"Krım-2008" Beynəlxalq kitabxana konfransından reportaj

 

Dünən Krım Muxtar Respublikasının Respublika Mərkəzi Elmi Kitabxanasında "Azərbaycan guşəsi"nin təqdimat mərasimi keçirildi. Daimi fəaliyyət göstərəcək guşədə Azərbaycanın tarixi, mədəniyyəti, milli-mədəni irsi, habelə müasir daxili və xarici siyasəti, neft strategiyası, Dağlıq Qarabağ problemi, Azərbaycan muğamları haqqında nəşrlər nümayiş etdirilir.

Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi bölməsinin məsləhətçisi Samir Abbasov "B.Çobanzadə yaradıcılığı və Türk dünyasının ortaq dəyərləri" mövzusunda çıxış etdi. Sonra C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru T.Sadıqov və F.Köçərli adına, Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva çıxış etdilər. Tədbir iştirakçıları türkoloq alim B.Çobanzadənin anadan olduğu Qarasubazar şəhərində onun şərəfinə ucaldılmış abidənin açılışı mərasimində və ədəbi-bədii gecədə iştirak etdilər. Tədbirdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Krım Muxtar Respublikasının Elmi Kitabxanası və İ.Qasprinski adına Krımtatar kitabxanası ilə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi sahəsində razılıq əldə olundu. Tədbirin sonunda Krım Muxtar Respublikasının Elmi Kitabxanası və İ.Qasprinski adına Krımtatar kitabxanasına Azərbaycan haqqında maraqlı kitablar hədiyyə edildi.

Azərbaycan kitabxanaçılarının "Krım-2008" Beynəlxalq konfransda iştirakı Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirildi.

"Krım-2008" Beynəlxalq kitabxana konfransı Azərbaycan kitabxanaçılarına qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və s. sahələrdə geniş imkanlar açır. Konfransda müxtəlif maraqlı dəyirmi masalar, debatlar, kitab təqdimatları oldu. Burada Avstriya, Macarıstan, Böyük Britaniya, Rusiya, Kanada, İordaniya, Azərbaycan, Belarus, Ukrayna, Qazaxıstan kitabxanalarının müasir dövrdə kitabxana işi sahəsində fəaliyyəti, kitabxanaların avtomatlaşdırılması, yeni xidmət növlərindən istifadə və s. mövzularda dəyirmi masalar və debatlar keçirildi.

"Krım-2008" Beynəlxalq kitabxana konfransının müxtəlif bölmələrində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Fizurə xanım Quliyeva "Azərbaycanda uşaq kitabxanalarının prioritetləri və oxucuların mütaliə maraqları", C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov "Azərbaycanda ictimai hüquqi-informasiya mərkəzləri: ilk təcrübə və problemlər", Gəncə şəhər MKS-nin direktoru Elmira xanım Əliyeva isə "Region kitabxanalarının informasiyalaşdırılması - zamanın tələbidir" mövzularında çıxış etdilər.

Razılaşmaya görə, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyəti Müstəqil Dövlətlər Birliyi ərazisində ən çox oxunan "Biblioteka v şkole" qəzetində işıqlandırılacaq.

Konfransın Təşkilat Komitəsinin təklifi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə nəşr olunmuş "Kitabxanalar biliklər cəmiyyətində. Biblioteki v obhestve znaniy" ikidilli kitabın müzakirəsinə dair "Dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da MDB ölkələri, habelə Böyük Britaniya, Fransa, ABŞ, Avstriya, Almaniya, İsrail, Finlandiya, Kanada, Misir, Hindistan, Çin və s. ölkələrin kitabxana mütəxəssisləri iştirak ediblər.

 

Mədəniyyət.- 2008.- 14 iyun.- S. 4.