Əmirov P.

 

Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu

 

Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu 2005-ci il yanvar ayının 31-dən rəsmi fəaliyyətə başlamışdır. İlk gündən fond milli-mədəni irsimizin, ənənəmizin tarixi dəyərlərimizin tədqiqi, araşdırılması, təbliği, intişar etdirilməsi, xeyriyyəçilik tədbirlərinin təşkili ilə məşğul olur.

Ümummilli əhəmiyyəti olan, xalq, vətən qarşısında vətəndaşlıq borcu sayılan işlər fondun üzvləri tərəfindən uğurla yerinə yetirilir. Milli-mənəvi dəyərlərin araşdırılması, təbliği, istedadlı gənclərin aşkara çıxarılması inkişafına qayğı, Azərbaycanın xarici ölkələrdə tanınması, təhsil, səhiyyə, mədəniyyət, sosial sahədə xeyriyyə tədbirlərinin həyata keçirilməsi, imkansız ailələrə yaşı ötmüş ziyalılara, qaçqın məcburi köçkünlərə, əlil veteranlara mənəvi maddi yardım, xarici ölkələrdə milli irsi, mədəniyyəti, tarixi əks etdirən sərgilərin, elmi konfransların təşkil edilməsi istiqamətində müəyyən işlər görülmüşdür.

Fond milli irsimizin zəngin mənəvi dəyərlərimizin qorunmasına, inkişaf etdirilməsinə yardım edir. Milli irsimizin zəngin dəyərlərindən biri xalqımızın şüurunda silinməz izlər buraxan "Füyuzat" jurnalıdır. Adıçəkilən jurnalın 1906-1907-ci illərdə Əli bəy Hüseynzadənin mühərrirliyi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 32 nömrəsi işıq üzü görmüş sonradan nəşri dayandırılmışdır. Fondumuz bu böyük məktəb olan ədəbi, fənni, siyasi, ictimai, müsəvvər "Füyuzat" məcmuəsini 2005-ci ildə yenidən təsis etmiş və nəşrə başlamışdır. Hazırda jurnalda milli-mənəvi dəyərlər, tarix, mədəniyyət, vətənpərvərlik və s. mövzular öz əksini tapmaqdadır. 2007-ci ildə nəşrini davam etdirən jurnalın 7 nömrəsi oxucuların ixtiyarına verilmişdir.

Mövlana Cəlaləddin Ruminin 800 illiyi münasibətilə YUNESKO tərəfindən 2007-ci ilin "Mövlana ili" elan olunması ilə əlaqədar fondun layihəsi əsasında fond öz nəzdindəki tərcümə mərkəzinin səyi ilə "Eşq pərvanəsi" adlı bir kitab da nəşr etdirmişdir. Kitabda Mövlana Cəlaləddin Ruminin həyat və yaradıcılığı, hikmətli kəlamları öz əksini tapmışdır.

Fondun əsas məqsədlərindən biri xeyriyyəçiliklə bağlı proqramlar həyata keçirməkdir. Fond bu proqrama əsasən bir neçə aztəminatlı ailəyə birdəfəlik yardım göstərmiş bir aztəminatlı ailəni isə öz himayəsinə götürmüşdür.

Fondumuz yuxarıda göstərilən işlərlə yanaşı, 2007-ci ildə maarifləndirmə məsələlərinə ciddi əhəmiyyət vermişdir. Xalqımıza xidmət yolunda əvəzsiz fəaliyyətləri ilə ölkəmizdə həm dünyada tanınmış böyük şəxsiyyətlərimizin bəzilərinin həyat yaradıcılıqlarının daha dərindən tanınması məqsədilə iclaslar seminarlar keçirmişdir. Bununla yanaşı, proqrama respublikamızın bayram günləri, hüzn günləri işğal olunmuş ərazilərimizin hər birinin anım mərasimləri daxil edilmişdir.

 

Respublika.- 2008.- 30 mart.- S. 7.