Maral Yusif qızı Rəhmanzadə

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Maral Yusif qızı Rəhmanzadə 2008-ci il martın 16-da ömrünün 92-ci ilində vəfat etmişdir.

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuş, 1934-1940-cı illərdə Sucikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirmişdir.

Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkarlarımızdandır. O, təsviri sənətimizin zəngin ənənələrini davam etdirməklə yetmiş ildən artıq bir dövr ərzində səmərəli fəaliyyət göstərmiş, mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr vermişdir. Mahir fırça ustasının müxtəlif mövzularda əsərləri mədəniyyətimiz tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olmuşdur.

Maral Rəhmanzadə qrafika sahəsində xüsusilə məhsuldar çalışmışdır. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilmişdir. Rəssamın Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və güclü səmimiyyəti ilə seçilərək müəllifinə rəğbət qazandırmışdır. Doğma yurdun təbii gözəlliklərini sevməyə və qorumağa çağıran həmin əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır.

Maral Rəhmanzadə kitab qrafikası sahəsində diqqətəlayiq fəaliyyət göstərmişdir. Onun xüsusən klassiklərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar oxucuya əsərlərin məzmunu və qayəsinin obrazlı çatdırılmasında əhəmiyyətli vasitə olmuşdur. Rəssamın portret janrında yüksək sənətkarlıq nümunəsi sayılan əsərləri isə son dərəcə özünəməxsusluğu və nikbin ruhu ilə səciyyələnir.

Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan diliylə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biri idi. Sənətkarın ümumən zəhmət adamlarının, o cümlədən dəniz neftçilərinin rəşadətli əməyindən bəhs edən tabloları mövzu genişliyi, palitra əlvanlığı və məzmun dolğunluğu ilə seçilir.

Maral Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkmiş, silsilə qravüralar yaratmışdır. Bununla yanaşı, rəssamın əl işləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın digər şəhərlərinin tanınmış muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilməklə Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirmişdir. Onun xarici ölkələrdə dəfələrlə təşkil olunmüş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət etmişdir.

Maral Rəhmanzadənin geniş diapazonlu yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilmişdir. O, milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medalla təltif edilmiş, müstəqil respublikamızın ali mükafatlarından olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Görkəmli rəssam və səmimi insan Maral Yusif qızı Rəhmanzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Mahmud Kərimov, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Hicran Hüseynova, Fərhad Xəlilov, Tahir Salahov, Ömər Eldarov, Oqtay Sadıqzadə, Nadir Əbdürrəhmanov, Altay Hacıyev, Rafiq Mehdiyev, Kamil Nəcəfzadə, Oqtay Şıxəliyev

 

Azərbaycan.- 2008.- 18 mart.- S. 5.