Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2008-ci il may ayının 10-da
müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər
Əliyevin 85 illiyi tamam olur.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə
dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini
və millətini zamanın ən çətin sınaqlarından
çıxararaq ölkənin
ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə
nail olmuş qüdrətli şəxsiyyətdir.
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə
gəlişindən etibarən
respublikamızın həyatında
geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru
radikal dəyişikliklərə
təkan vermişdir. Qısa müddətdə
iqtisadiyyat sahəsində
nailiyyətlər əldə
olunmuş, mədəniyyətin
yüksəlişi və
milli-mənəvi dəyərlərin dirçəlişi
istiqamətində mühüm
addımlar atılmışdır.
O illərdə Heydər
Əliyev idarəetmə
fəlsəfəsinin başlıca
ideya istiqamətini milli özünüdərkin
güclənməsinə imkan
verən sürətli
inkişaf strategiyası
təşkil etmişdir.
Heydər Əliyev həmin dövrdə özünün
dövlət idarəçiliyi
strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda
və sənayedəki
uğurlarla əlaqələndirərək,
vahid məcrada həyata keçirmişdir.
1969-1982-ci illərdə həyatımızın
bütün sahələrində baş vermiş
köklü dəyişikliklər
öz miqyasına görə Azərbaycanın
quruculuq salnaməsində
ən dolğun səhifələri təşkil
edir. Ölkəmizin müstəqilliyinin və
dünya iqtisadiyyatına
dərin inteqrasiyası
proseslərinin hazırkı
möhkəm təməli
Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala
əsaslanır.
Heydər Əliyevin idarəçilik
istedadı, tükənməz
enerjisi və misilsiz işgüzarlığı
1982-ci ildən SSRİ-nin
dövlət başçılarından
biri kimi fəaliyyət göstərdiyi
və irimiqyaslı layihələrə rəhbərlik
etdiyi vaxtlarda özünü xüsusilə
parlaq surətdə təzahür etdirmişdir.
Həmin dövrdə
Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə
baş verən ən ekstremal vəziyyətlərin aradan
qaldırılmasının bilavasitə iştirakçısı
olması sayəsində
dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə
çevrilmişdi.
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən
verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün
başlanmasını bildirirdi.
O, kommunist partiyası
sıralarından çıxmasına
dair ərizəsində
kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin
dağılmasının labüdlüyünü
açıq bəyan
etmişdi.
Heydər Əliyevin Azərbaycan parlamentindəki çıxışları,
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri olarkən qəbul etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində
üçrəngli bayrağımızı
ucaltması suverenliyin
qazanılması istiqamətində
atılmış ilk addımlardandır.
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən az sonra, xarici
təzyiqlər və
daxili çəkişmələr
nəticəsində 1993-cü ilin iyununda vətəndaş
qarşıdurması ilə
üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etmişdir. Onun təkidli istəyi
ilə hakimiyyətə
qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi
və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş
müharibəsi təhlükəsindən
və ictimai-siyasi pərakəndəlikdən qurtarmış,
qanunçuluğu bərpa
etmiş və cəmiyyəti vahid məfkurə ətrafında
birləşdirmişdir. Heydər
Əliyevin hakimiyyətə
gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarı şərəfinə
Azərbaycanın ən
yeni tarixinə Milli Qurtuluş günü kimi yazmışdır.
Ölkəmizdə müstəqil dövlət
təsisatlarının yaradılması,
beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük
vüsət alması,
suveren Azərbaycanın
əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin
formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun
müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli
həlli şəxsən
Heydər Əliyevin xidmətləridir.
1994-cü
ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını
təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının
öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə
çevrilmişdir. Bu müqavilə
ölkəmizin tarixində
yeni dövr açmış, dinamik inkişafın təməlini
təşkil edərək
müstəqilliyimizin iqtisadi
bünövrəsinin möhkəmlənməsi
və Azərbaycanın
bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratmışdır. Hazırda
Heydər Əliyevin adını daşıyan
Bakı-Tbilisi-Ceyhan neft kəməri xalqımızın ümummilli
liderinin ideyalarının
gerçəkləşməsinin parlaq təcəssümüdür.
Müstəqil dövlətçiliyimizin
Heydər Əliyev tərəfindən formalaşdırılan
mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin
möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını
son əsrlərdə
ciddi düşündürən
milli dirçəliş
problemləri bütöv
şəkildə Heydər
Əliyevin fəaliyyəti
sayəsində strateji
dövlət siyasətinə,
əməli siyasi müstəviyə keçmiş
və nəticədə
azərbaycançılıq məfkurəsi şüurlara
hakim kəsilmişdir.
İki əsrin və iki minilliyin
qovuşuğunda xalqımız
məhz onun sayəsində milli-mənəvi dəyərləri
layiqincə qoruyaraq, üçüncü minilliyə
inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə
və dünyada layiqli mövqe qazanmış Azərbaycan
dövlətinin rəmzi
kimi səslənir.
2003-cü il dekabrın 12-də əbədiyyətə
qovuşmuş Heydər
Əliyevi son mənzilə yola salmağa yüz minlərlə soydaşımız
gəlmişdi. Vida mərasimində
ardı-arası kəsilməyən həmin
insan seli isə on il
əvvəl - 1993-cü ildə
Vətən darda ikən millətin nicat yolunu Heydər
Əliyevin simasında
görənlərin birliyindən
yaranmışdı. Bu
möhtəşəm izdihamı
ilə xalq ən kədərli günündə həmrəylik
nümayiş etdirməklə
Heydər Əliyevin ruhu qarşısında mənəvi borcunu ödəyir, Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə edirdi.
Çoxəsrlik dövlətçiliyimiz
tarixində xüsusi yeri olan Heydər
Əliyevin fəaliyyəti
öz əhəmiyyəti
etibarilə Azərbaycanın
hüdudlarından çox-çox
kənara çıxır.
Beynəlxalq aləmdə cərəyan
edən proseslərə
təsiri baxımından
həmişə seçilən
və qlobal dünyanın ən aktual çağırışlarına
cavab verən Azərbaycan rəhbəri
zəmanəmizin tanınmış
siyasi xadimləri sırasında şərəfli
yer tutmuşdur.
Özünün zəngin siyasi
fəaliyyəti sayəsində
ölkəmizin hərtərəfli
inkişafı prosesinə
qüvvətli təkan
verərək, onu daimi yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz
tarixi xidmətlərini,
o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində,
milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsində
və müasir Azərbaycan dövlətinin
yaşadılmasında müstəsna
rolunu nəzərə
alaraq qərara alıram:
1. Azərbaycan Respublikasında
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində
geniş qeyd edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikasının
Nazirlər Kabineti aidiyyəti qurumlarla birlikdə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi
ilə bağlı tədbirlər planını
hazırlayıb həyata
keçirsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 mart 2008-ci il
Azərbaycan.- 2008.- 12 mart.- S. 1.