İbrahim İsmayıl oğlu Zeynalov

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış heykəltəraşı, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İbrahim İsmayıl oğlu Zeynalov 2008-ci il martın 6-da ömrünün 74-cü ilində vəfat etmişdir.

İbrahim Zeynalov 1934-cü il dekabrın 27-də Bakı şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından sənətə olan böyük marağı onu natamam orta məktəbi bitirdikdən sonra 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarmışdır. 1956-cı ildə məktəbin heykəltəraşlıq şöbəsini qurtaran İbrahim Zeynalov elə həmin ildən təhsilini Xarkov Rəssamlıq institutunda davam etdirmişdir. O, 1962-ci ildə institutun heykəltəraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıtmış və bütün ömrünü heykəltəraşlıq sənətinə həsr etmişdir.

1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olan İbrahim Zeynalov özünün sənətkarlıq fəaliyyətini pedaqoji işlə uğurla əlaqələndirmiş, 1971-1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olmuşdur.

Harada işləməsindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, İbrahim Zeynalov milli mədəni irsin təbliği, tədrisi və qorunmasında qüvvə və bacarığını əsirgəməmiş, özünün zəngin bilik və təcrübəsini gənc sənətkarlar nəslinin yetişdirilməsi işinə sərf etmişdir.

Azərbaycanda milli heykəltəraşlıq məktəbinin inkişaf etdirilməsində İbrahim Zeynalovun böyük xidmətləri olmuşdur. Onun monumental heykəl, büst-portret və digər heykəltəraşlıq janrlarında yaratdığı gözəl sənət əsərləri ölkəmizin zəngin ənənələrə malik heykəltəraşlıq mədəniyyətinin parlaq səhifələrindəndir.

İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk etmişdir. Yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bu əsərlər Azərbaycan heykəltəraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Respublikamızın müxtəlif guşələrini bəzəyən həmin abidələr artıq şəhər və rayonlarımızın görkəminin ayrılmaz hissəsi olmuşdur.

İbrahim Zeynalovun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1972-ci ildə SSRİ Dövlət mükafatı, 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1975-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1988-ci ildə isə xalq rəssamı adına layiq görülmüşdür.

Tanınmış heykəltəraş, gözəl pedaqoq, səmimi və qayğıkeş insan İbrahim İsmayıl oğlu Zeynalovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Fərhad Xəlilov, Tahir Salahov, Ömər Eldarov, Tokay Məmmədov, Fazil Nəcəfov, Fuad Salayev, Xanlar Əhmədov, Natiq Əliyev, Akif Əsgərov, Arif Qazıyev.

 

 Mərhumun cənazəsi vidalaşmaq üçün 2008-ci il martın 7-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) qoyulacaqdır.

 

Azərbaycan.- 2008.- 7 mart.- S. 4.