Qaliboğlu E.
"Azərbaycan
xalçasının dünyada analoqu yoxdur"
Aydın Rəcəbov:
"Dünyanın müxtəlif ölkələrindəki
Azərbaycan xalçalarının dəqiq
kataloqlaşdırılması zəruridir"
Xalçaçılıq insanın nağıllaşan
dünyasıdır. Qədimlərdən bəridir ki, bu
sənət xalqımızın böyük ruhunun ifadəsi
kimi yaşayır. Bu gün dünyada
müasirləşmə, qloballaşma əhvalı çox
artır. Belə əhvallar istər-istəməz xalqların
qədimdən yol gələn yaradıcılıq
imkanlarının qarşısına dolayısı yolla
sipər çəkir. Xalçaçılıq
özündə müxtəlif yönlü xəlqi
keyfiyyət cəhətlərini birləşdirən
sənətdir.
Hazırda Aərbaycanda xalçaçılığın
elmi əsaslarla inkişafı bu sahədə yeni bir
mərhələnin başlandığından xəbər
verir. Bu sahədə tanınmış xalçaçı
rəssamlardan biri olan əməkdar rəssam Aydın
Rəcəbov 1944-cü ildə anadan olub. Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbini bitirib. Ardınca da
Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil
olub, ikinci kursdan İncəsənət İnstitutunun
xalça kafedrasında təhsilin davam etdirib. Ötən
illərdə dəfələrlə respublika, ümumitifaq
və beynəlxalq sərgilərin iştirakçısı
olub. Onun ustadı məşhur xalçaçı rəssam
Lətif Kərimov olub. O, ustadını belə
xatırlayır: "Lətif Kərimovun
özünəməxsusluqları çox idi. Hər
şeydən əvvəl o, istedadlı bir rəssam idi,
özü də toxumağı bacarırdı. O, Azərbaycanın
bütün bölgələrində toxunan xalçaları
araşdırıb, bunları kataloqlaşdırıb.
Məsələn, Quba xalçaçılığında
Pirəbədil, Quba xalçası, Qırız və
başqa xalça tipləri var. Onun
yaradıcılığı Azərbaycan xalça
sənətini məktəb səviyyəsində
öyrənməyə imkan verir. Lətif müəllim bu
sənətlə bağlı təsəvvürlərə,
qənaətlərə elmi bir əsas gətirdi,
hamısını ümumiləşdirdi və
zənginləşdirdi".
Xalçaçılıqda dünyanın, həyatın,
təbiətin, insanın mahiyyəti son dərəcə
gözəl, nağılvari bir dillə ifadəsini tapır,
rəmzilik gerçəklikdən dəfələrlə
üstün, yaşarı səviyyədə
xalçaçılıqda yaşayır. Bu, onu
göstərir ki, ulu babalarımız o zaman həyat
haqqında olduqca bitkin, mənalı düşünməyi,
üstəlik də onu gözəl ifadə etməyi
bacarıb. Azərbaycan Türk
xalçaçılığının
günümüzdə daha yetkin, gözəl yaşamasının
bir əsas səbəbi bu sənətin ruhumuzun ifadəsi
olmasındadır:
"Xalçaçılıq qədim sənətdir. Bu
təsvirlərdə müxtəlif rəmzlərlə
rastlaşırıq. Buta, budaq, gül, damğalar və s.
hamısı dil açıb danışır. Azərbaycan
xalçasının dünyada analoqu yoxdur. Buna kifayət
qədər sübutlarımız var. Ermənilər nə
qədər çığır-bağır salsalar da,
yalandan dünyanın müxtəlif ölkələrində
xalça sərgiləri təşkil etsələr də,
iddialarının heç bir əsası yoxdur. Erməninin
xalçaçılıq sənəti yoxdur, bu,
əslində ruh məsələsidir, zorla nə isə
qondarmaq olmaz.
Dünya da bunu gözəl bilir, amma boynuna almır. Dünya
muzeylərində Azərbaycan xalçaları əsasən
"İran" və "Qafqaz xalçası"
adıyla təqdim olunur. "Qafqaz xalçası"
adıyla təqdim edilən xalçaların
əksəriyyəti Azərbaycan xalçalarıdır, biz türklərindir.
Hər halda həmin muzeylərdə artıq bu adla qeydiyyata
düşüb, təəssüf ki, biz mübarizəmizi
ardıcıl apara bilmirik. Özümüzə bəraət
qazandırmaq üçün sübutlar da axtarırıq.
Əslində bizə sübut lazım deyil. Bu gün internetdə yayımlanan xalçalar arasından milli xalçalarımızı seçmək,
habelə dövlət
xəttilə müxtəlif
muzeyləri gəzib onların rəsmlərini
çəkmək, araşdırmalar
aparmaq, kataloqlaşdırmaq
gərəkdir ki, Azərbaycan xalçaları
bunlardır. Sadəcə,
buna səy göstərməliyik. Erməninin
Lətif Kərimov kimi xalçaçı rəssamı yoxdur. Xalçaçılıq başdan-ayağa
fəlsəfədir: erməni
xalçaçılıqda bircə ornament göstərsin ki, bu, məhz onundur.
Xalça kodlaşdırılmış
sistemdir. Azərbaycan Türk xalçaçılığındakı
koloritlərin hamısı
özümüzünküdür. Xalçaçılıqda elmi
araşdırmaların dərinliyinə
getdikcə adam böyük sirlərlə
üz-üzə qalır. Hər halda bu sahədə
araşdırmalar bundan
sonra da davam edəcək, türk xalça sənətinin özünəməxsusluğu,
sirləri ilə bağlı yeni-yeni məqamlar meydana çıxacaq. Məncə,
bu sahədə bir kordinasiya şurası yaradılmalıdır.
Bəlkə də dünyanın müxtəlif
ölkələrindəki xalçalarımız haradasa
fondlarda saxlanılır, onlar üzə
çıxarılmır. Bu gün Xalça Muzeyində 18-ci
əsrdən bəri xalçalarımız saxlanılır.
Dünyanın müxtəlif ölkələrindən
gələn turistlər başqa muzeylərlə müqayisədə
Xalça muzeyinə daha çox gəlirlər. Azərbaycan
xalçası muğamatımız səviyyəsində
mənəvi gerbimizdir. Azərbaycan xalçasına dünyanın
marağı gündən-günə artır. Bu sənət
bizə ulu əcdadlarımızdan yadigar sənətdir, bu
səbəbdən də onu göz bəbəyimiz kimi qorumalıyıq".
Aydın Rəcəbov bu gün Azərbaycan xalçaları
sırasında son onillərdə yaradılmış
xalçaların da sərgilənməsini gərəkli
sayır: "Muzeylərimizdə Lətif Kərimovun, Kamil
Əliyevin xalçalarının qorunması, nümayiş
etdirilməsi son dərəcə əhəmiyyətlidir. Amma bu
sırada yeni-yeni nümunələr də olmalıdır.
Millət daim yaradanda var olur. Dünyanın müxtəlif
ölkələrində Azərbaycanın xalça
sənətini dəfələrlə təmsil etmişəm.
Azərbaycanın barmaqla sayılası sayda da olsa
xalçaçı rəsamları var. Amma bu gün
Azərbaycanın müasir xalçaçı
rəssamlarının əsərlərinin orada
sərgilənməməsi təəccüb doğurur. 2005-ci
ildə öz xalçalarımdan ibarət sərgimi
keçirmişəm, kataloqumu buraxmışam. Bir
xalçanın araya-əsəyə gəlməsi
böyük vaxt aparır. Bu əsərləri muzey
məndən almalıdır ki, xalqımızın sabahı
üçün qalsın.
O deməkdir ki, bu gün Azərbaycanda
xalçaçılıq məktəbi davam edir. İndi
Azərbaycanda hamı xovlu toxuyur, mən isə xovsuz toxuyuram.
Bəs sumağı və başqaları necə olsun?
Qədimliyimizdən gələn bütün
yaradıcılıq üsullarını inkişaf etdirməliyik.
Sabah hər hansı bir millət bunları toxuyub deyə
bilər ki, mənimdir. Bu gün artıq belə
nümunələrimiz itib-batır. Bu sənətin
daşıyıcları ucqar kəndlərdə
yaşayırlar, çoxu yaşlıdır. Onların
ağlındakı, ürəyindəki sənət
yaşadılmalıdır. Cavan
xalçaçılarımız
xalçaçılığın bütün
texnologiyasını bilməlidirər. Müasir
xalçaçılıqda savad amili də
əsasdır".
A.Rəcəbov ötən yüziln sonlarında
Azərbaycanın xüsusilə qədimi
xalçalarının xaricə daşınmasından
təəssüflənir: "Hər bir kəs qədimliyimizdən
soraq olan bu xalçaları qorumalıdır.
İstəyərdim ki, Azərbaycanda
xalçaçılıq sənəti İran və
Türkmənistanda olduğu kimi inkişaf etdirilsin. Bu
ölkələr xalçaçılıq sahəsində
işlərini elə qurublar ki, məsələn,
Türkiyədə bu ölkələrin xalçaları
toxunur və satılır. 3 il qabaq bizdə "Xalça
haqqında qanun" çıxdı, amma fikrimcə, qanunda
müəyyən anlaşılmazlıqlar var.
Xalçamızın müəyyən qayda əsasında
dünyanın müxtəlif ölkələrində
nümayişini istəyirəm. Çünki xalça
sənəti bizi dünyaya tanıtdırır. Tarixi
əhəmiyyətli xalçalar indi də əllərdə
var. İndi dövlət səviyyəsində komissiya var,
belə xalçalar ölkədən kənara
çıxarılmır. Amma qabaqlar aparılanlar getdi.
Son illərə kimi Şəkidə ipək xalça
toxuyurdular. Artıq bu cür xalçalar orada toxunmur,
çünki məhsul xarici bazara çıxa bilmir.
Gərək istehsal olunan məhsulun bazarı olsun".
Xalçaçı-rəssam növbəti sərgiyə
hazırlaşır: "Gələn il də sərgi
keçirmək istəyirəm. Hələ başqa
xalçaçı-rəssam görmürəm ki, xalça
sərgisinə hazırlaşsın. Bu işləri
gerçəkləşdirmək üçün vəsait
lazımdır, bizim problemimiz bu sarıdandır.
Tələbə yetişdirmək istəyirəm, bundan
ötrü də vəsait gərəkdir ki, geniş emalatxana
açasan, sənətinin sirlərini
öyrədəsən. Azərbaycanı, millətimi
ürəkdən sevirəm. Azərbaycan üçün
özümdən sonra bu sənətlə nəsə qoyub
getmək istəyirəm".
Xalçaçı-rəssam bu sənətin Güney
Azərbaycanda milli ənənələrə uyğun
yaşadıldığını bildirir: "Bu yaxında
Güney Azərbaycandan xalçaçılıqla məşğul
olan soydaşlarımız gəlmişdilər. Onlar daim bu
sahədə təkmilləşirlər, yeni-yeni uğurlar
əldə edirlər. Məsələn, onlar hazırda ikiüzlü
xovlu xalça toxuyurlar".
Qədimlərdən bəri xalçadakı
çoxçalarlı rəngləri təbiətdən
alıblar. Bu gün də ənənə davam edir, ancaq
əvvəlki kimi yaşarı səviyyədə deyil.
Aydın Rəcəbov yenə də xalça
rənglərinin zəngin Azərbaycan təbiətindən
alınmasını gərəkli sayır.
Xalq cəbhəsi.- 2008.- 15 mart.- S. 14.