Avropa Şurası və
üzv dövlətlər Heydər Əliyev Fondunun fəaliyyətini
dəstəkləyirlər
Bakıda, "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
mövzusunda keçirilən beynəlxalq forumla bağlı
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə
Paşayevanın hazırladığı sənəd əsasında
Avropa Şurası və üzv dövlətlər
qadınların cəmiyyətdə rolunu
yaxşılaşdırmaq üçün Heydər Əliyev
Fondunun fəaliyyətinin dəstəklənməsi barədə
qurumun yazılı bəyanatı yayılmışdır.
Bəyanatda deyilir: Parlament Assambleyasındakı məruzələrin
birində üzv dövlətləri 2008-ci il 20 may tarixli 11612
saylı sənəddə göstərildiyi kimi,
qadınların müasir cəmiyyətdə rolunu möhkəmləndirmək
üçün müxtəlif konkret tədbirlər görməyə
dəvət etdiyini nəzərə alaraq;
Qadınların bacarıqlarının inkişaf etdirilməsinin
onların beynəlxalq aləmdəki rolunun yüksəlməsinə
xidmət edəcəyini, Avropada, habelə dünyada sülh və
sabitliyə xidmət edəcəyini anlayaraq;
Beynəlxalq məsələlərdə qadınların
iştirakının vacibliyini əsas götürərək;
Mədəniyyətlərarası dialoqun təmin edilməsi
üçün qadınların dialoqunun həyata
keçirilməsi və intensivləşdirilməsində
Heydər Əliyev Fondunun, xüsusən Fondun prezidenti Mehriban
xanım Əliyevanın fəal rolunu nəzərə alaraq;
Heydər Əliyev Fondu tərəfindən Bakıda təşkil
edilmiş və 60-a yaxın ölkə və beynəlxalq təşkilatlardan
yüzlərlə tanınmış qadını, ictimai və
dövlət xadimlərini, ekspertlərini bir araya gətirən
və gender bərabərliyi, davamlı dialoqu,
dözümlülüyü, ədaləti təmin etmək məqsədi
ilə dövlət və vətəndaş cəmiyyətinə
əllərindən gələni etməyə
çağıran "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun möhkəmləndirilməsi"
mövzusundakı beynəlxalq forumu təbrik edərək;
Avropa Şurası və üzv dövlətlər
qadınlara yardım proqramının inkişafını
davam etdirməyə, onların bacarıqlarını möhkəmləndirməyə
ən azından Heydər Əliyev Fondu və onun prezidenti
Mehriban xanım Əliyeva tərəfindən bu məqsədlə
aparılan fəaliyyətə yaxından dəstək və
töhfə verməyə çağırılır.
Qənirə Paşayeva tərəfindən
hazırlanmış bu sənədə 30-dan artıq ölkənin
deputatı, o cümlədən Polşa, Türkiyə,
Böyük Britaniya, Rusiya, Gürcüstan, Albaniya və digər
dövlətlərdən olan millət vəkilləri imza
atmışlar.
Azərbaycan.- 2008.- 26 iyun.- S. 9.