Mirzəbəyli İ.

 

Palitrası Azərbaycan təbiəti rəngində olan bahar sənətkarı

 

O, heç zaman “mənim əsərlərim”, “mənim yaradıcılığım” ifadələrini dilinə gətirməmişdi
Milli rəngkarlıq sənətimizin görkəmli nümayəndələrindən biri, incəsənət tariximizə ilk plakatçı rəssam kimi daxil olmuş, əslində isə boyakarlığın demək olar ki, b
ütün sahələrində əsərlər yaratmış Hacıağa Nəzərlinin 85 yaşı tamam olur. Baharın ilk günlərində dünyaya gəlmiş (yubileyi axır çərşənbəyə təsadüf edir) bu yaradıcı insanın təbiəti də bahar kimi ilıq, həlim idi, əsərləri də yaz rəngindədir.
Bəlkə də bu yubiley münasibəti ilə yazı qələmə alan həmkarlarımdan hansısa “yaşasaydı, 85 yaşı tamam olacaqdı” — ifadəsini yenə də işlədəcək. Mən elə indidən həmin ifadəyə etiraz edirəm. Çünki Hacıağa müəllim öz dəyərli əsərlərində, mükəmməl bir sənətkarlıqla ərsəyə gəlmiş yaradıcılığında, özü haqqında qoyub getdiyi qiymətli xatirələrdə yaşayır. Min illərdən bəri insanlığın əldə etdiyi ən böyük nailiyyətlərdən biri də məhz sənət adamının fiziki ömrü başa çatandan sonra da yüz illər boyu yaşamasıdır. Fikrimizcə, bu bir səadətdir. Həmin səadət Hacıağa müəllimə də nəsib olub. Özü də yetərincə.
Hər birimiz ömrü boyu çox məktəblərdən dərs alırıq. Bu məktəblər ya həqiqi olur, ya da kiminsə örnəyə çevrilmiş həyatı bizə məktəb qədər təsir göstərir. Bu mənada sənətin və sənətkarın qiymətləndirilməsi zamanı biz mütləq Heydər Əliyev məktəbinə müraciət edirik. Ulu öndərimiz deyirdi ki, bizim üçün hər bir elm, incəsənət, mədəniyyət xadimimiz dəyərlidir: “Cəmiyyət həyatının başqa sahələrində kimsə öz həmkarının yerini tuta bilər, kimsə öz qiymətini bir az artıq, yaxud da az ala bilər. Sənətkarlıqda isə bu mümkün deyildir. Şair, yazıçı, bəstəkar, rəssam və digər sənət adamlarının hərəsinin öz yeri vardır. Onların heç biri başqasını əvəz edə bilməz”. Həqiqətən böyük örnəkdir və həqiqətən, Hacıağa müəllimin sənət dünyasında öz yeri, məqamı vardır.
Onun palitrası Azərbaycan təbiəti rəngində, Azərbaycan baharı rəngindədir. “Cəfər Cabbarlı və Mikayıl Müşfiq Xızıda” əsərini yaradanda sanki palitradakı rənglərdən deyil, özünün ata-baba yurdu olan Xızı dağlarının təbii rənglərindən istifadə edib. “Ağ şanı, qara şanı” əsəri Abşeron təbiətini elə əks etdirir ki, düşünürsən, bu doğmalıq ancaq və ancaq uşaqlıq illərinin yaddaşı əsasında təkrarlana bilər. Bu bizim qənaətimiz idi və düşünürdük ki, 1923-cü ildə Bakıda doğulub böyümüş Hacıağa müəllim (O, İkinci Dünya müharibəsi illəri istisna olmaqla 78 illik ömrünü Bakıda yaşamışdı) dünyaya Abşeronda göz açdığına görə bu diyarın rənglərini böyük ustalıqla yarada bilib. Sonra ustadın yaratdığı “İlisu yolları” əsərinə baxanda öz fikrimizdən daşındıq. Çünki Xızıdan və Abşerondan tamamilə fərqlənən İlisu təbiəti (Qax rayonu) Hacıağa müəllimin rənglərində elə “danışırdı”, elə “hekayət söyləyirdi” ki, qələm sahibinin “bu sənətkarın palitrası Azərbaycan təbiəti boydadır” yazmaqdan başqa çarəsi qalmır.
Xalq rəssamı Kamil Əliyevin ölkə mədəniyyətində və incəsənətində ən tələbkar bir sənət adamı kimi tanınması hamıya məlumdur. O, sönük, zəif, bayağı əsərləri bəyənmədiyi kimi, belə əsərləri yaradan sənətkarlar haqqında da heç zaman fikir söyləməyib. Ustadın fikrincə mükəmməl sənət əsəri yaratmaq üçün əvvəlcə sənətkarın özü kamil olmalıdır. Kamil müəllimin Hacıağa Nəzərli haqqında söylədikləri də sənət adamları tərəfindən çox böyük ehtiramla qarşılanıb: “Adətən rəssamların danışmaqla arası olmur. Onlar demək istədiklərini rənglərlə çatdırırlar. Hacıağanın da ürək sözləri əsərlərindədir. O, mübariz rəssam idi. Belələrini indi barmaqla saymaq olar”. SSRİ xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova isə Hacıağa müəllimin yaradıcılıq prosesini izləyəndə çox maraqlı bir ifadə işlətmişdi: “Elə bil ki, o, təkcə rənglərlə işləmir, həm də rənglər yaradırdı”.
Həmkarlarımızdan biri öz məqaləsində yazmışdı ki, Hacıağa Nəzərli dünyanın onlarla ölkəsində olduğuna görə bu qədər məhsuldar işləyə bilib, çoxlu əsərlər yaradıb. Mərhum xalq şairi Cabir Novruz həmin ifadənin düzəlişə ehtiyacı olduğunu söyləyərək demişdi: “Yox, əslində Hacıağa Nəzərli məhsuldar işlədiyinə, çoxlu və mükəmməl əsərlər yaratdığına və SSRİ kimi böyük dövlətin mədəni həyatında özünə layiq yer tutduğuna görə o qədər xarici ölkələrə yaradıcılıq ezamiyyətlərinə göndərilmişdi”.
Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə “əməkdar rəssam” fəxri adına layiq görülən Hacıağa müəllim ömrü boyu həmin adı yüksək tutdu, dövlətin etimadını yetərincə qiymətləndirdi. 55 il rəssamlıq sənətimizə yorulmadan xidmət göstərən ustad sənətkar həm də tanınmış ziyalı, hörmətlə qəbul edilən el ağsaqqalı idi. Rəssamın xanımı (gələn bahar onun da 85 yaşı tamam olacaq) Böyükxanım Nəzərovanın redaksiyamıza ünvanladığı məktubda qeyd edilir ki, Nəzərovlar ailəsi bu sənət adamının 55 illik yaradıcılığını yüksək səviyyədə qiymətləndirən hər kəsə — Rəssamlar İttifaqına, Mədəniyyət Nazirliyinə, ölkənin mədəniyyət ictimaiyyətinə və xüsusən, kütləvi informasiya vasitələrinə öz minnətdarlığını bildirir: “Biz əminik ki, qədrşünas xalqımız və hər kəsin layiq olduğu həqiqi qiyməti verən hökumətimiz Hacıağa Nəzərlinin xatirəsinin əbədiləşdirilməsi üçün də müvafiq tədbir görəcəkdir”.
Sonda bir daha qeyd edək ki, Hacıağa Nəzərlinin yaradıcılığı kimi insanlığı da ali səviyyədə idi. Bu təvazökar sənətkar heç zaman “mənim əsərlərim”, “mənim yaradıcılığım” ifadələrini işlətməmişdi: “Bunlar mənim işlərimdir, imkan olduqca işləmişik” — deməklə öz böyük yaradıcılığını kiçik görürdü. Bu isə sadəcə təvazökarlığın nəticəsi idi.

Xalq qəzeti.- 2008.- 18 mart.- S. 6.