Bakıda neft muzeyi yaradılmasının konseptual
planı müzakirə
edilmişdir
AzərTAc xəbər verir ki, martın
29-da ARDNŞ-in inzibati
binasında Bakıda Neft Muzeyinin yaradılmasının konseptual
planının müzakirəsi
keçirilmişdir.
ARDNŞ-in prezidenti Rövnəq
Abdullayev Prezident İlham Əliyevin 2008-ci il 4 fevral tarixli
Sərəncamı ilə
Bakı şəhərində
Neft Muzeyinin yaradılmasına start verildiyini qeyd edərək, onun Azərbaycan neft sənayesinin 160 illik əfsanəvi tarixini özündə əks etdirən tarixi-mədəni bir kompleks xarakteri daşıyacağını bildirmişdir.
Qeyd olunmuşdur ki, yaradılacaq muzeyin əsas məqsədlərindən biri
Azərbaycanın iqtisadi
qüdrətinin və
müasir sosial-iqtisadi
nailiyyətlərinin əsas
amili olan neftin təbliğidir.
Konseptual
plan barədə iştirakçılara məlumat
verən muzey işinin təşkili şöbəsinin rəisi
İlqar Əliyev bildirmişdir ki, Bibiheybət NQÇİ-nin
neftdən təmizlənmiş
65 hektarlıq ərazisində
təşkil ediləcək
muzeyin yaradılması
üç mərhələdə
nəzərdə tutulur.
Birinci mərhələdə
muzeyin baş layihə planı hazırlanacaq, onun tərkibinə daxil olan obyektlərin siyahısı, sərhədləri
və qorunan əraziləri müəyyənləşdiriləcəkdir.
Növbəti mərhələdə muzeyin tematik planının hazırlanması,
onun fəaliyyəti üçün zəruri
olan eksponatların müəyyən edilməsi,
muzeyin mülkiyyətinə
verilməsi, qiymətləndirilməsi
və satın alınması üzrə
fond-satınalma komissiyasının yaradılması
planlaşdırılır. Sonuncu - üçüncü
mərhələdə isə
Neft Muzeyi kompleksinin dizayn-memarlıq layihəsi müsabiqəsinin keçirilməsi,
qalib layihənin müzakirəsinin təşkil
edilməsi, sənədin
müvafiq qaydada təsdiqi, eləcə də onun praktiki
icrası nəzərdə
tutulur.
Planın təqdimatından
sonra ARDNŞ-in vitse-prezidentləri Xaliq Məmmədov, Qorxmaz Hüseynov və Muxtar Babayev çıxış
edərək, fikir və təkliflərini bildirmişlər.
Müzakirəyə yekun
vuran ARDNŞ-in prezidenti R.Abdullayev demişdir ki, Neft Muzeyi həm
də gənc nəslin milli sərvətlərimizə dərin
hörmət və ehtiram ruhunda tərbiyə edilməsinə
xidmət göstərməlidir.
Eyni zamanda muzey kompleksinin
layihələndirilməsi zamanı
ARDNŞ üçün yüksək
səviyyəli kadrlar
hazırlayacaq təhsil
mərkəzinin yaradılması
da nəzərdə tutulmalıdır. Şirkət
prezidenti qeyd olunan təkliflər nəzərə alınmaqla
konseptual planın məqbul hesab edildiyini bildirmiş və müvafiq strukturlara konkret tapşırıqlar vermişdir.
Azərbaycan.- 2008.- 30 mart.- S. 2.