Məmmədli O.


Müasirləşən Milli Kitabxana

Hələ sovet dövründə ən çox oxucu auditoriyası qazanan kitabxana Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanası idi. 2004-cü ildən Milli Kitabxana statusu almış bu kitabxananın 1922-ci il mayın 5-də açılışı olub və binası xüsusi olaraq kitabxana üçün inşa edilib. Binanın memarı tanınmış arxitektor Mikayıl Hüseynov olub. Kitabxana inşa edilərkən kitabların rütubətdən, günəş şüasından qorunması, tez sıradan çıxmaması üçün ventilyasiya sisteminin qurulması nəzərə alınıb. O vaxt bina 2 milyon yarımlıq kitab üçün nəzərdə tutulub. Hazırda isə burada 5 milyondan artıq kitab yerləşdirilib. Vaxtilə ümumi kitabxana səviyyəsində göstərilən fəaliyyət sonra dövlət kitabxanası səviyyəsinə çatıb. 2004-cü ildə Milli Kitabxana statusu alandan sonra isə kitabxananın qarşısına öz işini dünya standartlarına uyğun qurmaq, informasiya məlumatları oxuculara tam operativ şəkildə çatdırmaq tələbi qoyulub. Əslində bu tələblər zamanın tələbidir. Çünki müasir oxucular ən operativ informasiyanı əldə etmək üçün internetdən istifadəni əvəzsiz sayırlar. Belə oxucuların marağını elektron kitabxanalar daha çox təmin edir. İnkişaf etmiş ölkələrdə kitabxanaların avtomatlaşdırılmış sistemlə işləməsi təcrübəsinin uğurları bizim ölkə kitabxanaları üçün nümunəyə çevrilib. Məhz kitabxana işinin təkmilləşdirilməsi müasirləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il xüsusi sərəncam imzaladı. Mütaliəsevərlərin, elm adamlarının, sadə vətəndaşların, xüsusilə tələbələrin sevimli ocağı olan Milli Kitabxanamızda hazırda vəziyyət necədir? Oxuculura müasir standartlara uyğun xidmət göstərilirmi? Bu ya digər suallara bəhs etdiyimiz kitabxananın avtomatlaşdırma üzrə direktor müavini Mələk Hacıyeva aydınlıq gətirir.

Oxucuya modern xidmət

- 2000-ci ildən beynəlxalq internet şəbəkəsinə qoşulmuşuq. Hazırda avtomatlaşdırılmış proqram sistemi üzrə ABŞ-dan aldığımız yeni modelə uyğun olaraq elektron kataloq sistemi hazırlanıb. Qeyd edim ki, dünyanın ən tanınmış kitabxanaları sözügedən modellə işləyir. Bu proqramda oxucunun kitabxanaya üzv olması mərələsindən başlamış kitabların kataloqlar üzrə bölünməsi oxuculara xidmətin avtomatlaşdırılıb. Modelə görə oxucu evdə oturub kompyuterlə istədiyi kitabı sifariş edə onu vaxt itirmədən kitabxanadan götürə bilər.
Hazırda isə Amerika modelini ilk olaraq elektron kataloq sisteminə tətbiq etmişik. Elektron kataloqlarda kitabın biblioqrafiyası, adı, müəllifi, nəşr ili yeri haqqında məlumat genişliyi ilə öz əksini tapıb. Eyni zamanda 2006- ildən başlayaraq elektron kataloqa düşmüş kitabların tam mətnlərinin həm elektron kitabxanada yerləşdirilməsi işi aparılır. Hazırda 30 min addan çox biblioqrafik yazı, elektron kitabxanada isə 200-dən çox müəllifin kitabı var.
Prezidentin latın qrafikalı ədəbiyyatın çapı barədə sərəncamından sonra isə çap olunan kitablar elektron kitabxanamıza daxil edilən ilk kitablar olub. Müəllif hüquqlarının qorunması şərti ilə 50 il əvvəlki ədəbiyyat müasir yazarların kitablarının mətni ilə elektron kitabxanamız vasitəsilə tanış olmaq mümkündür. Razılaşma əsasında ABŞ Konqresinin kitabxanasından Rusiya Dövlət Kitabxanasından ədəbiyyatlar qısa müddətdə elektron kitabxanamıza daxil olur.

Tədris mərkəzi

Kitabxanamızda tədris mərkəzi fəaliyyət göstərir. 2000-ci ildə kitabxananın 8 nəfərlik heyəti "Cənubi Qafqaz ölkələri ixtisasartırma mərkəzin" xüsusi kurs keçərək müasir modern kitabxanaçılıq sahəsində yeni ixtisaslara, biliklər
ə yiyələnib. Bu o ixtisaslardır ki, bizim kitabxana sistemimizdə tədris olunmayıb. Bu ixtisasları bizə Cənubi Qafqaz ölkələrindən ABŞ-da kitabxana-informasiya proqramları çərçivəsində təhsil almış məzunlar tədris ediblər. Biz bu proqramları mənimsədikdən sonra ABŞ kitabxana-informasiya mərkəzinin köməyi ilə ölkə kitabxanalarının müasirləşməsi üçün yeni proqram hazırlayaraq tədris mərkəzi yaratdıq. Bu mərkəz kitabxanaçıların dil, texniki sahələr üzrə biliklərinin, ixtisaslarının artımı üzrə əvəzsizdir.

"www.anl.az adlı saytımız fəaliyyət göstərir"

İki il əvvəl kitabxanamızın saytı açılıb www.anl.az. Saytına daxil olub elektron kitabxana düyməciyini vurmaqla buradakı əsərlərlə tanış olmaq mümkündür. Elektron kitabxanada eyni zamanda Qarabağ, Xocalı faciəsi, ağrılı tariximizlə, Azərbaycan həqiqətləri barədə kitablara da geniş yer verilib. Saytımızın 46 mindən artıq, o cümlədən ABŞ-dan, Fransadan, Türkiyədən sairə ölkələrdən oxucusu var. Saytda kitabxanamıza daxil olan yeni kitablar barədə məlumatlar verilir. O cümlədən burada xüsusi bölmədə kitabxanalar üçün tədris vasitələri yerləşdirilib. Paralel olaraq hər bir kitabxana biblioqrafiya sahəsi üzrə sualını bu bölmə üzrə bizə göndərə bilər. Bu suala isə cavabı bizim metodiki şöbə hazırlayaraq sayta yerləşdirir. Sayt materiallarını üç dil üzrə izləmək mümkündür. Doğma dilimizdə tam mətnlə, rus dilində ixtisarla, ingilis dilində yığcam formada. Qeyd edim ki, sayt bizim kitabxananın öz əməkdaşları tərəfindən hazırlanıb. Ermənilər bizim saytı diqqətlə izləyir qıcıqlanırlar. Çünki saytda onların azərbaycanlılara qarşı törətdikləri genosid aktları tarixi məlumatlar şəklində bütün dünyaya çatdırılır. Saytımızı izləyən dünya azərbaycanlıları da bu faktları yaşadığı ölkələrdə müxtəlif şəkildə yayır, təbliğatla məşğul olurlar. Bu səbəbdən ermənilər dəfələrlə saytımıza texniki hücumlar ediblər.
Keçən il kitabxanamızda Xocalı faciəsi ilə bağlı beynəlxalq konfrans keçirilirdi. Konfransda bu faciə ilə bağlı faktlar saytımız vasitəsilə nümayiş etdiriləcək. Nümayişə 2 saat qalmış sayt erməni xakerlərin texniki hücumuna məruz qaldı. Qısa vaxt ərzində saytı bərpa edə bildik. Xakerlərin hücumlarından qorunmaq üçün saytın texniki davamlılığını daim artırırıq.

Gələcəyə doğru

Modernləşmə prosesinin sürətləndirilməsi, texniki resursların artırılması, qarrşımızdakı vəzifələrdir. Bütün bunlardan sonra milli kitabxanamız dünyanın ən modern kitabxanalarından birinə çevrilməklə oxucusuna tam müasir xidmət göstərə biləcək.

 

Xalq cəbhəsi.- 2008.- 14 iyun.- S. 10.