Bakıda
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun
genişləndirilməsi" mövzusunda beynəlxalq forum
işə başlamışdır
İyunun 10-da
Bakıdakı "Gülüstan" sarayında
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda
ikigünlük beynəlxalq forum işə
başlamışdır.
Heydər Əliyev
Fondunun təşəbbüsü, YUNESKO-nun və
İSESKO-nun dəstəyi ilə keçirilən forumda
dünyanın müxtəlif ölkələrindən
300-dən çox nümayəndə, o cümlədən bir
neçə ölkənin birinci xanımları, İSESKO-nun
baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri
iştirak edirlər.
Beynəlxalq forumun
iştirakçısı olan yüksək səviyyəli
qonaqlar "Gülüstan" sarayına gəldilər.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru
Əbdüləziz bin Osman Əl-Tüveycrini,
Türkiyənin Baş naziri Rəcəb Tayyib
Ərdoğanın xanımı Əminə
Ərdoğanı, Polşanın birinci xanımı Mariya
Kaçinskini, Cənubi Afrika Respublikasının birinci
xanımı Zanele Mbekini, Anqolanın birinci xanımı Ana
Paula duş Santuşu, Latviya Respublikasının birinci
xanımı Lilita Zatleri, ABŞ-ın Texas ştatının
birinci xanımı Anita Perrini, Rusiya Federasiyası
Şurası sədrinin müavini Svetlana Orlovanı,
Argentinanın vitse-prezidentinin xanımı Marta Kristina
Çeruti Dekobosu, Bəhreyn xarici işlər nazirinin
xanımı şeyxa Veysəli səmimiyyətlə
qarşıladı.
Azərbaycanın birinci xanımı qonaqların hər
biri ilə xatirə şəkli çəkdirdi.
Sonra forumun rəsmi açılış mərasimi oldu.
Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən
Mehriban xanım Əliyeva dedi ki, bu forum Heydər Əliyev
Fondunun, YUNESKO-nun və İSESKO-nun birgə səyləri
ilə həyata keçirilir. Mən həmin təşkilatlara
və onların rəhbərliyinə - YUNESKO-nun baş
direktoru cənab Koişiro Matsuuraya və İSESKO-nun baş
direktoru cənab Əbdüləziz bin Osman
Əl-Tüveycriyə öz dərin
minnətdarlığımı bildirmək istəyirəm.
Forumda iştirak etmək üçün
Bakıya gələn yüksək səviyyəli qonaqları
təqdim edən Mehriban xanım Əliyeva bildirdi ki, son 15
ildə alimlər və yazıçılar, din xadimləri
və siyasətçilər çox sadə
səslənən bir suala cavab axtarırlar: Dialoq, yoxsa
qarşıdurma? Bu problem bir çox beynəlxalq forumların
və konfransların əsas mövzusu olubdur. Zənnimcə,
hər bir belə toplantı özlüyündə dialoq
olaraq müxtəlif ölkələrin və
mədəniyyətlərin təmsilçilərini bir araya
gətirməklə böyük əhəmiyyət kəsb
edir. Belə görüşlər ən azı insanların
bir-birini daha dərindən tanımasına, fikir və təcrübə
mübadiləsinin aparılmasına xidmət edir.
Bu gün biz mədəniyyətlər və
sivilizasiyalararası dialoq probleminə qadınların
gözü ilə baxmalıyıq, qadın mövqeyini
qabartmalıyıq. Qadın olan yerdə həmişə
səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın
olan yerdə düşmənçiliyə,
qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə,
qadınlar əzəldən bəri dialoq
tərəfdarıdırlar. Məhz ona görə, qadın
potensialı dialoqun möhkəmlənməsində
böyük rol oynaya bilər. Mən
ümidvaram ki, konfransımız səmərəli
keçəcək, iki gün ərzində müxtəlif
fikir və təkliflər səslənəcək və
konfransımızın nəticələri
mədəniyyətlərarası dialoqun
möhkəmlənməsinə layiqli töhfəsini
verəcəkdir.
Forumu açıq elan edən Mehriban xanım Əliyeva
Azərbaycan Prezidenti İlham Əliyevin tədbir
iştirakçılarına təbrik məktubu
göndərdiyini bildirdi.
Sonra Prezidentin İcra Aparatının humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fatma
Abdullazadə dövlətimizin başçısının
forum iştirakçılarına təbrikini oxudu.
(Təbrikin mətni qəzetin bugünkü nömrəsinin
birinci səhifəsində dərc olunur).
Sonra İSESKO-nun baş direktoru
Əbdüləziz Bin Osman Əl-Tübeycri
çıxış edərək Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanı, forumun iştirakçılarını
salamladı və mədəniyyətlərarası dialoqa dair
tədbirlərin keçirilməsinə göstərdiyi
yüksək dəstəyə görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirdi.
BMT Baş Məclisinin qərarı ilə
2001-ci ilin sivilizasiyaların dialoqu ili elan olunması ilə
mədəniyyətlərarası dialoq ideyasının yeni
mərhələyə qədəm qoyduğunu xatırladan
İSESKO-nun baş direktoru dedi ki, bugünkü
görüşümüz ümumbəşəri
mədəniyyətə, sülhə və
əmin-amanlığa yeni töhfələr
verəcəkdir.
Qadınlar mədəniyyətlərin dialoqunun inkişaf
etdirilməsində çox mühüm rol oynayırlar. Onlar
gənc nəslin tərbiyəçisidirlər. Onlar
cəmiyyəti quran ailənin özəyidirlər. Onlar
gənc nəslə ideal dəyərlər və ali
prinsiplər aşılayırlar.
Mədəniyyətlər və sivilizasiyalararası dialoqun
hamının işi olduğunu bildirən Əbdüləziz
bin Osman Əl-Tüveycri diqqətə çatdırdı ki,
bu sahədə qadınların rolu danılmazdır. Bunun üçün
qadınlar ilk növbədə savadlı olmalı,
mükəmməl təhsil almalıdır. Lakin bu o demək
deyildir ki, qadınların fəaliyyəti ev işləri
və ya təhsillə məhdudlaşır.
Əlbəttə, qadınlar fəaliyyət üçün
daha çox imkana malikdirlər. Təhsil dedikdə, biz
mədəniyyətlərin dialoqundakı
dəyərlərə əsaslanan təhsili
nəzərdə tuturuq.
Qadınların cəmiyyətdə rolunu yüksəldən
əsas amil onların mədəniyyətlərarası
dialoqda fəal iştirakıdır. Onlar bu yolla dünyada
sülhə və qarşılıqlı anlaşmaya nail ola
bilərlər. Bu gün qadınları sivilizasiyaların
dialoqunda və ümumi məqsədlərə nail olmaq
istiqamətində beynəlxalq hərəkatlara fəal
cəlb etməyə ciddi ehtiyac vardır.
Bu forumda yaradılan imkandan istifadə
edərək hamını mədəniyyətlərin
dialoqunda və millətlər arasında anlaşmanın
inkişaf etdirilməsi istiqamətində birlikdə
çalışmağa, bununla da sülhün və
insanların dinc yanaşı yaşamasının
düşmənlərinin irqi, dini və mədəni
ayrı-seçkiliyə
çağırışlarının
qarşısını birlikdə almağa
çağırıram.
Forumda YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın videomüraciəti
nümayiş olundu. Koişiro Matsuura əvvəlcə forumun
yüksək səviyyədə təşkilinə
görə Azərbaycan dövlətinə, xüsusilə
də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
minnətdarlığını bildirdi. Dedi ki, bu cür
yüksək səviyyədə tədbirin keçirilməsi
Mehriban xanım Əliyevanın qadınlara göstərdiyi
yüksək diqqətin təzahürüdür.
K.Matsuura qeyd etdi ki, bu forumun keçirilməsi gender
bərabərliyinin inkişafına təkan verəcəkdir.
Tarixən müxtəlif danışıqlar, dialoqlar
mövcud olmuşdur, amma bu cür dialoqun aparılması
qloballaşan dünyada qadınların rolunu
yüksəldəcəkdir. Qadınlar müasirliyin və
təfəkkürün formalaşmasında mühüm rol
oynayırlar.
Gender bərabərliyi YUNESKO-nun 2008-2010-cu illər
üçün qlobal prioritetidir. Ümid edirəm ki, bizim
təşkilatımız gələcəkdə bu
istiqamətdə yeni mexanizmin yaradılmasında mühüm
rol oynayacaqdır.
YUNESKO-nun baş direktoru əmin olduğunu bildirmişdir ki, bu
forum qadınların rolunu artırmaqla yanaşı, dünya
ictimaiyyətinin məsələyə diqqətini
yüksəldəcəkdir. Forumda aparılacaq müzakirələr
dünyada qadınların qarşılaşdıqları
problemlərin həllində mühüm rol oynayacaqdır.
Mədəniyyətlərarası dialoqun çox vacib
məsələ olduğunu qeyd edən Polşanın birinci
xanımı Mariya Kaçinski öz ölkəsində
tarixən mövcud olan tolerantlıq
adət-ənənələrinin davam etdirildiyini bildirdi.
Sözsüz ki, qadınlar gənc nəslin tolerantlıq
ruhunda yetişməsində mühüm rol oynayırlar. Ona
görə də qadınların potensialından
siyasətdə, iqtisadiyyatda, mətbuatda,
ümumiyyətlə, müxtəlif sahələrdə
geniş istifadə olunmalıdır.
M.Kaçinski dedi ki, bəzi ölkələrdə
qadınların bir çox hüquqlardan məhrumluğu davam
edir. Bu gün qloballaşan dünyada müxtəlif nüfuzlu
beynəlxalq təşkilatların qəbul etdikləri
qərar və qətnamələrdə qadınların
hüquqlarının qorunması məsələsi xüsusi
yer tutur. Mən hesab edirəm ki,
mədəniyyətlərarası dialoqlar bu sahədə
problemlərin həllinə təkan verəcəkdir.
Türkiyə Baş nazirinin xanımı
Əminə Ərdoğan çıxışında bu
cür mötəbər tədbirin keçirilməsinə
göstərdiyi dəstəyə görə Azərbaycann
birinci xanımı Mehriban Əliyevaya, YUNESKO-ya və
İSESKO-ya, Azərbaycan dövlətinə xüsusi
minnətdarlığını bildirdi. Ölkəmizdə
olmasından böyük şərəf duyduğunu
deyən qonaq forumun mədəni dəyərlərin
qorunmasına layiqli töhfələr verəcəyinə
əminliyini vurğuladı. Ə.Ərdoğan bildirdi ki,
hazırda dünyada baş verən proseslərdə
qadınların rolu artır. Cəmiyyətin təkanverici
qüvvəsi olan qadınların rolunun daha da artması
üçün səyləri birləşdirməliyik. Bu
cür forumların mədəniyyətlərarası dialoqun
inkişafına təsirini nəzərə alaraq
Ə.Ərdoğan belə bir tədbirin gələn il
Türkiyədə keçirilməsi haqqında qərara
gəlindiyini söylədi. Qadınların
cəmiyyətin inkişafında əvəzsiz
xidmətlərini vurğulayan natiq, bu sahədə inkişaf
etməkdə olan ölkələrə kömək
göstərməyin vacibliyini vurğuladı.
Anqolanın birinci xanımı Ana Paula duş Santuş
Azərbaycanda olmağından və qadın
problemlərinə həsr olunmuş belə
əhəmiyyətli forumda iştirakdan məmnun
qaldığını söylədi. Bildirdi ki, tarixən
Azərbaycan Asiya ilə Avropanı birləşdirən
mədəni yollar üzərində yerləşən
ölkədir. Xanım duş Santuş Azərbaycanın
dünya mədəniyyətinə verdiyi töhfələri
xüsusi vurğuladı, Azərbaycanın mədəni
irsinin zənginliyinin digər xalqlar üçün
nümunə olduğunu söylədi.
Anqola Prezidentinin vaxtilə Azərbaycanda
təhsil aldığını qeyd edən natiq
ölkəmizdə təhsilin yüksək
səviyyədə olduğunu diqqətə
çatdırdı. Xanım Ana Paula duş Santuş
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
təşəbbüsü ilə keçirilən
beynəlxalq forumun ölkəmizin demokratik dəyərlərə,
qadın hüquqlarının qorunmasına və mövcud
problemlərin həllinə göstərdiyi diqqətin parlaq
təzahürü olduğunu xüsusi qeyd etdi. Natiq
qadınların cəmiyyətə inteqrasiyasının
həmin cəmiyyətin inkişafına səbəb
olacağını, qadın xoşbəxtliyinin həmin
cəmiyyətin inkişafının təməlini
təşkil etdiyini, eləcə də Bakı forumunun
mədəniyyətlərarası dialoqun inkişafına
təkan verəcəyinə əminliyini bildirdi.
Latviyanın birinci xanımı Lilita Zatler
mədəniyyətlərarası dialoqda qadınların rolu
mövzusunun məhz Bakıda müzakirə edilməsinin onu
həddindən artıq sevindirdiyini bildirdi. Məşhur
yazıçı Kiplinqin Şərqlə Qərbin heç
zaman birləşə bilməyəcəyi barədə fikri
ilə razılaşmadığını qeyd edən xanım
Zatler, bugünkü tədbirin onun qənaətinə bariz
nümunə olduğunu dedi, qadınların sivilizasiyanın
mühüm tərkib hissəsi olduğunu,
kişilərlə bərabər cəmiyyətin
idarə edilməsində onların rolunun
artırılmasının vacibliyini vurğuladı.
Latviyanın birinci xanımı qeyd etdi ki,
cəmiyyətdə bilikləri və mədəniyyəti
məhz qadınlar yayırlar. Müxtəlif dinlərə
məxsus insanların, xüsusən də qadınların
xoş münasibətinin vacibliyini qeyd edən natiq,
tolerantlığın qadınların mahiyyətində
olduğunu diqqətə çatdırdı, fikrini
ölkəsinin nümunəsində izah etdi.
Bildirdi ki, son 20 ildə Latviyada inkişaf üçün əlverişli
şərait vardır və qadınlar cəmiyyətdə
balansın yaradılmasında mühüm rol oynayırlar.
Cənubi Afrika Respublikasının birinci xanımı Zanele
Mbeke Azərbaycan Prezidenti İlham Əliyevə foruma
göndərdiyi təbrikə və xoş arzulara görə
minnətdarlığını bildirdi.
Azərbaycan paytaxtını sivilizasiyalar
arasında körpü, qonaqpərvərlik rəmzi
adlandıran xanım Z.Mbeke, artıq tarixi İpək yolunun
üzərində yerləşən Bakının zəngin
ənənələrə malik olduğunu qeyd etdi,
göstərilən qonaqpərvərliyə görə
təşəkkürünü çatdırdı.
O, Qərb ilə Afrika arasında
fərqlərin yaranmasının səbəblərinin bu
qitənin zorla mənimsənilməsindən meydana
gəldiyini, lakin cəmiyyətin müsbətə doğru
inkişafını nəzərə alaraq zaman
keçdikcə bu fərqlərin də aradan
qaldırılacağına əminliyini bildirdi. Çünki
hazırda sülhün, dialoqun, humanizmin inkişaf
etdirilməsi istiqamətində daha real addımlar
atılmağa başlanılmışdır.
Xanım Z.Mbeke forum
iştirakçılarını daxili zənginliyin
artırılmasına, xoş rəftarın və uğurlu
işlərin davam etdirilməsinə çağırdı.
Rusiya Federasiyası Federasiya Şurasının sədrinin
müavini Svetlana Orlova Heydər Əliyev Fondu
tərəfindən təşkil edilmiş forumun işinə
uğurlar arzuladı, iştirakçıları
Federasiya Şurasının sədri Mironovun təbrik
məktubunun mətni ilə tanış etdi.
Xanım S.Orlova forumun mövzusunun
aktuallığını xüsusi qeyd edərək bunun
cəmiyyətdə qadınların rolunu
dəyərləndirməyənlərə tutarlı cavab
olduğunu vurğuladı. Qadınları ailə
ocağının hamisi adlandıran rusiyalı qonaq qeyd etdi
ki, qadınların beynəlxalq əlaqələrinin
artması öz növbəsində
dövlətlərarası və xalqlararası
əlaqələrə də mühüm təsir
göstərir.
Azərbaycanın, xüsusən onun paytaxtı
Bakının son illər sürətlə inkişaf etdiyini,
böyük uğurlara imza atdığını xüsusi
vurğulayan S.Orlova, dünyaya hər şeydən çox
harmoniyanın lazım olduğunu söylədi, bu işdə
qadınların üzərinə böyük
vəzifələr düşdüyünü, bunun
üçün yaxşı anaların sayının
artırılmasının vacibliyini bildirdi.
ABŞ-ın Texas ştatının birinci xanımı Anita
Perri beynəlxalq Bakı forumunun təhlükəsizliyin
artırılması, qadınlara qarşı diskriminasiya
ənənələrinə son qoyulması istiqamətində
mühüm addım olduğunu söylədi.
A.Perri ABŞ kimi demokratik dəyərlərin inkişaf etdiyi
ölkələrdə də qadınların bir sıra
problemlərlə üzləşdiyini vurğuladı, insan
zorakılığına, ədalətsizliyə qarşı
mübarizədə mövcud imkanların birgə təhlilini
aparmağın vacibliyini qeyd etdi.
Argentina vitse-prezidentinin xanımı Marta Kristina Çerutti de
Kobos qızlara və qadınlara qarşı diskriminasiya
hallarının qarşısının alınması
məqsədi ilə təhsil sahəsində mövcud imkanları
daha da genişləndirməyin zəruri olduğunu
söylədi.
Qonaq dedi ki, qadınların
cəmiyyətdə, xüsusən təhsil sistemində rolu
böyükdür. İntellektual səviyyədə
qadınların cəmiyyətdə rolu əvəzedilməzdir.
Ən vacib məsələlərdən biri qızların
pulsuz təhsillə təmin olunmasıdır.
Forumda çıxış edən ABŞ-ın Con Hopkins
Universitetinin professoru Frensis Fukuyama ilk dəfə Bakıda 20
il öncə olduğunu söylədi, budəfəki
gəlişində böyük dəyişikliklərin
şahidi olduğunu qeyd etdi.
Qlobal tendensiyaların inkişaf etdiyi cəmiyyətdə
qadınların rolunun artdığını vurğulayan
professor, müxtəlif ölkələrdə qadınlara
yanaşmada fərqlərin mövcudluğunu diqqətə
çatdırdı.
Bildirdi ki, müasirləşən dünyada artan iqtisadi
inkişaf nəticəsində qadınların statusu da
dəyişir və bu fərqlər aradan qalxır.
Tarixə ekskurs edən professor Şərqdə
qadınların statusunun kişilərin statusundan asılı
olduğunu, kişilərin cəmiyyətdəki mövqeyi
dəyişdikcə, qadının da mövqeyində
fərqlər baş verdiyini söylədi, xüsusən
oğul doğan qadınların Şərqdə statusunun
yüksək olduğunu, Qərbdə isə
qadınların statusunda dəyişikliyin katolik kilsəsinin
onlara mülkiyyət hüququ verdikdən sonra meydana
gəldiyini bildirdi.
Müasir cəmiyyətdə iqtisadi və
texnoloji inkişafın qadınlara da böyük təsir
göstərdiyini, ağıl gücünün fiziki gücü
getdikcə üstələdiyini qeyd edən natiq, ABŞ-da
işçi qüvvəsinin 60 faizinin qadınlardan ibarət
olduğunu vurğuladı, bütün dünya
üzrə isə bu rəqəmin artıq 50 faizə
çatdığını qeyd etdi. Professor vurğuladı
ki, cəmiyyətin həyatında qadınların rolunu
artırmaq üçün mədəni amillərin
inkişafına xüsusi önəm verilməlidir.
Forumun açılış sessiyası başa
çatdıqdan sonra tədbir iştirakçıları
xatirə şəkli çəkdirdilər.
Fasilədən sonra
beynəlxalq forum işini sessiyalarda davam etdirdi.
"İnsan
sivilizasiyasının münaqişəsi, yoxsa birliyi?"
mövzusundakı sessiyaya Avropa Şurasının sabiq baş
katibi, "Sivilizasiyaların dialoqu" Dünya İctimai
Forumunun beynəlxalq əlaqələndirmə komitəsinin sədri
Valter Şvimmer sədrlik etmişdir.
Bakı forumunun keçirilməsini
yüksək qiymətləndirən V.Şvimmer dedi ki,
Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun insan hüquq
və azadlıqlarının, eləcə də qadın
hüquqlarının qorunmasına verdiyi önəmin
xüsusi göstəricisidir. Xanım Mehriban Əliyeva
giriş nitqində həlli vacib məsələlərə
toxundu. Bu məsələlər əslində təkcə
sizi deyil, bütövlükdə Avropanı və
dünyanı düşündürən və narahat edən
məsələlərdir. Biz çalışacağıq
ki, gələcək fəaliyyətimizdə buna xüsusi
diqqət yetirək və qaldırılan
məsələlərin həllinə nail olaq.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva çıxış etdi.
Azərbaycan.- 2008.- 11 iyun.- S. 2-3.