Sənubər Bağırova:
Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə
Konvensiyanın ikinci sessiyasında yeni kriteriyalar müzakirə
və təsdiq olunub
Bildiyimiz kimi, Fransa Respublikasının
Paris şəhərində yerləşən YUNESKO-nun
Baş Qərargahında Qeyri-maddi Mədəni İrsin
Qorunması üzrə Konvensiyanın üzv ölkələrinin
Baş Assambleyasının ikinci sessiyası keçirildi.
Sessiya zamanı bir sıra mühüm məsələlərin
müzakirə olunması nəzərdə tutulmuşdur.
Sözügedən konvensiyanın həyata
keçirilməsi üçün qaydalar layihəsinin
həyata keçirilməsi vacib məsələlərdən
biridir. YUNESKO-nun Qeyri-maddi Mədəni
İrs Komitəsinə yeni üzvlərin seçilməsi
və Qeyri-maddi Mədəni İrs Fonduna üzv ölkələr
tərəfindən ödəniləcək vahid töhfələrin
müəyyənləşdirilməsi kimi məsələlərə
konvensiyada aydınlıq gətirilmişdir. Məlum olduğu kimi, Qeyri-maddi Mədəni
İrs Siyahısı bir müddət müvəqqəti
dayandırıldıqdan sonra təşkilat katibliyi
və Qeyri-maddi Mədəni İrs Komitəsi üzvləri
tərəfindən yeni meyarlar əsasında bu siyahının
bərpası gündəmə gətirilmişdir.
Bu sessiyada məsələ ilə bağlı yeni kriteriyalar
müzakirə və təsdiq olunmuşdur. Artıq
dünya ictimaiyyətinə məlum olduğu kimi,
2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO
tərəfindən Bəşəriyyətin Şifahi
və Qeyri-maddi İrsinin şah əsəri elan olunub. Hazırda
isə "Aşıq sənəti" və "Azərbaycan
xalçaları" adlı obyektlərin Qeyri-maddi
Mədəni İrs Siyahısına salınması sahəsində
işlər aparılır. Qeyd etdiyimiz sessiyada bu
məsələ ilə əlaqədar müzakirələr
aparılmış və hər iki sənət nümunəsinin
dünya mədəniyyətinin şah əsərləri
siyahısına daxil olunması nəzərdə
tutulmuşdur. İclasda Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə Lətif Kərimov
adına Azərbaycan Xalçaçılıq və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru
Röya xanım Tağıyeva və Azərbaycan Milli
Elmlər Akademiyasının Memarlıq və
İncəsənət İnstitutunun böyük elmi
işçisi, YUNESKO eksperti Sənubər xanım Bağırova
Fransaya ezam olunmuşdular. Sessiyanın gedişi və
qəbul olunan qərarlarla bağlı Sənubər Bağırova
ilə ələqə yaratdıq: "Azərbaycan mədəni
irsinin dünya şah əsərləri siyahısına
daxil edilməsi milli mənəvi dəyərlərimizə
verilən yüksək dəyər kimi qiymətləndirilir.
Maddi-mənəvi dəyərlərimizə sahib olmaq,
onları dünya ictimaiyyətinə təqdim etmək
ən vacib məsələlərdən biri kimi qarşıda
durur. Müasir dövrümüzdə
Azərbaycan muğamlarını, aşıq sənətini,
eləcə də, xalçalarımızı layiqli
şəkildə təbliğ edib, onların mənşəyi,
kökü ilə bağlı həqiqətləri
araşdırıb, tədqiq etmək mütəxəssislər,
sənətşünaslar tərəfindən ciddi
məsələ olaraq qarşıya qoyulub. YUNESKO-nun Baş Qərargahında dörd
gün davam edən tədbirdə YUNESKO-nun mədəni
irs siyahısına daxil edilən əsrlərlə
bağlı fikir mübadiləsi aparıldı və
ümumi nəticə olaraq qərara alındı ki, reprezitativ
eləcə də, təhlükə altında olan
əsərlər bu şah əsərlər
sırasında yer ala bilər. 2003-cü ildə Azərbaycan
muğamları YUNESKO-nun mədəni irs siyahısına
daxil edilmişdi. İndi YUNESKO-nun mədəni irs siyahısına
daxil olan əsərlərə münasibət həm format
baxımından, həm də hüquqi qanunlar
çərçivəsində fərqlidir. Hansısa
bir xalqın özünüdərki xüsusiyyətlərini
yaşadan əsərlər və məhvolma təhlükəsi
altında olan nümunələr YUNESKO tərəfindən
qəbul edilir. Qloballaşma dövrünü yaşadığımız
zamanda tarixi əhəmiyyət daşıyan
əsərlər yavaş-yavaş sıradan çıxmaq
üzrədir. Həmin sənət nümunələrini
qorumaq üçün ciddi addımlar atılmalıdır.
Azərbaycan xalçaları, eləcə
də, musiqi alətləri müxtəlif xalqların
adı ilə bir çox ölkələrdə təbliğ
olunur. İranlılar milli xalçalarımızı,
ermənilər isə musiqi alətlərimizi, xüsusilə
də, balabanı öz adlarına çıxaraq,
özlərinə məxsus olduğunu təsdiq etməyə
çalışırlar. Bu halların qarşısını
almaq üçün tədbirlər görülməlidir.
Ermənilər illərdir ki, aşıq sənəti
ilə məşğul olub, şifahi xalq ədəbiyyatının
bu növünün onlara məxsusluğunu var gücləri
ilə təsdiqləməyə çalışırlar.
Hətta bizim şeirlərimizi deyib, həyasızcasına
musiqilərimizi belə ifa edirlər. YUNESKO-nun konvensiyasına
qəbul edilmiş konkret maddələr, məhz bunların
qorunması üçün zəruridir. YUNESKO-nun
konvensiya dairəsi olduqca genişdir. Şifahi xalq
ədəbiyyatı nümunələri ağızdan-ağıza
keçərək yayılır ki, bunlar da, əsasən,
toy, bayram, mərasim nəğmələrini təşkil
edir. Ümumi qanunların təsis edilməsi müəyyən
qayda-qanunlara uyğundur. Bu əsərlər şifahi
şəkildə yaşamalıdır. Şifahi
şəkildə dedikdə müəyyən kateqoriyalar,
meyarlar nəzərdə tutulur. Əgər biz
aşıq sənətini təqdim ediriksə, onun
köklü şəkildə tətbiqinə nail olmalıyıq.
Biz özümüzü təqdim edəndə, xalçamızı,
aşıq sənətimizi, muğamlarımızı
ilk öncə ortaya qoyur, onların tarixən qədimliyini
təsdiq edirik. YUNESKO-nun koordinatoru kimi muğam sənəti
kimi aşıq sənətinin, eləcə də, xalçalarımızın
YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsi
yönümündə işlərin təşkili
mənə həvalə olunmuşdur. Qeyd edim ki, hələ
muğam sənətinin də YUNESKO-nun şah
əsərlər sırasına daxil edilməsində
mən müəyyən layihələr hazırlayıb
təqdim etmişdim. Hazırda aşıq sənətinin
dünyanın şah əsərləri sırasına
daxil edilməsi üçün elmi məqalə yazmaq,
film çəkmək, foto-albom, disk, xəritə və
s. hazırlamaq mənə tapşırılmışdır.
Oktyabr ayına qədər həmin nümunələr
YUNESKO-ya təqdim olunmalıdır. Təbii ki, sentyabr
ayında qeyd olunan işləri tamamlamalıyam. YUNESKO-nun şah əsərlər sırasına
tarixi əhəmiyyət kəsb edən nümunələri
təqdim etmək niyyətində olan yüzə qədər
dövlət vardır ki, onların içərisində
ən gözəl və dəyərli sənət nümunələri
seçiləcəkdir".
Səs.- 2008.- 25 iyun.- S. 12.