Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi   mövzusunda Beynəlxalq Bakı Forumu işini başa çatdırmışdır

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum iyunun 11-də işini davam etdirmişdir.
Forumun üçüncü sessiyasına sədrlik edən Qazaxıstan Prezidentinin müşaviri, Ailə Məsələləri və Gender Siyasəti üzrə Milli Komissiyanın sədri xanım Gülşarə Abdıkalıkova belə bir möhtəşəm tədbirin təşkilinə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıq etmişdir.
Xanım G.Abdıkalıkova qadınların dünyada gedən qloballaşma prosesində iştirakı, mövcud problemlərin həllində, münaqişələrin çözülməsində, sülhün, əmin-amanlığın bərqərar olunmasındakı rolunun artırılması baxımından Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu tədbirin olduqca mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Mərakeş Krallığının mədəniyyət naziri xanım Turiyə Cəbran çıxışında demişdir ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi bu ölkədəki tolerantlığın, insan hüquq və azadlıqlarının müdafiəsinin bariz nümunəsidir.
Mərakeş Krallığının sosial inkişaf naziri xanım Nuşa Skali bildirmişdir ki, mədəniyyətlərarası dialoq dünyada qadınların rolunu artıracaq, demokratik və vətəndaş cəmiyyəti quruculuğunda bərabərliyi təmin edəcəkdir.
Macarıstanın Təhsil və Mədəniyyət Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət katibi Katalin Bogyay Azərbaycan və macar xalqları arasında tarixən mövcud olan mədəni əlaqələrdən danışmış, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
K.Bogyay demişdir ki, Macarıstan hər zaman dilaoq vasitəsilə digər ölkələrlə mədəni mübadiləyə öz töhfəsini verməyə çalışmışdır. Mədəni diplomatiya cəmiyyətin özəyini təşkil edir. Bu mənada mədəniyyətlərarası dialoqun daha da yayılması üçün səyləri birləşdimək lazımdır.
Yaponiyanın Şizuoka Prefektura Universitetinin professoru Yoko Hirosi müasir dünyadakı problemlərdən danışmış, onların həllində qadınların rolunu qeyd etmişdir.
Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun ailə və gender məsələləri şöbəsinin müdiri Tatyana Qurko demişdir ki, Qərbdə baş verən hadisələr nəticəsində yaranan ailə böhranı bəzi dəyərlərin itirilməsi ilə nəticələnir. Qloballaşma prosesi də ailə məsələlərindən yan keçməmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forum həm bu, həm də digər problemlərin həllində mühüm rol oynayacaq, qadınların rolunun artmasına təkan verəcəkdir.
Böyük Britaniyada nəşr olunan "Şərq Maqazin" jurnalının baş redaktoru Rim Məğribi isə bildirmişdir ki, qadınlar hər zaman mədəniyyətlərarası dialoqda mühüm rol oynamışlar. Lakin tarixən formalaşmış stereotiplər əsasında hərəkət qadınların ailədə davranışına mənfi təsir göstərir. Bu cür tədbirlər mənfi baxışları dəyişdirəcəkdir.
Amsterdam Universitetinin Avropa tədqiqatları üzrə professoru-Kornelia Verteg sosial həyatda qadınların və kişilərin arasındakı qeyri-bərabərlikdən danışmış, bu sahədəki Avropa təcrübəsindən bəhs etmişdir.
Sonra mövzu ətrafında müzakirələr aparılmış, iştirakçılar rəy və təkliflərini bildirmişlər.

Belçika Senatının üzvü xanım Anna-Mari Lizinin sədrliyi ilə keçirilən dördüncü sessiyada "Şərq və Qərb: Biz bir-birimizi necə görürük" mövzusunda müzakirələr olmuşdur.
Sədr demişdir ki, Avropada ən böyük problemlərdən biri qadın miqrantların statusu və qızların nikah məsələləri ilə bağlıdır. Bu cür hallar cəmiyyətdə bərabərsizliyə, qadın hüquqlarının pozulmasına münbit şərait yaradır. Cəmiyyətdə mənfi stereotiplər formalaşdıran belə halların qarşısının alınması məqsədi ilə vahid strategiya hazırlanmalıdır.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru xanım İrina Kudryaşova təhsil sahəsində çalışan qadınların problemlərinə toxunaraq demişdir ki, siyasi dözümsüzlük, münaqişələr elmə və təhsilə mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün İslam dəyərlərinin sosial həyata göstərdiyi təsir Avropa gənclərinə daha geniş şəkildə öyrədilməlidir. İslam dəyərləri bütün cəmiyyətlərin inkişafının təməlini təşkil edə bilər.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadə Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmış, Şərqdə ilk operanın Azərbaycanda yaradıldığını diqqətə çatdırmışdır. Mədəniyyətlərarası dialoqun Qərb və Şərq musiqisinin sintezinə də müsbət təsir göstərəcəyini bildirmişdir.
İrlandiyanın Dublin Triniti Kollecinin professoru Roland Hil çıxışında demişdir ki, mədəniyyətləri öyrənmək, tədqiq və təbliğ etmək sivilizasiyalararası toqquşmanın qarşını alma
ğa kömək edə bilər. Bunun üçün digər xalqların milli ənənələrinin, ədəbiyyatının, maddi-mədəniyyət nümunələrinin öyrənilməsi çox vacibdir. Ümid edirik ki, bu forum sivilizasiyalararası dilaloqu daha da inkişaf etdirəcəkdir. ABŞ-ın Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzinin direktoru xanım Ancela Stent Bakıda ikinci dəfə olduğunu bildirmiş, ötən müddət ərzində baş vermiş dəyişiklikləri, sürətli inkişafı yüksək qiymətləndirmişdir. O, qadınların sülhə necə nail olunması istiqamətindəki fəaliyyətinə dair tədqiqatlar aparıldığını qeyd etmiş və qadınların müxtəlif dövlət vəzifələrində çalışmalarının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Almaniyalı qrafinya Anna Beatriça Şlik demişdir ki, bu forum beynəlxalq aləmdə Azərbaycanın imicinin daha da yüksəlməsinə təsir göstərəcəkdir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərir və biz hamımız onunla qürur duyuruq. Çox böyük səbir, dözümlülük tələb edən işlərdə Mehriban xanımın səyləri alqışlara layiqdir. Məhz onun səyləri nəticəsində mədəniyyətlərarası dialoqda bir sıra vacib işlər görülmüşdür.
Azərbaycanın çox düzgün yolda olduğunu vurğulayan qrafinya demişdir ki, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan dialoqun mərkəzinə çevrilə bilər. Bu da digər ölkələr üçün örnək olmalıdır.
Sonra mövzu ətrafında müzakirələr olmuş, iştirakçılar rəy və təkliflərini bildirmişlər.

Fasilədən sonra beynəlxalq forumun sessiyalarında məruzəçilərin hesabatları dinlənilmişdir.
Sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış etmişdir. O demişdir ki, ikinci forum 2010-cu ildə yenə də Bakıda keçiriləcəkdir. Forumla əlaqədar jurnal nəşr olunacaqdır.
H.Hüseynova məlumat vermişdir ki, forumun Bakı Bəyannaməsi tədbir iştirakçılarının rəy və təklifləri əsasında yenidən işlənmiş və təkmilləşdirilmişdir.
Beynəlxalq forumun yekun sənədi - Bakı Bəyannaməsi qəbul olunmuşdur.

Bəyannamədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qadınların sivilizasiyalararası dialoqa töhfəsinə həsr olunan forumu keçirmək təşəbbüsü alqışlanır. Bildirilir ki, Bakı forumu İnsan Hüquqları üzrə Dünya Bəyannaməsinin 60-cı ildönümünə təsadüf edir. Bu da insan hüquqları, mədəniyyət müxtəlifliyi, mədəniyyətlərarası dialoq və gender bərabərliyi arasında əlaqə yaratmaq haqda düşünməyə imkan verir. Bəyannamədə dünya dövlətləri münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının artırılmasına çağırılır.
Sənəddə bir daha Heydər Əliyev Fondu, YUNESKO və İSESKO-ya forumun təşkilinə görə minnətdarlıq bildirilir.
Tədbirin yekun sessiyasında çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dedi:
- Xanımlar və cənablar, hörmətli dostlar!
Bu gün bizim bir çox çıxışlarımız və maraqlı müzakirələrimiz oldu. Forum iştirakçıları olduqca aktual və mühüm məsələlələrə toxundular. Burada qaldırılmış suallar, müxtəlif vaxtlarda qaldırılmış suallardır ki, bu da dialoqla bağlıdır. Bizim seçimimiz dialoqdur. Bizim seçimimiz dözümlülük və hörmətdir. Bizim seçimimiz müxtəliflikdir və qəlblərin, insanların, dinlərin müxtəlifliyidir. Biz ona çalışmalı deyilik ki, hamıya dünyada bir gözlə baxaq. Biz müxtəlifliyi yüksək qiymətləndiririk və çalışırıq onu zənginləşdirək.
Bu iki gün ərzində biz bir-birimizi dinlədik, bir-birimizi daha yaxşı tanıdıq, biz öz fikirlərimizi hörmət və anlaşma ilə bölüşdük. Bu, birgəyaşamanın kiçik bir nümunəsidir və biz istəyirik ki, bu nümunə bütün dünyanın digər yerlərində təşəkkül tapsın.
Ümid edirəm ki, bizim forumumuz müxtəlif mədəniyyətlər və xalqlar arasındakı dialoqa töhfə verəcəkdir və əmin
əm ki, biz birgə səylərimizlə bu işi gələcəkdə də davam etdirəcəyik.
Mən öz səmimi təşəkkürümü Anqola, Latviya, Polşa, Cənubi Afrika Respublikasının birinci xanımlarına, Türkiyənin Baş nazirinin xanımına və eyni zamanda Texas ştatının birinci xanımına, Rusiya Federasiyası Federasiya Şurasının vitse-spikerinə bildirirəm. Eyni zamanda, biz YUNESKO və İSESKO-ya da minnətdarlığımızı bildiririk və hökumət rəsmilərinə bir daha təşəkkür edirəm.
Biz məşhur alimlərə və qeyri-hökumət təşkilatlarının və mətbuatın təmsilçilərinə, nümayəndələrə dərin minnətdarlığımızı bildiririk ki, onlar bu tədbiri mümkün etmişlər və təşkilatçılıq işini yerinə yetirmişlər.
Sonra İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri təmsil etdiyi təşkilat adından forumun yüksək səviyyədə təşkilinə və iştirakçılara göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi. Baş direktor dedi ki, beynəlxalq səviyyədə təşkil olunmuş bu forum yeni layihələrin həyata keçirilməsinə təkan verəcəkdir. Qarşılıqlı anlaşma forumun əvvəlindən axırınadək hiss olunmuşdur.
Natiq bu tədbirin sivilizasiyalar alyansının yaradılmasına təkan verəcəyini xüsusi qeyd etdi və bildirdi ki, İSESKO Bakı Bəyannaməsinin icrasına töhfəsini verəcəkdir. Bizim əsas məqsədimiz sivilizasiyalararası dialoqun yaradılmasıdır.
YUNESKO-nun Mədəniyyət Siyasəti və Mədəniyyətlərarası Dialoq İdarəsinin direktoru xanım Katerina Stenu yekun nəticələr barədə danışdı. O dedi ki, mədəniyyətlərarası dialoq mürəkkəb məsələyə çevrilmişdir. Bu forum dünyada gedən proseslərdə qadınların rolunun artırılması ilə yanaşı, həmin məsələnin də həllinə müsbət təsir göstərəcəkdir. Mədəniyyətlərarası dialoq sivilizasiyalararası dialoqun vacib tərkib hissəsidir.
Təhlillər daha da genişləndirilməli, siyasi qanunlar kifayət qədər formalaşmalıdır. XXI əsrdə siyasi sabitlik və müxtəliflikdə, sülhün qorunmasında qadınların rolu artırılmalıdır.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxışında bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevan
ın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən bu forum qloballaşan dünyada sivilizasiyalararası dialoqa təkan verəcəkdir.
Bu forum həm də Qərb ilə Şərq arasında əlaqələrin inkişafına, eləcə də əməkdaşlığın dərinləşməsinə geniş imkanlar yaradacaqdır. Azərbaycan öz tolerantlığı, mədəniyyəti ilə digərlərinə nümunədir.
Azərbaycan cəmiyyətində qadınların rolunun böyük olduğunu vurğulayan İKT-nin baş katibi dedi ki, bu amil digər ölkələrə nümunə olmalıdır. Çünki hələ də bəzi ölkələrdə qadınlara qarşı stereotiplər açıq şəkildə qalmaqdadır. Bu da müasir dünya üçün qeyri-adekvatdır.
E.İhsanoğlu bildirdi ki, mədəniyyətlərarası dialoqlarda, eləcə də siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, münaqişələrin həllində və digər istiqamətlərdə qadınların rolu daha da gücləndirilməlidir.
Natiq qeyd etdi ki, 2005-ci ildə İKT-nin Məkkədə keçirilmiş konfransında qəbul edilmiş Onillik Proqramda İslam dəyərlərinin qorunması və inkişaf etdirilməsi qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Məlumdur ki, İslamda qadınların bərabərhüquqluluğu təsbit olunmuşdur. Biz bu prinsiplərin daha da genişləndirilməsinin tərəfdarıyıq. Beynəlxalq Bakı Forumu bu işdə bizə lazımınca kömək göstərmişdir.
Təmsil etdiyi təşkilatın bütün dialoqlara hazır olduğunu bir daha bəyan edən İKT-nin baş katibi dedi ki, insanlar qarşılıqlı anlaşma şəraitində yaşamalıdırlar.
Sonra E.İhsanoğlu İKT-nin müraciətini oxudu.
Müraciətdə son üç ildə Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə humanitar sahədə gördüyü işlər xüsusi qeyd olunmuşdur.
E.İhsanoğlu dedi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım göstərilməsi sahəsində İKT ilə əməkdaşlığı yüksək səviyyədədir.
Sonda Ekmələddin İhsanoğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomu təqdim etdi.

Mehriban xanım Əliyeva beynəlxalq foruma yekun vuraraq dedi:
- Hörmətli dostlar, mən bir daha onu qeyd etmək istəyirəm ki, biz bu cür vacib məsələlər üzrə əməkdaşlığa, mədəniyyətlərarası dialoqa həmişə hazırıq.
Ümid edirəm ki, Bakı Bəyannaməsində qeyd olunduğu kimi, biz 2010-cu ildə bir daha görüşəcəyik. Mən hamımızı bu forumun uğurla başa çatması münasibətilə bir daha təbrik edirəm.
Bununla da "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu öz işini başa çatdırdı.

 

Azərbaycan.- 2008.- 12 iyun.- S. 2-3.