Hilalqızı S.
Misir ehramlarından daha
qiymətli İçərişəhər:
İçərişəhərin
meri Kamran İmanov: “Bura bəşəri dəyərlər
mərkəzinə çevriləcək”
Məlum olduğu kimi
İçərişəhər YUNESKO-nun Dünya
Mədəni İrs Komitəsində
bəşəriyyətin mədəni irsi kimi qeydə
alınıb. Memarlıq abidələrilə zəngin
olan, ölkədə turizmin inkişafı üçün
böyük əhəmiyyət kəsb edən ərazinin
dağıdılması ciddi narahatlıq doğurur.
Mətbuatda yazılanlara görə,
İçərişəhərdə son bir ildə burada 13
bina sökülüb, tarixi abidələr və
yaşayış evləri dağıdılıb.
Qədimlik
ansamblını pozan müasir tikintilər
İçərişəhərin
hazırkı vəziyyəti ilə əyani tanış olmaq
üçün ora yollandıq. Metronun “Bakı Soveti”
stansiyası istiqamətindən qədim şəhərə
üz tutduq. Qədim tikintilərə uyğunlaşmayan
İtaliya səfirliyi ilk olaraq diqqət cəlb edir. Sanki
çat vermiş köhnə qala divarları tarixi
abidələrin ansamblını pozan belə
tikintilərlə müqayisədə miskin görünür.
“Dərviş” çay evinin yanındakı
döngədən Kiçik Qala küçəsinə
qalxdıq. Orada inşaat işləri aparılırdı.
Fəhlələrə yaxınlaşıb aparılan tikinti
işlərilə maraqlandıq. Onlar bizi orada inşa olunan
çarhovuzu fotoya alan şəxsə yönəltdi: “Bizim cavab vermək səlahiyyətimiz yoxdur, gedin
ondan soruşun”. Özünü təqdim edən
İsmayıl Məmmədov dedi ki,
İçərişəhərin baş rəssamıdır
və tikinti aparılan yerdə bağ salmaq
planlaşdırılıb: “Çalışırıq ki,
bu istirahət parkının görüntüsü Şirvanşahlar
sarayındakı memarlıq üslubuna, orta əsrlərdə
işlənən memarlıq elementlərinə
uyğunlaşdırılsın. Baxın, bu daşlar
aşağı tərəfdən çıxarılıb,
istifadəyə yararlı olduğu üçün və
qədimliyi saxlansın deyə, yenidən burada istifadə
edilir. Hazırda Kiçik Qala küçəsindən
aşağıya qədər bərpa işləri gedir. Bu il
qala divarları da ”Qubernat bağı"ndan çıxan
daşlarla bərpa olunacaq, çatlar da elə doldurulacaq ki,
tikintinin qədimliyinə xələl gəlməsin".
İçərişəhərin
meri
Az
keçməmiş tikinti obyektinə əhatəsində bir
qrup adam olan tanış simalı eynəkli bir şəxs
də yaxınlaşdı. Bizə müraciətlə, “Sizi
nə maraqlandırır”,- deyə soruşdu.
Özümüzü təqdim etdik. O, qəzetdən
olduğumuzu biləndə, “Gərək
İçərişəhərin qorunmasına jurnalistlər
də kömək etsin. Yoxsa bir qəzet
İçərişəhərin dağılması
barədə yalan yazır, başqaları da bunun doğru
olub-olmadığını yoxlamadan üzünü
köçürür. Beləcə, yalan şişir,
böyüyür, camaatı çaşdırır. Bir daha
qeyd edim ki, Neftçilər prospektində sökülən
evlərin Azərbaycan memarlığına heç bir
aidiyyəti yox idi və ora mütəxəssislərin
rəyilə söküldü”, - deyə gileyləndi. Bu
şəxs vaxtilə Müəllif Hüquqları Agentliyinin
direktoru olan Kamran İmanov idi. Söhbətimiz zamanı
məlum oldu ki, K.İmanov ötən ilin mayından
Nazirlər Kabineti yanında İçərişəhər
Tarix-Memarlıq Qoruğu İdarəsinin sədridir.
Redaktorumuz Böyükkişi Heydərli Kamran İmanovdan
zarafatla soruşdu: “Sizə İçərişəhərin
meri demək olar?” K.İmanovun işçilərindən biri
ondan əvvəl dilləndi: “Elə düz tapmısız. Bu
şəhərin səlahiyyətlisi prezidentdən sonra Kamran
müəllimdir. Hazırda nəqliyyatın
hərəkətilə bağlı yaranmış problemin
tənzimlənməsi üçün
İçərişəhərdə
elektron-müşahidə sistemi yaradılıb. Bir
sözlə, şəhər hər tərəfdən Kamran
müəllimin nəzarətindədir. Giriş və
çıxış postları sutka ərzində polis
tərəfindən qorunur”.
Mer bizə təklif etdi ki,
İçərişəhərdə aparılan bərpa,
abadlıq işlərilə tanış olaq: “Sonra bizim
idarəyə də gəlin, sizə indiki dillə desək,
şok açıqlamalar verəcəm”, - dedi.
Rəssam
Əli Şəmsi: “İçərişəhər
canlı muzeydir”
Doğrudan da
küçə boyu aparılan bərpa işlərinin
şahidi olduq. Bu, qədim şəhərin heç olmasa
bundan sonra qorunmasına ümid yaradır.
İçərişəhər sakini, rəssam Əli
Şəmsinin də emalatxanasına baş çəkdik.
Rəssam bir vaxtlar məhv olmaq təhlükəsində qalan
İçərişəhərdə canlanma
yarandığını bildirdi:
“İçərişəhər canlı muzeydir. Buradakı
tarixi memarlıq abidələri, mən deyərdim ki, hətta
qədim Misir ehramlarından da qiymətlidir. Emalatxanamın
qarşısındakı bu yer vaxtilə rus
qvardiyasının at saxlancı olub. Bu meydançanın da
bərpa olunacağı bildirilir. İşıqlanma
sistemləri elə quraşdırılıb ki, İçərişəhərin
ecazkarlığı indi gecələr daha cəlbedici
görünür. Bəzi yerlərdə asfalt
örtüklər dəmirqaya daşları ilə əvəz
olunub. Görülən bu işlər mənim
ürəyimcədir”.
İçərişəhərdə
də məcburi köçkünlər yaşayır
Qala divarı
yaxınlığındakı oturacaqda əyləşmiş
qocaya yaxınlaşdıq. Dedi ki, Ağdam
köçkünüdür. Şahmalı Cəfərov
1993-cü ildən İçərişəhərdə
birotaqlı mənzilə sığındıqlarını
bildirdi: “Ailəmlə darısqal bir otaqda yaşayırıq.
Kommunal şəraitimiz yaxşı deyil, heç
mənzilimizin kanalizasiyası da yoxdur. Belə
şəraitdə yaşamaq çox çətindir, amma
İçərişəhərə elə
öyrəşmişəm ki, buradan başqa yerə yox,
birbaşa Ağdama köçmək istəyirəm”.
Turistləri
qədim naxışlar maraqlandırır
Əntiq
əşyalar satışı ilə məşğul olan
sahibkar Fuad kişinin mağazasına da baş çəkdik.
Dedi ki, İçərişəhərə gələn
qonaqlar əsasən qədim naxışlı əşyalarla
daha çox maraqlanır: “Əcnəbilər milli
ornamentlərə çox diqqət yetirirlər”.
Gəzintimiz zamanı qülləli bir tikintini lentə alan
xarici qonaqlara da rast gəldik. Moskvadan gəldiklərini
deyən turistlər Rusiya paytaxtında belə unikal
şəhər olmadığından
təəssüfləndiklərini bildirdilər.
Böyük Qala küçəsinə çıxanda
K.İmanovla və işçilərilə yenə də
rastlaşdıq. Kamran müəllim orada da görülən
işlər barədə məlumat verdi: “Prezidentin
tapşırığına əsasən
İçərişəhərdə aparılan qeyri-qanuni
tikinti işləri dayandırılıb. Asəf Zeynallı
küçəsində Qız Qalası ətrafında
memarlıq abidələri ilə uyuşmayan qanunsuz tikinti
sökülüb yerində türk çadırı
quraşdırılıb. Buxara və Multanı
karvansarayının ətrafında təmir-bərpa
işləri aparılıb, Etnoqrafiya və Arxeologiya Muzeyinin
bərbad vəziyyətdə olan fasadı bərpa olunub.
”Hacı Banu" tarix-memarlıq abidəsində
təmir-bərpa işləri aparılır və burada
“İçərişəhər” tarix muzeyinin
yaradılması nəzərdə tutulub. Bakı xanı
Hüseynqulu xanın evinin çox hissəsi çar
Rusiyası dövründə bu dağıdılmışdı.
Sovet dövründə rus üslubunda binanın üzəri
əhəngləndi. Binanı əvvəlki
görkəminə oxşatmaq üçün üzərindən
əhəngini təmizlətdim".
Mənzilində kanalizasiya sistemi olmayan məcburi
köçkünün şikayətini də K.İmanova
çatdırdıq. O bildirdi ki,
İçərişəhərdə kanalizasiya sistemi lap
qədimlərdən var, lakin köhnə olduğu
üçün tez-tez problemlər yaranır: “Bunu da aradan
qaldırmaq üçün işlər görülür.
Ötən il 30 şəxsi mənzil təmir edilib, bu il
isə 70-nin təmiri nəzərdə tutulub. Bəzi
yerlərdə köhnə qurğular yenilərilə
əvəzlənib və bu işlər davam etməkdədir.
Küçələrin təmizliyi üçün
xaricdən 3 xüsusi təyinatlı maşın, başqa
texnika və avadanlıq gətirilib. Şəhərin
yaşıllığı üçün yeni ağaclar
əkilib”.
Komitə sədri
İçərişəhəri beynəlxalq turizm
mərkəzinə çevirmək üçün
görülən işlərdən də danışdı:
“İçərişəhər bir tərəfdən
canlı şəhər kimi yaşamalı, digər
tərəfdən unikal mədəniyyət abidəsi kimi
qorunmalıdır. Odur ki, şəhərin həm
qədimliyi saxlanacaq, həm də müasirliyi. Burada
aparılan bərpa işlərilə yanaşı, müasir
infrastruktur da quraşdırılır. 85 tarixi memarlıq
abidəsinin ünvanlarını göstərən elektron
xəritə əcnəbiləri çox maraqlandırır.
Bakının qədim dövrünə aid kitablar da
hazırlanır”.
Qoruq rəsmisi bizi idarəyə dəvət edib oradakı
işlərlə də tanış etdi: “Gələn
qonaqları tanış etmək üçün
görüləcək işlər siyahısına turist
marşrutlarının müəyyən edilməsi,
tarix-memarlıq abidələrini əks etdirən
video-roliklər, kitabçalar, broşüralar, təqvim
və açıqcaların hazırlanması da daxildir.
İçərişəhərin gerbinin hazırlanması,
memarlıq abidələri ilə tanış olmaq
üçün sərgilərin təşkili
nəzərdə tutulub. Şəhərin keramika
üzərində və elektron formada xəritəsi də bu
məqsədə xidmət edir. Bütün dünyada olan
qədim tarixi abidələrdən nümunələr
İçərişəhərdə öz əksini tapacaq. Buranı bəşəri dəyərlər
mərkəzinə çevirmək niyyətindəyik.
İçərişəhəri Avropanın bir çox
qədim şəhərlərinə bənzədirlər,
gözəlliyinə və tikinti abidələrinə
görə, hətta İspaniyanın qədim paytaxtı olan
Toledaya oxşadırlar. Baxın,
İçərişəhər rəssam Mir Teymurun
rənglərində necə əks olunub”.
Qoruq
şəhərdə antik dövrə aid əşyalar
aşkarlanıb
İdarə
rəhbəri son vaxtlar İçərişəhərin
qədim tarixinin öyrənilməsi məqsədilə
aparılan arxeoloji qazıntılar zamanı
tapılmış mədəniyyət
nümunələrindən də danışdı: “YUNESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü və mütəxəssislərin
iştirakı ilə İçərişəhərin
ən mühüm sənədi olan ”Master-plan" hazırlanır.
Mehriban xanımın təşəbbüsü
və dəstəyilə
İçərişəhərdə iki aya yaxın arxeoloji
kəşfiyyat işləri aparıldı. Qazıntı
zamanı Bakının tarixini əks etdirən xeyli
maddi-mədəniyyət nümunələri aşkar olundu.
İlkin tədqiqat zamanı bu nümunələrin çox
böyük mənəvi dəyərə malik olduğu
aşkarlanıb. 8-10 metr dərinlikdən aşkar olunan bu
nümunələr içərisində eramızdan
əvvəl, antik dövrə aid olan əşyalar da tapılıb.
Bütün bunlar ölkəmizdə hələ min il
əvvəl zəngin mədəniyyət olduğunu sübut
edir. Qədim dövrə aid olan bu daş unitaza baxmaq
kifayətdir".
K.İmanov onu da vurğuladı ki,
görüləcək bu işlər beynəlxalq
təşkilatların - YUNESKO, İCOMOS və İCCROM-un
nümayəndələrinin diqqətindən yayınmayıb:
“İçərişəhərin ”Təhlükədə
olan Ümumdünya İrsi" siyahısından
çıxarılması məsələsinə də
baxılacaq".
“İçərişəhər”
qələmilə gördüklərinizi yazın”
Qeyd edək ki,
Azərbaycan memarlığının unikal nümunəsi olan
İçərişəhərdə doğrudan da,
müsbət dəyişiklər görünməkdədir.
Aparılan bərpa işləri cansıxıcı
mənzərələri sıxışdırmaq
üzrədir.
Söhbətimizin sonunda K.İmanov bizə
üzərində “İçərişəhər”
yazılan qələm bağışladı. Dedi ki,
bacarırsınızsa, bu qələmlə İçərişəhərdə
gördüklərinizi yazın. Şübhəsiz biz merin
tapşırığını yox, ədalət naminə
olanları yazmağa cəhd göstərdik.
Yeni Musavat.- 2008.- 5 mart.- S. 12.