Tofiq İbrahimov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı: “Turizm və kənd təsərrüfatı Qəbələnin vizit kartıdır”

 

Böyük Qafqazın sıx meşələrlə örtülmüş ətəkləri, alp çəmənlikləri, hündür şəlalələr, iti dağ çayları və termal bulaqlar, təmiz hava, zəngin flora və fauna, habelə yüzlərlə məbəd, qala və Azərbaycan mədəniyyətinin digər abidələri hələ çoxdan keçmiş sovet respublikalarından və hətta Şərqi Avropa dövlətlərindən turistləri Qəbələ rayonuna cəlb edirdi. Son 7-8 ildə özəl şirkətlərin səyləri sayəsində Qəbələdə əsl turizm bumu müşahidə olunur. Rayonda çoxlu mehmanxana və pansionat tikilir, təkcə Azərbaycan vətəndaşları üçün deyil, həm də MDB, Avropa, Amerika və Asiya ölkələrindən gələn qonaqlar üçün nəzərdə tutulmuş müvafiq infrastruktur yaradılır.

Hazırda rayonda çoxlu sayda kiçik ailə pansionatları və 18 iri turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərin ikisi ötən il istifadəyə verilmişdir. Rayon mərkəzində yerləşən "Qəbələ" mehmanxanası, "Düymə", "Ay işığı", "Qəbələ-Xanlar", "Soyuq bulaq", "Çənlibel", "Sahil", "Selbasar", "Yeddi gözəl" müasir istirahət zonalarının yalnız bir qismidir. Yaxın vaxtlarda çoxsaylı turistlər üçün nəzərdə tutulan iki yeni mehmanxana tikiləcək. Onlardan biri turizm-rekreasiya kompleksidir. Kompleksə 900 yerlik iki beşmərtəbəli mehmanxana, 20 kottec, bir neçə restoran və digər əyləncə obyektləri daxildir.

Böyük Qafqaz dağlarında çoxlu müxtəlif quşların olması ovçuları Qəbələyə cəlb edir, rayonda alpinizm də inkişaf edir. Buradakı dağ bazasının ştatda olan bələdçiləri 4000 metrlik zirvələrə, o cümlədən Bazardüzü (4466 m), Bazar-yurd (4126 m) və Tufanlıya (4206 m) qalxmağı təklif edirlər. Qəbələ rayonunun ərazisindən "Aleksandr Düma Qafqazda" beynəlxalq marşrutu da keçir. Bu marşrut 1858-ci ildə Qafqazda olmuş görkəmli fransız yazıçısının səyahət zamanı keçdiyi yolu dəqiqliyi ilə təkrarlayır. 2007-2009-cu illər üçün nəzərdə tutulmuş bu layihə Avropa Şurası və Azərbaycan, Gürcüstan, Rusiya və Fransanın turizm müəssisələri tərəfindən dəstəklənmişdir.

1930-cu ildə yaradılmış Qəbələ rayonu hazırda həm də intensiv inkişaf edən emal sənayesinə malik mühüm aqrar bölgədir. Məsələn, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının həyata keçirildiyi dörd il ərzində rayonda bir sıra aqrotexservis stansiyaları yaradılmış, iri heyvandarlıq, tütünçülük və ipəkçilik təsərrüfatları inkişaf etdirilir. Çuxurqəbələ kəndində alabalıq yetişdirilməsi zavodu əsaslı surətdə yenidən qurulur, quşçuluq fabriki bərpa edilir. Bir il əvvəl "Gilan Holdinq" şirkəti Cənubi Qafqazda ən iri konserv zavodunu işə salmışdır. Onun illik istehsal gücü 70 min ton meyvə-tərəvəz məhsuludur. Rayonda kərpic, asfalt, çınqıl və digər inşaat materialları istehsalı müəssisələri tikilmişdir. 2006-2007-ci illərdə burada daha bir iri konserv zavodu istifadəyə veriimişdir, hazırda şərab zavodu tikilir. "Qəbələ sənaye istehsalat" Səhmdar Cəmiyyətinin bazasında regionda iri fındıqtəmizləmə zavodu yaradılmışdır. Qəbələ fermentasiya zavodu artıq neçə illərdir emal olunmuş yerli tütün sortlarını Rusiyaya və MDB-nin digər ölkələrinə göndərir. Rayonun su ehtiyatlarından istifadə olunması ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanmışdır. Bu kəmər Azərbaycan paytaxtında çoxdan olan içməli su qıtlığı problemini həll edəcəkdir.

 

Azərbaycan.- 2008.- 1 mart.- S. 3.