Seyidov T.

 

"Daşkəsəmən" xalçası Azərbaycana məxsusdur

 

Bu fakt Kiyev şəhərində ermənilərə sübut edilib

 

Bu günlərdə Ukrayna paytaxtı Kiyev şəhərində "Azərbaycan odlar və xalcalar diyarı" adlı sərgi nümayiş etdirilib. Burada eyni zamanda "Muzeylərdə Şərq ölkələrinin incəsənət abidələrinin öyrənilməsi, bərpası və təqdimatı" adlı beynəlxalq elmi konfrans da kecirilib. Konfrans və sərgi barədə ətraflı məlumat almaq ücün Azərbaycan Xalça Muzeyinin kütləvi işlər şöbəsinin müdiri Mehriban Qurbanova bizə asasıdakıları söylədi:

- Ukraynanın Kiyev şəhərində təşkil olunan sərgidə XVIII-XX əsrlərə aid Azərbaycan xalçaları nümayiş olunub. "Qaraqaşlı", "Qaçağan", "Sumax" kimi Azərbaycanın tanınmış xovlu və xovsuz xalçaları tamaşaçılarda xoş təəssürat yaratdı. Qarabağın XVIII əsrə aid "Şəddə" xalçası çox böyük unikallığı ilə seçildi. Bu xalçaların hər bir ilməsi, hər bir elementi, hər bir rəngi böyük məna daşıyır. Azərbaycan xalçaları minilliklər boyunca məişətimizin ayrılmaz hissəsi, Azərbaycan mədəniyyətinin bədii həyatı, fəlsəfı ifadəsi, özünəməxsus yetkin xronikası, onun canlı həyat tarixi olmuşdur. Bu gün Azərbaycan xalçaları ölkəmizdən başqa dünyanın müxtəlif muzeylərində - London, Viktoriya, Albert, Fransada Luvr, Milanda Poldi Petsolli, Nyu-Yorkun Metropoliten muzeyində və çoxsaylı şəxsi kolleksiyalarda saxlanılır. Keçirilmiş beynəlxalq elmi konfransda çox maraqlı və əhəmiyyətli çıxışlar oldu. Azərbaycan Respublikasının Ukraynadakı səfıri Tələt Əliyev, Rusiyanın Ermitaj muzeyinin xalça kolleksiyasının mühafızəçisi, xarici ölkələrin mütəxəssisləri çıxış etmişlər. Xüsusən də Polşadan Krakov Milli Muzeyinin tekstil və geyim kolleksiyasının müdiri Veata Viedronska-Slota öz məruzəsini Azərbaycan xalçalarına həsr etmişdi. Lətif  Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva "Azərbaycanın xovsuz xalçalarının təsnifatına dair" adlı məruzə ilə çıxış etmişdir. Bu tədbirin vacib amillərindən biri də erməni xalçası kimi təqdim edilən Qazağın "Daşkəsəmən" xalçasının məhz Azərbaycana məxsus olduğu isbatlanmışdır. İlk dəfə olaraq xalçalarımız beynəlxalq sərgidə Azərbaycana məxsus ad ilə təqdim olunub. Sərgi yüksək səviyyədə təşkil olunmuşdur - afişa və kataloq nəfıs şəkildə nəşr edilmişdir. Sərgidə Ukraynanın geniş ictimaiyyəti, yüksək rütbəli şəxsləri, eləcə də xarici ölkələrdən mütəxəssislər iştirak etmiş, sərgi Ukraynanın və Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılmışdır.

Azərbaycanın nadir istedadları zəngin folkloru və saysız-hesabsız sərvətləri tükənməzdir. Azərbaycan xalçaçılarının və mədəniyyət işçilərinin vəzifə borcu odur ki, Azərbaycan və onun milli dəyərlərini dünyaya tanıtmaq və inkişaf etdirməkdir. İnanırıq ki, bu kimi vəzifələri xalqımızın layiqli övladları 2008-ci ildə də davam etdirəcəklər.

 

Azad Azərbaycan.- 2008.- 2 mart.- S. 5.