Akifqızı Ş.

 

ABŞ-ın Corc Vaşinqton Universitetində

 

"Xocalı: unudulmamalı faciə"

adlı fotosərgi keçirilmişdir

 

Bir şəkil min sözə dəyər. Bu zərbi-məsələ inananlar çoxdur. Xüsusilə , hadisələrə soyuqqanlı skeptisizmlə yanaşan Amerika da.

Lakin nüfuzlu Corc Vaşinqton Universitetində açılmış "Xocalı: unudulmamalı faciə" adlı fotosərgiyə tamaşa edənlər 16 il əvvəl ermənilərin Azərbaycan şəhərində törətdikləri qırğından dəhşətə gəldiklərini söyləyirdilər. Universitetin Türk Tələbə Assosiasiyasının təşkil etdiyi 3 günlük sərgidə Heydər Əliyev Fondu tərəfindən hazırlanan fotoekspozisiya ilə yanaşı, dünya mətbuatının Xocalı qətliamı haqda yazdıqlarını, soyqırım qurbanlarının ağrılı xatirələrini şərhsiz əks etdirən kitabçalar təqdim olunmuş, azərbaycanlı məktəblilərin Xocalı faciəsi mövzusunda çəkdikləri rəsm əsərləri, videofilm nümayiş etdirilmişdr.

Tələbə Assosiasiyasının vitse-prezidenti Əsra Aləmdar videofilmə baxandan sonra göz yaşlarını gizlədə bilmirdi: "Qətlə yetirilən o günahsız qadınları, uşaqları görəndə insanın içinin sızıldamaması mümkün deyildir. Vətənimiz Azərbaycanın, millətimizin yaşadığı ağrını biz yaşayırıq".

Əsra Aləmdarın bildirdiyinə görə, Corc Vaşinqton Universitetində təşkil edilən fotosərgi amerikalıların böyük marağına səbəb olmuşdur. Təkcə birinci gün sərgiyə 200-ə yaxın adam baxmışdır.

Sərginin sonuncu günü Montana Universitetinin professoru, tanınmış jurnalist Tomas Qolts məruzə etmişdir. Cənab Qolts demişdir: "Adətən, fevralda mən müxtəlif ölkələrdə bu mövzuda çıxış edirəm. Bunun da səbəbi var. Xocalı qırğınının qanlı nəticələrini gözləri ilə görən azsaylı xaricilərdən biri kimi, bu haqda danışmağı özümə borc bilirəm". Jurnalist Xocalı qırğınından bir gün sonra Bakıda aldığı həyəcanlı xəbərlərə sübut axtarmaq üçün Ağdama gedib. Gördüklərini bütün çılpaqlığı ilə "Vaşinqton Post" qəzetindəki redaktorlarına göndərəndə materialın işıq üzü görməsi üçün xeyli çalışıb. Erməni mənbələrinə inanmağa adət edən ABŞ mediası onun məqalələrinə yer vermək istəmirdi. Tomas Qoltsun dediyinə görə, Xocalı haqda danışdığı üçün o, dəfələrlə ermənilərin qəzəbli çıxışlarının hədəfı olub.

Tədbirdə daha sonra Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış etmişdir. O demişdir ki, bu il Xocalı faciəsi qurbanlarının xatirəsi Nyu-Yorkda, Los-Ancelesdə, Hyustonda ABŞ-ın digər böyük şəhərlərində anılır, erməni təcavüzünün qəddar siması haqda ölkənin ən yüksək tribunalarından danışılır. Bildiyiniz kimi ABŞ Konqresinin iki üzvü faciə ilə bağlı bəyanat vermişdir. Çoxsaylı erməni əhalisi olan Kaliforniyanı təmsil edən daha bir Konqres üzvü qısa bəyanatla çıxış edərək Xocalı faciəsini tanımışdır.

 

Xalq qəzeti.- 2008.- 1 mart.- S. 4.