Akif A.
“Azərbaycan turistlər
üçün təhlükəsiz ölkələr
siyahısındadır”
Mədəniyyət və Turizm
naziri gələn il ölkəyə turist axınının
gözlənildiyini söyləyir
“Dünyada iqlimin
dəyişməsi, siyasi böhranlar, "quş qripi"
kimi xəstəliklər, təbii fəlakətlər turizmin
inkişafına mənfi təsir göstərən
amillərdəndir. Amma buna baxmayaraq, turizmin inkişafında
artım davam edəcək". Bu fikirləri dünən YAP
qərargahında keçirilən mətbuat konfransında Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev səsləndirdi. O
əlavə etdi ki, Azərbaycana daha çox turistlərin
cəlb olunması ilə bağlı təbliğat
işləri davam etdirilir.
Nazir onu da vurğuladı
ki, 2009-cu ildə ölkəyə böyük turizm
axını gözlənilir ki, bu da həmin il qeyd olunan
beynəlxalq tədbirlərlə əlaqədardır. Ə.Qarayevin
dediyinə görə, Azərbaycanın turistlər
üçün ən təhlükəsiz ölkələr
siyahısında olması da bu amili gücləndirir.
Ölkədəki
mehmanxana və istirahət ocaqlarına gəlincə, nazir
açıqladı ki, Mədəniyyət və Turizm Nazirliyi
2007-ci ilin sonuna qədər yalnız 150 mehmanxanaya lisenziya
verib. Yanvarın əvvəlindən isə nazirliyin
müraciətinə əsasən yerli vergi orqanları
tərəfindən lisenziya almayan bütün
mehmanxanaların fəaliyyəti dayandırılıb. Odur ki,
hazırda yüzə qədər mehmanxananın qapısı
bağlıdir. Çünki onlar qanunlara riayət etməyiblər.
Bundan sonra nazirliyə müraciət edən mehmanxanalardan
yalnız 25-i lisenziya ala bilib. "Müraciətlərlə
bağlı proses davam edir. İlin axırında biz onları
xəbər etdik ki, tələssinlər, onlar
tələsmədilər. İndi də biz tələsmirik"
deyən nazir əlavə etdi ki, hər müraciətə bir
ay müddətində baxılır.
Nazir turistlərin statistikasını
da açıqladı. Ötən
il Azərbaycana
ümumilikdə 1 milyon
332 min nəfər gəlib.
Ancaq bu rəqəm onların hamısının
turist olması anlamına gəlməməlidir.
Ə.Qarayev hesablanma zamanı turistlərlə
bağlı göstəricilərin
gerçək rəqəmlərə
əsaslandığını deyib: "Biz ümumilikdə
sərhədi keçən
adamların sayından
Azərbaycanda işləyən
adamların birini ikiyə vuraraq çıxırıq. Çünki
bu adam
Azərbaycanda işləyirsə,
iki dəfə məzuniyyətə gedib qayıda bilər. Ümumi saydan burada oxuyan
tələbələrin sayını
da çıxırıq
və dördə vururuq. Çünki hər tələbə
semestrlə bağlı
dörd dəfə gedib-gələ bilər.
Bundan başqa, Azərbaycana İran, Rusiya, Gürcüstandan avtomobillə
gələn adamların
80 faizini bu siyahıdan çıxırıq.
Çünki bunlar turist deyillər. Amma dünyada bunlar
da turist sayılır".
Natiq əlavə
etdi ki, 2006-cı ildə ümumilikdə 1 milyon 193 min adam
gəlib ki, onlardan da yalnız
903 mini turist olub. Ötən il
gələn 1 milyon
332 min nəfərdən isə
1 milyon 10 mini turist sayıla bilər. Bu o deməkdir ki,
Azərbaycan turistlərin
sayında bir milyon həddini aşdı. Deməli,
Azərbaycana turist kimi gələn insanların sayı il ərzində 11,5 faiz civarında
artmaqdadır. Nazir deyir ki, bu
rəqəmlər nəzərə
alınarsa, gələn
il təxminən
əlavə 150-200 min nəfərin
ölkəyə turist
kimi gəlməsi planlaşdırılır.
Turizmlə bağlı layihələrdən
söhbət açan
Ə.Qarayevin bildirdiyinə
görə, bu sahədə böyük layihələrdən biri Qusar rayonunda gerçəkləşəcək. Şahdağın ətəyində yerləşən
ərazidə yeni qış-yay idman, turizm, sağlamlıq kompleksi inşa ediləcək. Avstriya mütəxəssıslərinin
tövsiyələri əsasında
inşa ediləcək
kompleksin tikintisinə
hazırlıq işləri
tamamlanıb. Hazırda nazirlikdə
bütün eskizlər
mövcuddur. Tədqiqatlar davam etdirilir. Bu ilin yayından artıq dərin qazıntı işlərinin
aparılması nəzərdə
tutulur:
"Kompleks
üçün tələb
olunan avadanlıqların
hansı dərinlikdə
olması dəqiqləşdirilməlidir. Çünki bu ərazi seysmik
zona hesab edilir. Ona görə çox
ciddi təhlillər və tədqiqatlar aparılmalıdır. Bu işə isə Avstriya mütəxəssislərini
cəlb etməyi nəzərdə tutmuşuq".
Layihənin mərhələlər üzrə
inkişaf proqramının
təsdiqləndiyini deyən
nazir əlavə edib ki, bu
yay ərazidə infrastrukturun qurulması ilə bağlı işlərə də başlanılacaq. Birinci mərhələdə nəzərdə tutulan iki qaldırıcı stansiya, üç lift, bir mehmanxana, yanğmsöndürmə xidməti,
xizək sürmək
üçün məktəb,
avadanlığın saxlanılması
üçün obyektin
tikintisi dövlət tərəfindən maliyyələşdiriləcək.
Nazir əlavə edib ki, ərazidə
infrastrukturun qurulmasr üçün dövlətin
üzərinə ciddi
işlər düşür:
"İki min metr hündürlüyə yaxın
sahədə yerləşən
ərazidə nə yaxşı su mənbəyi, nə işıq, nə də yol var. Ona görə də burada böyük işlərin
aparılması nəzərdə
tutulur və bunun üçün ölkə başçısı
tərəfindən müvafiq
göstərişlər də
verilib. Ölkəmizdə heç vaxt
belə böyük layihə həyata keçirilməyib".
Ə.Qarayev bildirib ki, gələn mövsümdə qarın
səviyyəsini dəqiq
ölçmək üçün
bu il
ərzində ciddi işlər aparılmalıdır:
"İnanırıq ki,
2009-2010-cu illərin qış
mövsümündə azərbaycanlı,
eləcə də xarici turistlər bu kompleksdən istifadə edə biləcəklər. Gözəl mənzərəsi
olan bu ərazidə
yay istirahəti üçün də əlverişli şərait
yaratmaq niyyətindəyik".
Çox bahalı olan bu layihəni mütəxəssislər təxminən
milyard yarım-iki milyard manat həcmində
dəyərləndirirlər. Amma bu vəsaitin
hamısını dövlət verməyəcək. Dövlətin üzərinə yalnız infrastruktur işləri düşür.
Qalan işlərin
icrası üçün
isə açıq tender elan ediləcək.
Mövcud olan layihə üzərində
sərmayədarlar öz
işlərini görə
bilərlər. Dövlətin
özəl layihələrə
sərmayə qoymaq niyyəti yoxdur. O yalnız infrastrukturu genişləndirməklə buraya
sərmayədarların cəlb
olunmasına lazımi
şərait yaradacaq.
Ayna.- 2008.- 15 mart.- S. 11.