cəmiyyətinin təsisçisi və prezidenti Helma Blumberq
demişdir ki, ABŞ-da qadınlar 1934-cü, Fransada 1945-ci,
Lixtenşteyndə isə yalnız 1984-cü ildə
səsvermə hüququndan istifadə edə bilmişlər.
Bu baxımdan Azərbaycan qadınının 1919-cu ildə bu
hüquqa yiyələnməsi cəmiyyətin həmin sahədə
yüksək inkişaf etdiyini göstərir.
Təmsil etdiyi qurumun fəaliyyətindən
danışan natiq demişdir ki, Mədəniyyət
Səfirləri Beynəlxalq Cəmiyyəti dünyanın
100-dən çox ölkəsində qadın
hüquqlarının qorunması məqsədi ilə
layihələr həyata keçirmişdir. Qonaq qadınlara
qarşı qoyulan sədləri aradan qaldırmaq
üçün yay düşərgələrinin
yaradılmasının vacibliyini bildirmişdir.
BMT-nin İnkişaf Proqramının xüsusi
məsələlər üzrə məsləhətçisi
Şahid Hüseyn aktual problemin müzakirəsinə həsr
edilmiş mötəbər Bakı forumunda iştirakdan
məmnun olduğunu bildirmiş, onun əhəmiyyətini
yüksək qiymətləndirmişdir. Uzunmüddətli
təcrübəsinə əsasən qadınların
qarşılaşdıqları problemlərlə bağlı
fikirlərini bölüşən Ş.Hüseyn qeyd
etmişdir ki, istənilən ailədə qadınların
işi bir gün əvvəldən başlanır.
Çünki hər bir ailənin ertəsi gün
istifadə edəcəyi yemək və geyim
əşyaları məhz qadınlar tərəfindən
hazırlanır. Eyni zamanda kişi ilə
qadının iş gününün strukturunun da
əsaslı şəkildə fərqləndiyi, ailənin
əsas yükünün qadınlar üzərində
olduğu konkret faktlarla diqqətə
çatdırıldı. Natiq qeyd etdi ki, XXI əsrin
sivilizasiyasında da qadınlar hər zaman işlə
məşğuldurlar. Müqəddəs
Qurani-Kərimdə, xüsusən onun 95-ci ayəsində
qadınların kişilərlə bərabər hüquqlara
malik olduğunun göstərildiyini vurğulayan Ş.Hüseyn
qadınların işinin yüngülləşdirilməsi
ilə bağlı təcrübə mübadilələrinin
təşkilinin vacibliyini bildirmişdir. Qeyd etmişdir
ki, bu işdə mədəniyyətlərarası dialoq da
mühüm rol oynayacaqdır.
ATƏT-in gender məsələləri
üzrə baş məsləhətçisi Cəmilə
Seftaui təmsil etdiyi təşkilatda, eləcə də
BMT-də, Avropa Şurasında qadın hüquq və
azadlıqlarının qorunması ilə bağlı bir
sıra vacib qərar və qətnamələrin qəbul
olunduğunu bildirmişdir. O, Heydər Əliyev Fondunun
təşkil etdiyi bu forumun dünyada qadınların problemlərinin
həllində, qadın savadsızlığının,
qadın zorakılığının, yoxsulluğun aradan
qaldırılmasında mühüm rol oynayacağına
ümidvar olduğunu bildirmişdir. Qeyd etmişdir ki,
cəmiyyətdə qadınların rolunun
artırılması, onların siyasi proseslərə fəal
qoşulması dünyada münaqişələrin
həllində də mühüm rol oynayacaqdır. ATƏT
nümayəndəsi bir daha belə bir tədbirin
təşkilinə görə Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya minnətdarlığını
bildirmişdir.
Sonra müzakirələr olmuş, forum
iştirakçıları mövzu ilə bağlı rəy
və təkliflərini bildirmiş,
təəssüratlarını
bölüşmüşlər. Bildirilmişdir
ki, əsasən qadınların hüquqlarının
müdafiəsi, savadsızlığın, yoxsulluğun aradan
qaldırılması, siyasi proseslərdə, sülhün
yaranmasında qadınların iştirakının
artırılması ilə bağlı təkliflər yekun
sənəddə öz əksini tapacaqdır.
Azərbaycan.- 2008.- 11 iyun.- S. 4.