Əliyev İ.
Hörmətli
forum iştirakçıları!
Sizi Beynəlxalq Bakı Forumunun öz işinə başlaması
münasibətilə səmimi
qəlbdən təbrik
edir, hamınıza uzun ömür, cansağlığı və
uğurlar arzulayıram.
Sizin forumun Şərqlə Qərbin mədəni dəyərlərini özündə
cəmləşdirən və
əsrlərdən bəri
bu sivilizasiyaları tarixi İpək Yolu boyunca körpü
kimi birləşdirən
Azərbaycanın paytaxtında
keçirilməsi rəmzi
məna daşıyır. Mədəniyyətlərarası dialoq sahəsində
zəngin təcrübəyə
malik olan və yüksək tolerantlığı ilə
seçilən ölkəmizdə
qadınlar daim cəmiyyəti düşündürən
problemlərin həlli
istiqamətində nəzərəçarpacaq
xidmətlər göstərmişlər.
Qadınlar dünya
tarixinin hər bir dövründə sülhün,
əmin-amanlığın və dinc yanaşı
yaşamanın ən böyük təminatçısı
olmuşlar. Onlar gələcək nəsillərin maraqlarının
müdafiəsi naminə
səylərini bu gün də əsirgəmir, beynəlmiləl
zəmində ölkələrin
və mədəniyyətlərin
bir-birini daha yaxşı tanımaları
üçün qüvvələrini
səfərbər edirlər.
Daim əməkdaşlığın
tərəfdarı olan
qadınlar, sözsüz
ki, mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsinə bundan sonra da öz
layiqli töhfələrini
verəcəklər.
Sürətlə qloballaşan
müasir dünyada sivilizasiyaların dialoqunun
intensivləşdirilməsi yolunda siyasətçilərin,
alimlərin, din və mədəniyyət
xadimlərinin, həmçinin
kütləvi informasiya
vasitələri nümayəndələrinin
qarşısında geniş
perspektivlər mövcuddur.
Məhz onların məqsədyönlü
və rasional fəaliyyəti nəticəsində
bəşəriyyət mədəniyyətlərin
qarşıdurması təhlükəsini
dəf edərək dialoqun uğurlu nəticələrinə nail
ola bilər.
İnanıram ki, Bakı Forumu qadınların mədəniyyətlər
arasında dialoqda rolunun genişləndirilməsi işinə
təkan verəcək
və hər birinizin həyatında yaddaqalan hadisəyə çevriləcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 iyun 2008-ci il
Azərbaycan.- 2008.- 11 iyun.- S. 1.