Rzalı R.


Kitabla ünsiyyəti yadırğamayaq

 

Keçid dövrü bütün cəmiyyətlər üçün ağır olur. Bu çətinliklər və dəyişikliklər dövründə daha çox elmə, maarifə, mədəniyyətə, incəsənətə ziyan dəyir. Biz də kənarda qalmamışıq. Onillərlə uzanan keçid dövründə elmin, maarifin inkişafında xeyli problem yaranıb, əhalimizin əksər hissəsi intellektual inkişafın açarı olan kitabla ünsiyyətdən uzaq düşüb, mütaliə vərdişini yadırğayıb. Nə vaxt əlimizə kitab alıb maraqla oxuduğumuz çoxumuzun yadından çıxıb. Keçid dövründə kitabxanaların və kitab mağazalarının əksəriyyəti qutabxanalarla əvəz olunub. İndi nəşr olunan kitabların sayı çoxalsa da, oxucu tələbini ödəmir.
Nəşriyyatlarda çap olunan kitabların çoxu dövrün tələblərinə cavab vermir, cəmiyyətin intellektual inkişafının istiqamətlənməsinə deyil, ayrı-ayrı şəxslərin maraqlarına, şəxsi zövqlərinə xidmət edir. XXI əsrin real ədəbiyyatı, oxucunu maraqlandıran ədəbiyyat yaranmır. Halbuki hər millətin varlığının əsas atributlarından biri olan kitab yalnız bədii zövqü təmin etmir, həm də millətin və cəmiyyətin gələcəyinə xidmət göstərir.
Bir zamanlar Bakıda 130-dan çox kitab satış məntəqəsi var idi. İndi də adamlar onların yerini xatırlayır. Mərkəzi univermağın alt tərəfində, "Vətən" kinoteatrının ətrafında, bir neçəsi isə "Kitab pasajı" deyilən yerdə yerləşirdi. Oxucularımıza təqdim etdiyimiz bu yazıya başlamazdan əvvəl həmin kitab mağazalarından bu gün hansının fəaliyyət göstərdiyini öyrənmək məqsədilə şəhəri gəzdik. Mərkəzi univermağın alt tərəfindəki ixtisaslaşmış kitab mağazası yaxın illərədək fəaliyyətdə idi. Orada kitablarla yanaşı, atlaslar, xəritələr, qlobus, dəftərxana ləvazimatınadək hər şey vardı. İndi bu mağazada qadın geyimləri satılır. "Azərnəşr"lə üzbəüz kitabxana da "Çudo- peçka" ilə əvəz olunub. Statistika Komitəsinin yaxınlığındakı siyasi kitablar mağazası mebel dükanına, Azadlıq prospektindəki mağazalar təsərrüfat və məişət mallarının satış yerinə çevrilib.
Cəmiyyətimiz dəyişib, elmin, texnikanın ən sonuncu nailiyyətləri masamızın üstündədir, kompüterlə dünyanın istənilən nöqtəsi ilə bir andaca əlaqə yaradırıq. Bu çox yaxşıdır, tərəqqidir, qloballaşan dünya ilə ayaqlaşmaq deməkdir. Ancaq əvvəllər elə bilirdik ki, müasir texnologiyalar insanlara elə informasiya vermək gücündə olacaq ki, kitab vərəqləməyə ehtiyacımız qalmayacaq. Həyat isə göstərir ki, bu qədər kompüter, internet, ən müasir informasiya növü bir bədii ədəbiyyatı sevə-sevə oxuyaraq aldığımız mənəvi qidanın, istirahətin, zövqün dəyərini vermir. Və yaxud elmi ədəbiyyatlardan yalnız kitablar vasitəsilə daha çox yararlana bilirik. Göründüyü kimi, düşünməli və müzakirə olunmalı məsələdir. Çağdaş insanlar kitab oxumağa vaxt ayırmaq istəmir, buna görə də mütaliə vərdişi itmək üzrədir. Təəssüflənirik, çünki indi olmasa da, cəmiyyətimiz yaxın gələcəkdə bu zərbənin ağırlığını hiss edəcək.
Mövzu ilə bağlı görüşüb söhbət etdiyimiz mütəxəssislər də hər bir cəmiyyətdə elmin, inkişafın intellektual açarı olan kitaba münasibətin qənaətbəxş olmadığından narahatlıqla danışdılar. Filologiya elmləri doktoru, professor İsmayıl Vəliyev deyir ki, internetdə ensiklopedik biliklər nə qədər çox olsa da, bu, ayrı bir informasiya tipidir, kitabı əvəz eləmir: "Məsələ burasındadır ki, internet şəbəkələrinə verilən informasiyaların özündə də kitaba istinad edilir. Kitab dünyanın hər yerində, hər bir millətdə əvəzsiz bilik mənbəyi sayılır, həyatımızın tərkib hissəsidir. Düzdür, siyasi böhranlar, keçid dövrü, müharibələr, münaqişələr zamanı cəmiyyətin başı nisbətən kitabdan ayrılıb dövrün yaşadığı gərginliklərə, sosial problemlərə qarışır. Ancaq bu, adından da bəlli olduğu kimi, keçicidir, heç bir siyasi böhran, müharibə, münaqişə cəmiyyətin elminin, maarifinin, ədəbiyyatının inkişafını axsatmamalıdır. İnformasiya texnologiyalarının ən ilkininin, necə deyərlər, ən müasirinin yarandığı və sürətlə inkişaf etdiyi ölkələrdə kitab istehsalının həcmi aşağı düşmür, getdikcə çoxalır. Dünyada ən çox kitab istehsalı ilə məşğul olan Avropa, Amerika ölkələridir ki, oxucusunun sayına görə də öndə gedirlər. İndi dünyada kitabşünaslıq elmi təkmilləşib inkişaf etdiyi halda, bizdə olan-qalan kitab şəbəkələri də sıradan çıxarılıb. İnsanların kitaba marağı qalmayıb, bu baxımdan əyalətlərimizdə vəziyyət daha da təəssüfləndiricidir. "Azərkitab", "Kəndkitab" kimi şəbəkələr də iflasa uğrayıb".
Fizika-riyaziyyat elmləri namizədi, "Kitab klubu"nun direktoru Elxan Rzayevə görə isə, başqa sahələrlə müqayisədə kitab biznesi görünmür: "Kitab biznesi bazar iqtisadiyyatının ağrılı yeridir, ölkəmizdə kitab marketinqi ilə məşğul olan qurum yoxdur. Ən böyük problem isə bazarın və oxucunun tələbinin nəzərə alınmamasıdır. Son illər nəşr olunan kitablar daha çox imkanlı adamların şəxsi bioqrafiyasından, "poeziyasından" bəhs edir ki, bu kitablar da nə cəmiyyətin oxucu təbəqəsinə, nə də elmimizin inkişafına gərəkdir. Təbii ki, kitabxanalar da bu nəşrlərdən istifadə etmir. Tirajı beş yüzü keçməyən bu kitabları müəllifləri dost-tanışa pay verir, qalanını da aparıb yığır evinə".
Kitab hər kəsə lazımdır, alimə də, həkimə də, şagirdə, tələbəyə də, uşaqlara da, sıravi oxucuya da. Yəni nəşriyyatlarda çap olunan kitablar bu təbəqələrin hamısını nəzərə almalıdır. Mütəxəssislər bildirir ki, sovetlər zamanı tipologiyasına görə 50 kitab tipi müəyyən olunmuşdu. Bu 50 tipin içərisində bütün sahələr öz yerini tapırdı. Dünya kitabları arasında informasiya şəbəkəsi genişləndikcə, bu tip də yayılırdı. Çünki elmin hər bir sahəsi, kənd təsərrüfatı, bədii ədəbiyyat, hətta insanın diniylə, inancıyla bağlı ən zəngin informasiyanı kitablar verir. Əslində, nəşriyyatlar oxucunun və bazarın tələbini nəzərə alaraq müəllifə öz iradəsini diktə etməlidir. Bizdəki realllıq isə budur ki, çox vaxt müəlliflər nəşriyyatlara diktə edirlər.
Şəhərimizdə kitab mağazaları axtararkən bir neçə yerdə kitab satış "məntəqəsi" ilə rastlaşdıq. Akademiya bağında ağacların arasında, Bakı Dövlət Universitetinin giriş qapısının sol tərəfində küncdə, yerdə, daşların üstündə, bir də "20 Yanvar" metrosunun çıxacağında, dirəklərin üstündə, səkidə, meyvə qutularının üzərində. Buradakı satıcı yaxınlıqdakı banansatanla deyişirdi. Öyrəndik ki, banansatan kitabsatan həmkarından yolun ortasına, dirəklərin üstünə düzdüyü kitabları yığışdırmağı tələb edir ki, bazarıma mane olursan. Bir az aralıda, yarlı-yaraşıqlı, bərq vuran dükanlarda isə əntiq əşyalar, bahalı qadın-kişi geyimləri, "Fırat-lahmacun" lokantaları insanlarla dolub-daşırdı. Söhbət zamanı İsmayıl müəllimin söylədiyi fikri xatırladım. Deyir ki, el arasında atalar sözü kimi bir məsəl yaranıb: kitabı qutaba dəyişiblər. Bir neçə gənclə söhbət etmək istədik. - Buralarda kitab mağazası varmı? - deyə soruşduq. Dedilər ki, görməmişik, rastlaşmamışıq. "Bəs kitab oxumursunuz?" - yenə soruşduq. Biznes Universitetinin sonuncu kurs tələbəsi Arzu Nuriyeva dedi ki, kitab satılan yer yoxdu axı, haradan alıb oxuyaq?! Olsa, istər-istəməz girib baxar, bir-ikisini də alarıq. Metro çıxışlarında daşın, divarın üstündə satılan kitablar isə Kirill əlifbası ilə nəşr olunan köhnə kitablardı.
Burada müəyyən qədər həqiqət var. Bayaq haqqında danışdığımız keçid dövrü özünün problemlərilə kifayət qədər çətinlik yaradıb. Əvvəlki nəslin istehsal etdiyi kitab gələcək nəsillərə çatmalıdır. Əlifbanı dəyişməklə, bir növ, nəsillər arasındakı zəncir qırıldı, millətimiz belə bir acı təcrübəni XX əsrin əvvəllərində də yaşamışdı. Əlifba dəyişdikdən sonra illərdən bəri kitabxanalarda toplanmış kitab fondu birdən-birə passivləşmiş fonda çevrildi. Bu gün fondlardakı kitabların 95 faizi istifadədən kənarda qalıb. Çünki məktəblilər latın qrafikasında oxuyur, əvvəlki ədəbiyyatlardan istifadə etmək onlara bir az çətinlik törədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, indi klassik ədəbiyyat, dünya ədəbiyyatı artıq latın qrafikasında Azərbaycan dilində nəşr olunur, oxuculara və kitabxanalara çatdırılır. Bu çox müsbət haldır. Ancaq elmin müxtəlif sahələri var, kütləvi ədəbiyyat var, bunlar müntəzəm çap oluna bilmir. Məsələn, Azərbaycan aqrar ölkəsidir, kənd təsərrüfatının müxtəlif sahələrinə həsr olunmuş elmi və kütləvi ədəbiyyata ehtiyac var. Tibb ədəbiyyatı yaradılmalıdır. Oxucunu elmin və texnikanın müxtəlif bilikləri ilə məlumatlandıran ədəbiyyat yaradılmalıdır.
Əvvəllər respublikamızda 9 minədək kitabxana fəaliyyət göstərirdi. İndi onlardan cəmi 4 minə qədəri işləyir. Məlumdur ki, kitablar əsasən paytaxtda nəşr olunur, şəbəkə işləmədiyinə görə nəşr olunan kitablar rayonlara da çatdırılmır. Kitab elə bir məhsuldur ki, yalnız kitabxanalar vasitəsilə yayılmır, həm də kitab mağazalarında satılır.
Qız qalasının yanındakı 97 saylı kitab mağazasının sahibi Elman Mustafayevlə oxucuların hansı kitablara üstünlük verdiyi, gündəlik kitab satışı tələbatının daha çox hansı ədəbiyyat olması barədə söhbətləşdik. Müsahibimiz dedi ki, son vaxtlar daha çox Azərbaycan tarixi, sosiologiya və kulturologiya mövzusunda kitablar satılır. Kitabların mağazalarda deyil, səkilərin üstündə, künc-bucaqda satılmasının səbəbini müsahibim kirayə haqqının baha olması ilə əlaqələndirdi.
Professor İ.Vəliyev cəmiyyətin kitabdan uzaqlaşmasının və kitab nəşri işində yaranmış pərakəndəliyin başqa bir səbəbini də açıqladı: "Bizim dünya ilə kitab əlaqələrimiz də yoxdur. Bir zamanlar bu şəbəkə Respublika Kitab Palatası vasitəsilə həyata keçirilirdi. Artıq neçə illərdir ki, Kitab Palatası əvvəlki səviyyədə işləmir, kitab arxivi ləğv olunub, mətbuatın statistikası aparılmır".
Bir vaxtlar Kitab Palatası adlı nüfuzlu təşkilat kimi ölkə nəşriyyatlarında çap olunan bütün kitabların, qəzetlərin və digər nəşrlərin məlumat mənbəyi, arxivi idi. Elmin müxtəlif sahələri, kənd təsərrüfatı, tibb, bir sözlə, respublikada aparılan elmi tədqiqatlar, kəşflər, bu sahələrdə görülən mühüm işlər haqqında bütün informasiyalar bu qurumda cəmlənərək dünyaya çatdırılır, eyni zamanda dünyada nəşr olunan başqa elmi-nəzəri kitablar və elmin hər bir sahəsinin inkişafı barədə məlumatlar da bu qurum vasitəsilə ölkəmizə daxil olurdu. Lakin Respublika Kitab Palatasının fəaliyyəti 2002-ci ildə dayandırıldı. 2003-cü ilin əvvəlindən Çap məhsullarının qeydiyyatı və milli biblioqrafiya şöbəsi adı altında M.F.Axundov adına Milli Kitabxananın bir şöbəsi kimi fəaliyyət göstərir. Amma gördüyü işlərə yuxarıda söylədiklərimiz qətiyyən aid deyil.
Kitabçılıq işinin mütəxəssisləri palatanın ləğv edilməsinin Azərbaycanda kitab nəşrində müəyyən problemlərin yaranmasına və dünya ilə ölkəmiz arasında kitab şəbəkəsinin qırılmasına səbəb olduğunu deyirlər. 1979-cu ildə ümummilli lider Heydər Əliyev Mərkəzi Komitəyə rəhbərlik etdiyi dövrdə Kitab Palatasının işinin yenidən qurulması haqqında qərar imzalamışdı. Bu qərara əsasən palatanın işi yenidən qurulmalı, fəaliyyət dairəsi daha da genişlənməli idi. Lakin cəmiyyətimizdə gedən sonrakı proseslər, təəssüf ki, bu qərarın yerinə yetirilməsinə mane oldu. Kitab Palatası informasiya mənbəyidir. İndi bu informasiya mənbəyi yoxdur deyə, biz dünya informasiya xəttindən qırılmışıq. Halbuki bütün ölkələrdə kitab palataları normal fəaliyyət göstərir. Onlar heç bir keçid dövrünün və ya ölkədə baş verən ictimai-siyasi prosesin qurbanı olmayıb. Kitab Palatası kitabxanadan böyük təşkilatdır, onu kitabxananın bir şöbəsinə yerləşdirmək mümkün deyil! Dünya şöhrətli Azərbaycan alimləri, ziyalıları, həkimləri, tarixçiləri var ki, mühüm elmi kəşflər ediblər, elmi uğurları var. Vaxtilə biz bu kəşflər haqqında məlumatları palatada cəmləşdirib dünyaya çatdırırdıq. İndi Kitab Palatası fəaliyyət göstərmədiyindən nəinki dünyaya çıxmırıq, heç ölkədə nəşr olunan kitabların statistikası da lazımi səviyyədə aparılmır.
Vaxtilə ölkəmizdə, əsasən paytaxtda cəmi 7-8 nəşriyyat fəaliyyət göstərirdi. Bu nəşriyyatlar tematik plana əsasən ildə beş yüz, altı yüz adda yüz minlərlə tirajda kitab nəşr edirdi. Bu gün qeydiyyatdan keçən 200-dək nəşriyyatda hər il 300-400 adda kitab nəşr olunur, ya olunmur. Onların da tirajının sayı çox azdır - bir neçə yüz nüsxə. Həmin kitablar isə heç bir kitabxana şəbəkəsinə gedib çatmır. "Azərnəşr"in Baş redaktoru Əlövsət Ağalarov bildirdi ki, "Azərnəşr"də il ərzində 30-40 adda kitab nəşr olunur. Lakin tirajı beş mindən o yana keçmir: "Bunlar da əsasən sifariş yolu ilə nəşr olunur. Yəni müəlliflərin təqdim etdiyi əsərləri onların öz vəsaitləri hesabına çap edirik. Kitabın satışı da onların üzərinə düşür. Ona görə də tematik plan tutulmur".
Kitab nəşrində və onun oxucuya çatdırılmasında yaranan problemlərdən biri də dövri nəşrlərin yüksək keyfiyyətdə, yaxşı tərtibatda, zövqlü və səviyyəli şəkildə çap olunmasıdır. Yenə qayıdaq yaxın keçmişə. Kitablar elmi, texniki, siyasi cəhətdən, bədii-publisistik, dil-üslub baxımından redaktə olunurdu. Əgər redaktə nəşriyyatı qane etmirdisə, nəşriyyat kitabı kənar redaktəyə göndərirdi. Ə.Ağalarov deyir ki, indi nəşriyyatda bu cür redaksiyalar ləğv olunub: "Elə olur ki, tibbə aid, dinə aid və elmin müxtəlif sahələrinə aid kitablar ildə bir dəfə təqdim olunur, ona görə də bu qədər redaksiyanı saxlamağın əhəmiyyəti yoxdur".
Mütəxəssislər inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanı fəal oxucusu olmayan ölkə kimi dəyərləndirirlər və bizdə bugünədək kitab biznesinin formalaşmamasını da bununla əlaqələndirirlər. Əhalinin alıcılıq qabiliyyəti kitaba yetərincə pul ayırmasına imkan vermir. Yəni fəal oxucu elitası olmadığından cəmiyyətdə kitab biznesinin və ya marketinqinin formalaşması prosesi də gec gedir. Əlbəttə, bu, səbəblərdən biridir. Lakin unutmaq olmaz ki, kitab xüsusi statusa malik biznes sahəsidir, bazarı ləng gedəndir, lakin olduqca gərəkli sahədir. Odur ki, bu sahənin inkişafına, kitab bazarının yaranmasına, biznesinin formalaşmasına dövlət qayğısı gərəkdir. Azərbaycanda kitab istehsalı ilə məşğul olan bütün avadanlıq - kağızdan tutmuş boyaya qədər - hamısı xaricdən gətirilir. Ən böyük kitab idxalı Rusiyanın payına düşür. Türkiyə və İrandan da kitab məhsulları gətirilir. Təbii ki, bunların hamısı gömrükdən keçir. Fikrimcə, kitab idxalı gömrükdən azad olunarsa, sahənin inkişafına şərait yaranar. Kitabın yenidən evlərimizə daxil olması üçün dövlət bu intellektual infrastrukturu daim diqqət mərkəzində saxlamalıdır. Kitab-oxucu-nəşriyyat-müəllif formulu sonda intellektual cəmiyyət kompleksi yaradır. Ona görə də bu problem kompleks şəkildə həll olunmalıdır.
Problemdən çıxış yolları ilə bağlı söhbət etdiyimiz mütəxəssislər kitabı evimizə, bütövlükdə cəmiyyətə qaytarmağın yeganə yolunu dövlət proqramının qəbul edilməsində görürlər. Onlara görə, yaranmış problem yalnız kompleks şəkildə dövlət proqramı çərçivəsində həll oluna bilər.
Hər halda, kitabla ünsiyyətin azalması cəmiyyətə mənfi təsir göstərən amildir. Bu təsir özünü gec büruzə versə də, nəticəsi acınacaqlı ola bilər.

Azərbaycan.- 2008.- 10 iyun.- S. 6.