Aşıq sənəti və Azərbaycan xalçaları

 

UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına təqdim olunub

 

UNESCO-nun Fransanın Paris şəhərində yerləşən Baş Qərargahında Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın üzv-ölkələrinin Baş Assambleyasının ikinci sessiyası keçirilir.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 16-dan başlayan sessiyada konvensiyanın həyata keçirilməsi üçün qaydalar layihəsi, UNESCO-nun Qeyri-maddi Mədəni irs Komitəsinə yeni üzvlərin və Qeyri-maddi Mədəni irs Fonduna üzv-ölkələr tərəfindən ödəniləcək vahid töhfələrin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılacaq. Sessiyada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva və Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və incəsənət institutunun böyük elmi işçisi, UNESCO eksperti Sənubər Bağırova iştirak edir. Sessiyada "Aşıq sənəti" və "Azərbaycan xalçaları" adlı obyektlərin Qeyri-maddi Mədəni İrs Siyahısına salınması ilə bağlı müzakirələr aparılacaq. Sessiya iyunun 19-da başa çatacaq.

Qeyd edək ki, 2003-cü ilin noyabnda Azərbaycan muğamı UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-maddi irsinin şah əsəri elan olunub.

 

Ekspress.- 2008.- 18 iyun.- S. 10.