Martın 17-də
ölkəmizin ictimaiyyəti Azərbaycan təsviri
sənətinin görkəmli nümayəndəsi, xalq
rəssamı, Dövlət mükafatı laureatı,
Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü Maral Yusif qızı
Rəhmanzadəni son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının matəmsayağı bəzədilmiş
səhnəsində postament
üzərinə qoyulmuşdu.
Postamentin qarşısına mərhumun təltif olunduğu orden və medallar, habelə dövlət və hökumət təşkilatları, müxtəlif
kollektivlər adından
əklillər düzülmüşdü.
Xalq rəssamı Maral Rəhmanzadənin həmkarları, tanınmış
mədəniyyət və
incəsənət, elm
xadimləri, mərhumun sənətinin pərəstişkarları Mahnı
Teatrının binasına
gəlir, görkəmli
sənətkara və
gözəl insana son borclarını verirdilər.
Salonda həzin matəm musiqisi səslənirdi. Mədəniyyət
xadimləri, eləcə
də sənətsevərlər
cənazənin yanında
fəxri qarovulda dayanırdılar.
Matəm
mitinqini mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev açaraq, mərhumun həyat və yaradıcılığından
danışdı. O bildirdi
ki, 1933-cü ildə Azərbaycan Rəssamlıq
Texnikumunu, 1940-cı ildə isə Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirən Maral Rəhmanzadə bütün ömrünü
Azərbaycanda təsviri sənətin qədim, zəngin ənənələrinin qorunub
saxlanılmasına və
inkişafına həsr
etmişdir. Professional
rəssamlıq təhsili
almış ilk azərbaycanlı qadın
olan Maral Rəhmanzadənin əsərləri
Azərbaycanın milli
sərvəti kimi incəsənətimizin qızıl
fonduna həmişəlik
daxil olmuşdur. Geniş diapazonlu yaradıcılığı
ilə seçilən
görkəmli fırça
ustasının “Qadınlar
müharibə illərində”,
“Azərbaycan qadını
keçmişdə və
indi” əsərləri,
“Bizim Xəzərdə”,
“Mənim bacılarım”
və sair qrafika işləri təsviri sənətimizin
gözəl nümunələrindən hesab
olunur.
Matəm
mərasimində çıxış
edən xalq rəssamları, Rəssamlar
İttifaqının sədri
Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru
Ömər Eldarov, Rafiq Mehdiyev bildirdilər ki, M.Rəhmanzadənin əsərləri
xarici ölkələrdə
Azərbaycan rəssamlıq
sənətini layiqincə
təmsil edir. Onun əsərləri hazırda dünyanın bir çox ölkələrində muzeylərdə,
şəxsi kolleksiyalarda
saxlanılır. Şri-Lanka
və Kubada fərdi yaradıcılıq
sərgiləri nümayiş
etdirilmişdir.
Rəssamın zəngin
daxili mədəniyyət
sahibi olduğunu vurğulayan natiqlər onun kitab qrafikası
sahəsində də
geniş və səmərəli fəaliyyət
göstərdiyini bildirdilər.
M.Rəhmanzadənin Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanına, Məhəmməd
Füzulinin “Qəzəllər”inə və Nizami Gəncəvinin “Leyli və Məcnun”
poemasına çəkdiyi
illüstrasiyalar kitab qrafikasının gözəl
nümunələridir.
Öz əsərlərində
ölkəmizin füsunkar
təbiətinin gözəlliklərini
tərənnüm edən
rəssamın yaradıcılığı,
təsviri sənətimizin
inkişafındakı xidmətləri
həmişə yüksək
qiymətləndirilmiş, o,
fəxri adlara, Dövlət mükafatına,
müstəqil dövlətimizin
“Şöhrət” ordeninə layiq görülmüşdür.
Mərhumun qohumu Ceyran Mahmudova M.Rəhmanzadənin
xatirəsinə göstərilən
ehtirama, yaradıcılığına
verilən yüksək
qiymətə görə
Azərbaycan dövlətinə
və mərasim iştirakçılarına ailəsi
adından dərin minnətdarlığını bildirdi.
* * *
Vəsiyyəti nəzərə alınaraq, xalq rəssamı
Maral Rəhmanzadənin cənazəsi Mərdəkan
qəsəbəsinə gətirildi. Burada mərhumun
ruhuna dua oxundu. İşıqlı
xatirəsi sənətsevərlərin
qəlbində əbədi
yaşayacaq görkəmli
fırça ustası
Maral Yusif qızı Rəhmanzadənin
cənazəsi doğma
torpağa tapşırıldı.
Məzarın üzərinə
əklillər, gül
dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Xalq qəzeti.- 2008.- 18 mart.- S. 3.